Ağsuda növbəti
“Tərəkəmə Çərşənbəsi” folklor
festivalı
Mədəniyyət Nazirliyinin dəstəyi, “Miras” Mədəni
İrsin Öyrənilməsinə Kömək İctimai
Birliyinin təşkilatçılığı ilə 1–2
iyun tarixlərində “Tərəkəmə Çərşənbəsi”
V Beynəlxalq Folklor Festivalı keçirilib.
Ağsu rayonu Gəgəli kəndindəki “Tərəkəmə
yurdu” folklor turizmi məkanında təşkil olunan festivala
Bakı, Qazax-Tovuz, Lənkəran-Astara, Şirvan-Salyan, Gəncə-Daşkəsən,
Dağlıq Şirvan, Quba-Xaçmaz, Mil-Muğan, Qarabağ,
Mərkəzi Aran, Abşeron-Xızı bölgələrindən
folklor kollektivləri, yerli və xarici qonaqlar qatılıblar.
Açılış mərasimində “Miras” İB
idarə heyətinin sədri tarix üzrə fəlsəfə
doktoru Fariz Xəlilli, birliyin idarə heyətinin üzvü
tarix elmləri doktoru Şikar Qasımov, Dövlət Turizm
Agentliyinin İsmayıllı Regional Turizm İdarəsinin rəisi
Elnur Hüseynov, Ağsu RİH-nin şöbə müdiri Kənan
Tacızadə, Gəgəli bələdiyyəsinin sədri
Ülvi İsmayılzadə, Türkiyənin Qars bölgəsi
tərəkəmələri adından Çətin
Adıgözəl, İtaliyadan professor Luici Skrinzi,
Gürcüstanın Borçalı tərəkəmələri
adından professor Vüqar Əliyev çıxış ediblər.
Bədii hissədə Ağdamın “Nənə
qızlar” ansamblının, Ağsudan aşıq Amil Bicolunun
çıxışı dinlənilib. Bakı şəhəri
İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin
“Oğuzlar”, Qəbələnin “Gülüstan”, Sumqayıt
şəhər Mədəniyyət Mərkəzinin
“Veteranlar” folklor kollektivlərinin və digər
çıxışlar alqışlarla qarşılanıb.
Qonaqlar sərgi-yarmarka ilə tanış olublar.
Festivalın ikinci günündə
çıxışlar dinlənilib. “Çardaq art”
platforması üzvlərinin əsərləri nümayiş
olunub. Tərəkəmə alaçığında milli
geyimlər nümayiş etdirilib. Alpaqut Federasiyasının
oxatma ustaları oxatma məşqləri keçiblər.
Festivalı Türkiyə, İtaliya, Gürcüstan,
Estoniya, İsrail, Əlcəzair və digər ölkələrdən
nümayəndələr izləyiblər. Sonda qonaqlar “Orta əsr
Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət
Qoruğunu və rayonun digər tarixi abidələrini ziyarət
ediblər.
Mədəniyyət.- 2024.- 5 iyun,¹41.- S.4.