Gözəl
qadının qınağına tuş gəldinsə…
Bu cümləni tam fərqli fikirlərlə davam
etdirmək olar. Hələliksə, bunu deyirik ki, həmin
gözəl qadının qınağının hədəfi
kürsüdə əyləşmiş kişidir, üstəlik,
qınağın mənbəyi də sevgidir. Söhbət
iyunun 2-də Azərbaycan Dövlət Akademik Rus Dram
Teatrında keçirilən premyeradan gedir.
Həmin gün teatrda dünyaşöhrətli
Kolumbiya yazıçısı Qabriel Qarsiya Markesin
“Kürsüdə əyləşmiş kişiyə sevgi
qınağı” pyesi əsasında hazırlanmış
eyniadlı tamaşa ilk dəfə oynanıldı.
Monotamaşa Xalq artisti Natalya Şarovskayanın 65 illik yubileyinə
həsr olunub.
Quruluşçu rejissor Xalq artisti Aleksandr
Şarovskinin rəhbərlik etdiyi yaradıcı komandada
Əməkdar mədəniyyət işçiləri Aleksandr
Fyodorov dekorasiya üzrə, Olqa Abbasova geyim üzrə rəssam,
Vladimir Neverov isə musiqi tərtibatçısı vəzifələrini
icra ediblər. Əsərin xoreoqrafik həlli üzərində
Olqa Arsentyeva, işıq effektləri üzərində isə
Nikolay Rudıçev çalışıblar.
Natalya Şarovskaya istedadlı və təcrübəli
aktrisa kimi tanınsa da, cari repertuarda
kifayət qədər məşğul olsa da, təxminən
1 saat davam edən tamaşa boyunca salonu öz cazibəsində
saxlaya bildi. Əsər gümüş toyuna hazırlaşan
çox imkanlı kişinin həyat yoldaşı olan
Qadının öz ərinə qarşı dəlicəsinə
vurğunluqdan tam biganəliyə qədər irəliləyən
hisslərindən bəhs edir.
Uğurla keçən tamaşadan sonra sevimli
aktrisalarını bir daha seyr etmək üçün teatra təşrif
gətirmiş tamaşaçılar, sənətkarı hətta
çox kiçik yaşdan tanıyan, orta məktəbdən
dostluq edən ziyalılar Natalya Şarovskayanı təbrik
etdilər.
Baş rejissor Xalq artisti Aleksandr Şarovski Mədəniyyət
Nazirliyi və teatr rəhbərliyi adından təbrikləri
yubilyara çatdırdı.
Gecənin sonunda yubilyar çıxış edərək
dedi: “Əvvələn, öz valideynlərimə minnətdaram
ki, məni belə gözəl ölkədə dünyaya gətiriblər.
İllərlə birlikdə çalışdığım
teatrın rəhbərliyinə bu diqqətə görə,
kollektivə isə bu dəstəyə görə çox
minnətdaram”.
Gülcahan
Mədəniyyət.- 2024.- 5 iyun,¹41.- S.5.