Dünyanın mədəni
irs xəzinəsi zənginləşir
UNESCO-nun Dünya İrs Komitəsinin sessiyasında
yeni abidələr qeydə alınacaq
Hindistanın Nyu-Dehli şəhərində UNESCO-nun
Dünya İrs Komitəsinin 46-cı sessiyası
keçirilir. Azərbaycan Respublikası mədəniyyət
nazirinin müavini Səadət Yusifovanın rəhbərlik
etdiyi nümayəndə heyəti iyulun 21-də işə
başlayan sessiyada iştirak edir. Heyətdə Mədəniyyət
Nazirliyi ilə yanaşı, Azərbaycanın UNESCO yanında
Daimi Nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Milli
Komissiyası, ICOMOS-Azərbaycan və “İçərişəhər”
Dövlət Tarix-Mədəniyyət Qoruğu İdarəsi
təmsil olunur.
Sessiyanın açılış mərasimində
Hindistanın Baş naziri Narendra Modi, UNESCO-nun baş direktoru
Odre Azule və digər rəsmilər çıxış
ediblər.
İyulun 22-də iclasın gündəliyi üzrə
katibliyin, məşvərətçi orqanlar olan ICOMOS, IUCN,
ICCROM və regional mərkəzlərin hesabatları dinlənilib.
Komitənin büdcəsi və mədəni irs üzrə
potensialın gücləndirilməsinə dair strategiya
müzakirə edilib.
Müzakirələr çərçivəsində
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir
Elman Abdullayev milli bəyanatla çıxış edib. O,
ölkəmizdə mədəni irsə dəstək, Ermənistan
işğalı dönəmində düşmən tərəfindən
dağıdılmış şəhərlərin və
tarixi abidələrin bərpası, eləcə də mədəni
irsin iqlim dəyişikliklərinin təsirindən
qorunması üçün bu ilin noyabrında Bakıda
keçiriləcək COP29 çərçivəsində
planlaşdırılan tədbirlər haqda məlumat verib.
Səfər çərçivəsində iyulun 22-də
nazir müavini Səadət Yusifova Birləşmiş Ərəb
Əmirlikləri mədəniyyət nazirinin müavini
Mübarək əl-Nakhi ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət
sahəsində əməkdaşlığın uğurla
inkişaf etdiyi vurğulanıb. BƏƏ-nin nazir müavini
bu ilin mayında Şuşada “İslam dünyasının mədəniyyət
paytaxtı” ilinin açılışında,
“Xarıbülbül” musiqi festivalında iştirak etdiyini və
şəhərin tarixi-mədəni zənginliklərinə və
təbiətinə heyran olduğunu bildirib.
Görüşdə ötən il Dubayda keçirilən
COP28 çərçivəsində başladılan mədəni
təşəbbüslərin COP29-da davam etdirilməsi
üçün birgə fəaliyyət istiqamətləri ətrafında
müzakirə aparılıb.
Həmin gün nazir müavini avstraliyalı həmkarı
xanım Reyçel Perri ilə də görüşüb.
Görüşdə mədəni irsin qorunması
üçün beynəlxalq platformalar çərçivəsində
əməkdaşlıq, qabaqcıl təcrübələrin
mübadiləsi və təbliği, eləcə də iqlim dəyişikliyinin
mədəni irsə təsirlərindən qorunmaq
üçün effektiv mexanizmlər ətrafında
müzakirə aparılıb. COP29 çərçivəsində
ölkəmizdə reallaşacaq mədəni tədbirlər
və yeni təşəbbüslər barədə məlumat
verilib.
İyulun 24-də Səadət Yusifova sessiya çərçivəsində
ICESCO-nun təşkil etdiyi “İslam dünyasının irsi”
adlı paralel tədbirin açılışında
çıxış edib. O, ölkəmizin mədəni irsi,
işğaldan azad olunmuş ərazilərdə
dağıdılmış mədəni mirasın bərpası,
Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi
COP29 çərçivəsində təşəbbüsləri
haqqında məlumat verib. 2024-cü ilin oktyabr ayında
“İslam dünyasının mədəniyyət paytaxtı”
Şuşada ICESCO-nun İslam İrsi Komitəsinin 12-ci
sessiyasının keçiriləcəyi diqqətə
çatdırılıb.
Açılış mərasimində UNESCO baş
direktorunun müavini, Beynəlxalq Mədəni İrsin Öyrənilməsi
və Tədqiqi Mərkəzinin (ICCROM) direktoru, Mədəni
İrs üzrə Ərəb Regional Mərkəzinin direktoru
və ICESCO-nun İslam İrsi Komitəsinin rəhbəri də
çıxış ediblər.
***
46-cı sessiya çərçivəsində ölkəmizin
nümayəndə heyəti bir sıra görüşlər
də keçirib. UNESCO baş direktorunun mədəniyyət
məsələləri üzrə müavini, Afrika Dünya
İrsi Fondunun icraçı direktoru, eləcə də
Vyetnam xarici işlər nazirinin müavini, Belarusun ətraf
mühit nazirinin birinci müavini, Avstriya Xarici İşlər
Nazirliyinin mədəniyyət üzrə idarəsinin baş
katibi, Bəhreyn mədəniyyət nazirinin müavini,
Şri-Lanka nümayəndə heyəti, İspaniya nümayəndə
heyəti və digər rəsmilərlə görüşlərdə
ikitərəfli münasibətlərin gündəliyi
müzakirə edilib. Mədəni irsin iqlim dəyişikliklərinin
mənfi təsirlərindən qorunması istiqamətində
təşəbbüslər, COP29 çərçivəsində
mədəniyyət istiqaməti üzrə nəzərdə
tutulan tədbirlər və təşəbbüslər barədə
məlumat verilib.
***
Qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsi 21
üzv-ölkədən ibarətdir. İki ildən bir tərkibin
bir hissəsi yenilənir. Azərbaycan 2015–2019-cu illərdə
komitənin üzvü olub. 2019-cu ildə (30 iyun – 12 iyul)
UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası
Bakıda keçirilib.
Hər il olduğu kimi, bu sessiyanın da gündəliyində
UNESCO-nun Dünya İrs Siyahısına yeni obyektlərin
salınması məsələsi var. Siyahı “Dünya mədəni
və təbii irsinin mühafizəsi haqqında” 1972-ci il
Konvensiyası (1975-ci ildə qüvvəyə minib) əsasında
tərtib edilir.
Əvvəlcə (1978-ci ildən) yalnız mədəni
irs obyektləri üçün meyarlar var idi. Sonra siyahıda
müxtəlif qitələr arasında müəyyən
tarazlığı bərpa etmək üçün təbiət
obyektlərinin dünya irsi kimi qorunması məsələsi
aktuallaşdı və bu kateqoriya üzrə siyahı tərtib
edildi. 1994-cü ildə Dünya İrs Komitəsi
balanslaşdırılmış və etibarlı Dünya
İrs Siyahısı ilə bağlı strategiya qəbul
etdi. Məqsəd siyahıda universal dəyərə malik
dünyanın mədəni və təbii müxtəlifliyini
əks etdirməsini təmin etmək idi. Nəhayət, 2005-ci
ildə bütün bu meyarlar bir araya gətirildi və mədəni
abidələr, təbiət abidələri və
qarışıq (həm mədəni, həm təbii)
sayılan irs obyektləri üçün ümumi Dünya
İrs Siyahısı formalaşdırıldı.
Komitənin saytında yer alan məlumata görə,
hazırda davam edən sessiyayadək, yəni 2023-cü ilin
yekunu olaraq Dünya İrs Siyahısında ümumilikdə
168 ölkəni əhatə edən 1199 obyekt var. Onların
933-ü mədəni irs, 227-si təbiət abidəsi, 39-u isə
qarışıq kateqoriya üzrə abidələrdir. O
cümlədən 48 obyekt transərhəd (iki və daha
çox ölkəni əhatə edən) abidəsidir.
Ötən müddətdə siyahıdan
çıxarılanlar da olub. Məsələn, 2009-cu ildə
Almaniyanın Drezden Elba vadisi mədəni landşaftın
mühafizəsi zonasında avtomobil körpüsünün
tikintisi ilə əlaqədar siyahıdan
çıxarılıb. 2021-ci ildə İngiltərənin
Liverpul şəhəri (irsin universal dəyərini
daşıyan xüsusiyyətlərin geri dönməz itirilməsi
səbəbindən) siyahıdakı yerini itirib.
***
Xatırladaq ki, Azərbaycandan Dünya İrs
Siyahısında 5 obyekt var. 2000-ci ildə İçərişəhər
(Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə),
2007-ci ildə Qobustan qayaüstü abidələri, 2019-cu ildə
Şəki şəhərinin tarixi hissəsi (Xan sarayı ilə
birlikdə) bu siyahıya salınıb.
2023-cü ildə UNESCO-nun Dünya İrs Komitəsinin
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində
45-ci sessiyasında Azərbaycanın Hirkan meşələri
İranla birgə transsərhəd irs obyekti olaraq Dünya
İrs Siyahısına daxil edilib. Hirkan meşələri iki
ölkənin müvafiq təqdimatı ilə 2021-ci ildə
Dünya İrs Komitəsində baxılmaq üçün
qeydə alınmışdı.
Ötən il həmçinin Azərbaycanın
“Xınalıq və Köç yolu mədəni
landşaftı” nominasiyası UNESCO-nun Dünya İrs
Siyahısına daxil edilib. “Xınalıq və Köç
yolu mədəni landşaftı” Quba rayonunun Xınalıq kəndi
də daxil olmaqla, yerli əhalinin istifadə etdiyi ətraf
yaylaq (Quba və Qusar) və Mərkəzi Aran bölgəsinə
düşən qışlaq ərazilərini (Abşeron və
Hacıqabul), həmçinin onların arasında tarixi
Köç yolunu (Quba-Şamaxı-Qobustan) əhatə edir.
Müvafiq sənəd 2021-ci ildə UNESCO-ya təqdim
edilmişdi.
Bundan əlavə, ötən sessiyada ölkəmizin
Qarabağ bölgəsində, Xocavənd rayonu ərazisindəki
qədim insan məskənləri – Azıx və Tağlar
mağaraları isə Dünya İrs Komitəsinin İlkin
Siyahısına daxil edilib.
***
Dünya İrs Siyahısında (hazırkı
sessiyayadək) rekordçu ölkə İtaliyadır (59
obyekt, o cümlədən 53-ü mədəni irs). İkinci
yeri Çin Xalq Respublikası (57 obyekt) tutur. İlk beşlikdə
Almaniya, Fransa (hər ikisi – 52 obyekt) və İspaniya (50) var.
Növbəti beşliyə Hindistan (42), Meksika (35),
Böyük Britaniya (33), Rusiya (31) və İran (27) daxildir.
Yaponiya (25), ABŞ (25), Braziliya (23), Kanada (22) və Türkiyə
(21) siyahıda 11-15-ci yerləri bölüşdürür.
Avstraliya (20), Yunanıstan (19), Çexiya, Portuqaliya və
Polşa (hərəsinin 17 obyekti) dördüncü
beşlikdədir.
Siyahıda 10 və daha çox obyekti olan digər
ölkələr bunlardır: Belçika (16), Cənubi Koreya
(16), İsveç (15), İsveçrə, Mərakeş, Peru
(hərəyə 13 obyekt), Argentina, Avstriya (hər ikisi 12),
Danimarka, Efiopiya (hər ikisi 11); Xorvatiya, Bolqarıstan,
İndoneziya və Cənubi Afrika Respublikası (hərəyə
10 obyekt).
Dünya İrs Siyahısında qonşu Ermənistandan
3, Gürcüstandan isə 4 obyekt var.
Ötən il 45-ci sessiyada Dünya İrs
Siyahısına 42 yeni obyekt (33-ü mədəni, 9-u təbii
irs üzrə) daxil edilmişdi.
Builki sessiyanın da yekunu olaraq siyahı yeni obyektlərlə
zənginləşəcək.
Xatırladaq ki, sessiya iyulun 31-dək davam edəcək.
Mədəniyyət .- 2024.-26 iyul, ¹55-56.- S.1;2.