Səhnədə
yeni “Qaraca qız”
Uşaq ədəbiyyatımızda ən maraqlı
nümunələrdən biri Süleyman Sani Axundovun “Qaraca
qız” hekayəsidir. Sənətkarlıq və məzmun
baxımından seçilən əsər, bədii məziyyətləri
ilə yanaşı, yetişən nəsillərə mənəvi
saflığın aşılanmasına, bütün çətinliklərə
rəğmən yüksək insani keyfiyyətlərin
qorunmasına xidmət edir.
Geniş tamaşaçı auditoriyası mərhəmətli
qızcığazın kədərli hekayəsi ilə
1966-cı ildə (rejissor Şamil Mahmudbəyov) böyük
ekrana çıxan eyniadlı filmlə tanış olub. Amma
buna qədər əsər teatr səhnəsində
tamaşaçı ilə görüşüb. Görkəmli
ədib Abdulla Şaiq 1948-ci ildə S.S.Axundovun “Qaraca qız”
hekayəsi əsasında Gənc Tamaşaçılar
Teatrı üçün eyniadlı pyes yazır və bu
nümunə teatrın repertuarında uzun müddət maraqla
izlənilir. Bundan əlavə, tanınmış bəstəkar,
Xalq artisti Əşrəf Abbasov əsər əsasında uşaqlar
üçün ilk milli balet (libretto: Əfrasiyab Bədəlbəyli)
yazıb.
Zaman-zaman klassik nümunələrə yenidən
qayıtmaqla uşaq və yeniyetmələri fərqli
mövzularda cəlb etməyə çalışan Gənc
Tamaşaçılar Teatrı da bir daha bu əsərə
müraciət edib.
Beləliklə, iyunun 2-də Azərbaycan Dövlət
Milli Gənc Tamaşaçılar Teatrında “Qaraca qız”
tamaşasının premyerası oldu.
Səhnə əsərinin quruluşçu rejissoru
Xalq artisti Cənnət Səlimova, rejissoru Əməkdar artist
Nofəl Vəliyev, rejissor assistentləri Sona Mikayılova,
Gülnar Əlövsətqızı, rəssamı Nisə Hətəmova,
musiqi tərtibatçısı İradə Muradovadır.
Birhissəli tamaşada Əməkdar artistlər Qəmər
Məmmədova, Elnur Hüseynov, Mehriban Abdullayeva, Gülər
Nəbiyeva, aktyorlar Rəşad Səfərov, Ramiq Nəsirov,
Xalidə Əliməmmədova, Zemfira Əbdülsəmədova,
İradə Rəşidova, Ədalət Əbdülsəməd,
Elgün Yəhyayev, Asya Atakişiyeva, Nəzrin Zeynalova, Anar
Seyfullayev, Ramil Məmmədov, Könül Əbilova, Simuzər
Ağakişiyeva, Zümrüd Quliyeva, Aygün Fətullayeva,
Hilal Dəmirov, Mətləb Abuşov, Nuranə Hüseynova,
Gülbəniz Lətifova, Yusif Dadaşov, Xaliq Bəkirov rol
alıblar.
Quruluş müəllifi səhnə əsərində
cəmiyyətdəki ayrı-seçkilik, insanlar
arasındakı təbəqələşmə, varlı ilə
kasıb, özünü ali hesab edənlə adi cəmiyyət
fərdləri arasında yaradılmış, bir növ
acı da olsa, qəbul edilmiş düşüncə tərzinə
etirazını bildirir. Tamaşada əsərin faciəvi
sonluğuna vurğu edilməsi də məhz buna xidmət edir
və insanların mənəvi şikəstliyi hesabına
qazanılan maddi üstünlüyə etiraz ifadəsidir.
Hekayətdən də bəlli olduğu kimi, valideynlərini
itirən Tutu adlı qız qaraçılar tərəfindən
qaçırılır. Amma hadisələrin cərəyanı
nəticəsində o, qaraçı dəstəsindən
ayrı düşür. Təkbaşına taleyin ümidinə
qalan Tutunu meşədə dostları ilə ova çıxan
Hüseynqulu ağa tapır və xeyirxahlıq göstərərək
malikanəsinə gətirir. Hər kəsin Qaraca deyə
çağırdığı qızcığaz bağban Piri
babanın yanında yaşamağa başlayır.
Hüseynqulu ağanın qızı Ağca ilə
tanış olduqdan sonra həyatı dəyişir. O artıq
özünə sadiq dost qazandığını zənn edir.
Geyim-kecimlərindəki kəskin fərq onların
dostluğuna mane olmur. Amma bu, Ağcanın anası Pəricahan
xanımın heç xoşuna gəlmir. Amansız qadın
onları ayırmağa müvəffəq olur. Bir gün dostu
Ağcanı ilan sancır və Qaraca qız özünü
fəda etməklə onu xilas edir. İlanın zəhəri həyatına
son qoyur.
C.Səlimovanın quruluşunda biz səliqəli, sadə
tərtibatla klassik nümunəyə xarakterik baxış
gördük. Öz rejissor üslubu ilə daim seçilən
Cənnət xanım bizi məlum hekayətə fərqli təsvir fonunda aparmaqla
tamaşaçını səhnə ilə yanaşı real
həyata, bir növ indi də rastlaşdığımız
Qaraca qızların taleyinə yaxından baxmağa səslədi.
Tamaşanın səhnə tərtibatı ilə bərabər,
geyimlər də rəng və konstruksiya baxımından sadə
və maraqlı idi. Aktyor heyəti də mürəkkəb
insan münasibətləri, maddi dəyərlərin mənəvi
keyfiyyətləri darmadağın etməyə
çalışdığı səhnə aktı vasitəsilə
ümumi ideyadan irəli gələn məqamları səlis
ifadə etdi.
Həmidə
Mədəniyyət.- 2024.- 5 iyun,¹41.- S.5.