Ölkəmiz
Braziliyada mədəniyyət satış-sərgisində təmsil
olunub
Bu il ölkəmiz ilk dəfə Braziliyanın
paytaxtında keçirilən Beynəlxalq milli mətbəx və
mədəniyyət satış-sərgisində təmsil
olunub.
Azərbaycanın Braziliyadakı Səfirliyindən
bildirilib ki, diplomatik missiya rəhbərlərinin həyat
yoldaşları qrupu və Braziliya Federal Dairəsinin (paytaxt
Braziliya şəhəri və ətraf ərazilər) hakimiyyəti
tərəfindən ənənəvi olaraq təşkil edilən
budəfəki sərgidə 70-dən artıq ölkə təmsil
olunub.
Braziliya şəhərinin İncəsənət Muzeyində
keçirilən sərgini hər il minlərlə insan ziyarət
edir.
Səfirliyimizin təşkilatçılığı
ilə qurulan stenddə Azərbaycanda istehsal olunmuş qida məhsulları,
çaylar, kosmetik vasitələr, eləcə də milli yeməklər
və səfirliyin əməkdaşları tərəfindən
xüsusi hazırlanmış suvenirlər təqdim edilib.
Uşaqlar tərəfindən sərginin mədəniyyət
proqramı çərçivəsində “Nəlbəki” rəqsi
ifa olunub.
Stendimiz ziyarətçilər tərəfindən
böyük maraqla qarşılanıb, onlar burada xeyli
alış-veriş ediblər.
Satış-sərgidən əldə edilən gəlirin
bu il ölkənin Rio Qrande do Sul ştatında baş
vermiş təbii fəlakətdən zərər çəkmiş
yerli əhaliyə yardım üçün yönəldilməsi
nəzərdə tutulub.
Mədəniyyət.- 2024.- 5 iyun,№41.- S.8.