Ağdərə
rayonu üzrə mədəniyyət abidələri və
müəssisələrin siyahısı müəyyənləşib
“Azərbaycan Respublikasının Ağdərə rayonunun
yaradılması haqqında” Azərbaycan Respublikasının
2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanununun tətbiqi
və bundan irəli gələn bəzi məsələlərin
tənzimlənməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2431
nömrəli Fərmanının icrası ilə əlaqədar
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik
edilib.
Baş nazir Əli Əsədov bununla bağlı
Nazirlər Kabinetinin 20 iyul 2024-cü il tarixli 349 nömrəli
qərarını imzalayıb.
O cümlədən “Azərbaycan Respublikası ərazisində
dövlət mühafizəsinə
götürülmüş daşınmaz tarix və mədəniyyət
abidələrinin əhəmiyyət dərəcələrinə
görə bölgüsünün təsdiq edilməsi
haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132
nömrəli Qərarında müvafiq dəyişikliklər
edilib.
Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə
– “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət
abidələrinin Siyahısı”na Ağdərə rayonu ilə
bağlı hissə əlavə edilib. Siyahıdakı
“Memarlıq abidələri” bölməsinin “Kəlbəcər
rayonu” hissəsindən 268-280, 1228 və 1229 inventar nömrəli
obyektlər çıxarılaraq “Ağdərə rayonu” hissəsinə
salınıb.
Siyahıda Ağdərə rayonu üzrə
aşağıdakı 13 memarlıq abidəsi yer alıb.
Buraya Xanabert qalası (Vəngli kəndi), Müqəddəs
Yaqub kilsəsi (635-ci il, Kolatağ kəndi), Alban məbədi
(614-cü il, Kolatağ kəndi), Çıldıran kəndində
XII və XIII əsrə aid Alban məbədi və
Qırmızı məbəd, Yayıçı kəndində
VII əsrə aid iki Alban məbədi və s. daxildir.
Ağdərə rayonunda ölkə əhəmiyyətli
arxeoloji abidələr isə Dovşanlı nekropolu
(Dovşanlı kəndi) və Balıqaya nekropoludur (Sırxavənd
kəndi). Hər ikisi Son Tunc – İlk Dəmir dövrünə
aiddir.
Müvafiq şəkildə “Yerli əhəmiyyətli
daşınmaz tarix və mədəniyyət abidələrinin
Siyahısı”na da dəyişiklik edilib. Bu siyahıda Ağdərə
rayonu üzrə 25 memarlıq abidəsi var. İndiyədək
Ağdam, Kəlbəcər və Tərtər rayonları
üzrə qeyd edilən həmin abidələr inventar
nömrələri ilə siyahıda Ağdərə rayonu
hissəsinə salınıb.
Bundan əlavə, Nazirlər Kabinetinin 2014-cü il 17
iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı”nda dəyişikliklər edilib. Siyahıya
Ağdərə rayon Mərkəzi Kitabxana Sistemi (və
filialları), eləcə də Ağdərə rayonunun mədəniyyət
evləri və klubları ilə bağlı hissələr əlavə
edilib.
Mədəniyyət .- 2024.-26 iyul, №55-56.- S.4.