Bakıdakı Rus
Evində “Rəngin sehri”
Bakıdakı Rus Evində “Rəngin sehri” adlı sərginin
açılışı olub və Beynəlxalq
Uşaqları Müdafiə Gününə həsr olunmuş
bayram konserti keçirilib. Tədbir Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyası (BMA) ilə birgə təşkil
olunub.
İyunun 2-dək davam edən sərgidə Səbinə
Ağasiyevanın rəhbərliyi ilə “SabinArt” rəssamlıq
məktəbi şagirdlərinin əl işləri
nümayiş olunub. Tədbirin açılışında
Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov
uşaqları, eləcə də onların valideynlərini və
müəllimlərini təbrik edib.
Sərginin ziyarətçiləri üçün
konsert proqramı təqdim olunub. Vokal və instrumental əsərlər
BMA-nın məzunları Aminat Əhmədova və Nərgiz
Məmmədova, həmçinin 21 və 36 nömrəli
musiqi məktəblərinin şagirdləri Xanım Kərimli,
Leyla Məhərrəmli, Aysu Sadıqzadə və Məryəm
Əliyevanın ifasında səsləndirilib.
Tədbirin kuratoru BMA-nın baş müəllimi sənətşünaslıq
üzrə fəlsəfə doktoru Alyona İnyakina olub.
Mədəniyyət.- 2024.- 5 iyun,¹41.- S.7.