Yarpaq ollam burda mən...
Laçınlar oylağında yüz il timsallı
bir gün
İstedadlı rejissor, dağlar oğlu Amil Amalın
“Laçına dəvətlisiniz” mesajından sonra “Evlənmək
istəyirəm” filmindən (və Ramiz Rövşənin qələmindən)
bu məşhur mahnı sözləri dilimdə əzbər
olmuşdu. Dəvəti aldığım gündən elə
bil oralardaydım. Ömrümdə olmadığım yerlərə
gedəcəkdim. Laçınlı tanışlarımın
vəsfindən doymadığı, ailə
yaxınımızın “Laçın” deyə-deyə bu
dünya ilə vidalaşarkən belə “Ağanusun suyundan
başıma çəksəm, düzəlləm” (səfərdə
öyrəndim ki, Laçında bulaq adıdır və mənası
da tez, sürətli axandır) təsviri gözlərimdə
canlandı...
Bizi Laçına aparacaq mikroavtobuslar metronun
“İnşaatçılar” stansiyasının
yaxınlığında dayanmışdılar. 24 may gecə
saat 2-də artıq hamı orada idi: Laçından, cənnət
Qarabağdan olan-olmayan tanıdığım əksər
jurnalistlər, yazıçılar, media təmsilçiləri.
Uzaq yolda belə simalarla birgə olmaq lap mükafatdır.
Yolboyu ədəbiyyatdan, mediadan, tarixdən, yaxın-uzaq
hadisələrdən danışa-danışa dağlar
arxasındakı Laçına gedirik. İki
laçınlı da yanımızda. Yurdunu səssiz-səmirsiz
sevən Təranə Vahid və onun əksinə dil boğaza
qoymadan Laçın haqqında danışan Şərif
Ağayar. Sağ olsunlar, bizi yüyrək nağıl dili ilə
çoxdan Laçına “çatdırmışdılar”.
Yol uzunu dəlisov Həkərinin
şırıltısı həyatın
qaynadığını göstərən texnikaların
uğultusuna qarışdıqca adam elə bilir ki,
dünyanın hansısa nəhəng bəstəkarı yeni
bir musiqi əsəri yazır. Ana təbiət adlı
böyük orkestr onun qoynuna atılanlara qoşulub bizi öz
ladına kökləyir.
Laçına çatmışıq artıq. Tədqiqatçı
jurnalist Müsəllim Həsənov ani yuxuya getsə də,
Şərif bəyin qaltanlı səsi onu yenidən oyadır
və son “intiqamı” ağır olur. Açıq pəncərədən
sola boylanaraq “Şərif, sənin Həkərin budur?”
sualı ilə maşındakıları qəhqəhəyə
qərq edir...
Hamı uşaq kimi sevinir, deyib-gülür. Qalib, məmnun
bir səs tonuyla ən yaxın tarixi vərəqləyir, hadisələri
analiz edirik. Arxadan kimsə “Bu da Laçın dəhlizi” deyib
qondarma xuntanın başçılarının həbs olunduqları
əraziləri nişan verir. Gözucu maşındakılara
baxıram. Hərə başqa bir qürurla parıldayan
gözlərini o nöqtəyə zilləyir.
Başqalarını bilmirəm, mən hər dəfə
işğaldan azad olunmuş ərazilərə gedəndə
ağır və cavabsız suallarla üz-üzə
qalıram. Yolboyu rayonları, kəndləri, viran qoyulmuş
evləri, izi itmiş cığırları,
uçurulmuş məzarlıqları, kötüyü
qalmış çinar, palıd, küknar ağaclarını,
küskün axan çayları gördükcə bədnam
qonşularımızın vəhşiliyinin miqyasından heyrətə
gəlirəm...
Çiçəkləyən nar ağaclarına
ötəri nəzər salan sürücü “Mən bura
2021-ci ildən gəlib-gedirəm. O vaxtdan elə bil ağaclar
tez böyüyüb qol-budaq atır, ildən-ilə daha bar-bəhrəli
olurlar. Qəribədir, sanki ağaclar da
küsmüşdülər”, – deyə gülümsəyir.
Bir qədər sonra maşını “Laçın”
yazılan lövhənin qənşərində saxlayıb
“Bu da Laçın! Buyurun. Bulaq suyu içmək istəsəniz,
bir az yuxarı qalxın. Buz kimi suyu var. Amma çox içməyin.
Öyrəşməmisiz, soyuqlayarsız” deyir. Onun
qayğıkeş xəbərdarlığı
Laçında bulaq suyuna təşnə yol
yoldaşlarımın heç vecinə də olmadı. Hər
kəs ovuclarını kuzə edərək sudan doyunca
içdi.
Laçına mənim kimi ilk dəfə gələnlər
də, həsrətindən ürəyində qubar olan
laçınlılar da eyni ovqatda idi: kövrək,
duyğulu. Yazıçı, jurnalist Təranə Vahidin
“Atamın ruhuna ehsan...” deyib göz yaşları ilə
qurtumladığı bulaq suyu qəhərdən mənim
boğazımda düyünləndi. Dolub-boşalan buludlar da
elə bil ona qoşulmuşdu. Beləcə, təcrübəsiz
qonaqlar yağışa tutulub yaxşıca islandı. Bundan
gözəl nə ola bilər?! Ayıldıq. Daha doğrusu,
xumarlandığımız Laçın, laçınlı
yuxumuzdan xoşbəxt oyandıq...
Yol bizi əvvəl Laçın seyrəngahına
apardı. Sonra hamılıqla bizi Laçına qonaq edən
səbəb üçün – “Xalça belə yarandı” sərgisinə
tamaşaya durduq.
Gün günortanın yerinə gəldikcə adamlar
Həkəri sahilində salınan Laçın bulvarına
axışırdılar. Geniş çəmənlikdə
bakılı-laçınlı xeyli sayda insan vardı. Budur,
yağış bir qədər fasilə verir. Buludları
“qovan” günəş gözlərimizi qamaşdırır. Həkəri
üzərindəki parıltı hamımızı sahilə
çəkir. Çayın üzərindəki körpü
iki düşüncə arasında – “bu nağıldır,
yoxsa gerçək?”də var-gəl edənləri aramla
yırğalayır.
Budur, Azərbaycan Respublikası Prezidentinin
Laçın rayonunda xüsusi nümayəndəsi və
Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı
ilə “Xalça belə yarandı” adlı layihə çərçivəsində
tədbir başlayır. Bildirilir ki, Laçından 10
yaşında çıxmağa məcbur qalan Azərbaycan Rəssamlar
İttifaqının üzvü Elnarə Rəsulovanın
ideya müəllifi olduğu eskizlər və xalçalar, həmçinin
şəxsi kolleksiyasındakı qədim xalça nümunələri
təqdim edilir.
Amma tədbirin əsas ideyası xalça
nümayişi yox, onun necə araya-ərsəyə gəlməsinə
işarə vurmaq idi. Bu layihədə ecazkar təbiətə
malik Laçın torpağında, Həkəri
çayının sahilində – çobanın yaylaqda qoyun
otarması, qoyunun qırxılması, yunun daranması, əyrilməsi
və boyanmasından başlayaraq, xalçanın
toxunmasına qədər bütün proses mərhələ-mərhələ
təqdim olunurdu.
Tədbir boyu müəllifin eskizləri ilə toxunan
xalçalarla yanaşı, biz xalçanın kəsilməsi
prosesini da izləmək imkanı qazandıq. “Laçın
zirvəsi” adlı xalçanın dəzgahdan kəsimi təntənəli
şəkildə qeyd edildi.
Tədbirdə müəllifin digər əsəri, bənzərsiz
“Ata vəsiyyəti – oğul zəfəri” adlı
xalçasının da təqdimatı oldu. Ümummilli lider
Heydər Əliyev və Prezident İlham Əliyevin təsvir
olunduğu xalçanın əsas özəlliyi onun ikitərəfli
toxunmasında idi və buna görə də izləyicilər
tərəfindən böyük maraqla qarşılandı.
Qurulan hanalar, yun daraqları, cəhrə, əlçim-əlçim
qalaqlanmış didilmiş yunlar, sapların rənglənməsi
üçün ocaq üstündəki qazanlar, ipə-sapa
yatmayan atları zorla ram edən çaparlar,
arxalığını otların üzərinə sərib
özünü günə verən çoban
hamımızı təbiət adlı böyük xalıya
bir “naxışa” çevirməyə
çalışdı. Hələ o yanda naz ilə
“zümzümə edən” samovarların dəmkeşlərində
Laçın kəklikotusu ilə hazırlanan çayın ətrini
demirəm. Allah-Allah, bütün bu mənzərə adama
astaca “Ölüb qallam burda mən, Torpaq ollam burda mən...”
dedirdirdi.
Bəzənmiş meydanda böyük səhnə də
qurulmuşdu. İlk olaraq Azərbaycan xanımına məxsus
mehribanlıq və qonaqpərvərliklə hər kəsə
ayrı bir sevgi göstərən jurnalist Lalə Əliyeva səhnəyə
çıxdı. Özünü “Bakı Abadlıq Xidməti
İctimaiyyətlə əlaqələr şöbəsinin fəhləsi”
kimi təqdim edərək tədbir haqqında hamımıza ətraflı
məlumat verdi bu zəhmətkeş müdir xanım.
Qısa zamanda Laçında görülən işlər,
ona yenidən can verən Laçın kimi vüqarlı
oğul və qızların gördükləri işlərdən
də danışdı. Sonra dilli-dilavər, cazibədar və
peşəkar aparıcı Rövşanə Ağasəfqızının
şaqraq səsi Həkəriyə qoşulub
qulaqlarımızda cingildədi. Xalça bəhanəli tədbirdə
aşıqların, muğam və estrada
ifaçılarının şən nəğmələrində
ruhumuz dincəldi.
Tədbirdə fürsət tapıb
laçınlı məşhur Yusif dayı ilə də
tanış oldum. Hamımızı çətirlərimizin
altında gizlədən, arabir kəssə də sonradan
öz sevincini belə ifadə edən yağışa meydan
oxuyurmuş kimi dik dayanmışdı. 75 yaşını
qovuşduğu Laçınında yola salan qəhrəmanımın
uca boyuna, şax qamətinə, yaşına inad
şuxluğuna tamaşa edib sevinirdim. Onun dağ havasında
daha da allanan yanağı, iri, qabarlı əlləri,
işıldayan gözləri, az qala dağların əksi
hopmuş geniş alnına baxdıqca “Xar olasan, yağı.
Bu adamları illərlə necə pərən-pərən
saldın öz yurdundan!” sualında nəfəsim təntidi.
O, şaqraq səsi ilə dağlardan, dərələrdən,
sayını özünün də itirdiyi bulaqlardan,
dağlarda bitən fərqli müalicəvi bitkilərdən
– kəkotulardan, nanələrdən, yarpızlardan, itburnudan,
turşəngdən, çaşırdan...
danışdıqca mən “Ya Rəbb, nə yaxşı bu qədər
vaxt Laçınsız ürəyi partlamayıb. Dağdan
Arana köçdə, Hacıqabulun istisində bağrı
çatlamayıb!” deyib ürəyimdə dəfələrlə
şükür elədim.
O, deyəsən, özü yaddaşının
Laçınsız hissəsini silmişdi: “Mən elə
bilirdim ta yaşamaram. Vallah, ölüm haqlamışdı.
Amma Laçına gəldim dirildim. Cavanlaşdım e. Daha mənə
ölüm yoxdu. Buradakı qoca, cavan insanlara qoşulub mən
də gözəl rayonumuzun yeni dövrünü görəcəm.
Bura Laçın alınan kimi gəldim və daha getmək
fikrim yoxdu. Allah da göstərməsin. Prezidentimiz, dövlətimiz,
ordumuz sağ olsun. Laçın biz
laçınlıların yox, hər kəsin doğma elidir.
Çünki bu torpaqlar uğrunda xeyli qəhrəman
oğlumuz şəhid olub”.
Hiss elədim, kövrəldi, bir az dayandı. Söhbətin
axarını dəyişmək üçün soruşdum:
– Yusif dayı, hamı buranın kəkotusunu mədh
edir. Deyə bilərsiniz, Laçın kəkotusunun
Naxçıvan, Daşkəsən, Gədəbəydə
bitənlərindən fərqi nədir?
Gülümsündü. Əlindəki kəhrəba
təsbehi bir az da sürətlə,
şıqqıltısı eşidiləcək qədər
çevirə-çevirə:
– Bax indi bildim ki, yaxşı çay içənsən.
Amma sən arada kəklikotunu ayrıca dəmlə iç. Fərqi
biləcəksən. Bizim kəklikotular hamısından fərqlidir.
Amma gərək yaxşısını tanıyasan. Əsl kəklikotunu
gül açandan sonra yığmalısan. O növü də
lap yuxarılarda, əl-ayaq dəyməyən yerlərdədir.
Elə “Ay Yusif dayı, yəqin cavanlıqda dediyiniz əl-ayaq
dəyməyən yerlərdə çox gəzmisiniz.
Baxmayın, indi yaşınız-başınız imkan verməz”
demişdim ki, güllə kimi açıldı. Təsbehini
pencəyinin cibinə atıb əlini-əlinə vurub
üzünü bayaqdan ona maraqla qulaq asan həmyaşıdına
tutub “İndi bu qız mənə “qocalmısan, a Yusif deyir, hə”
sualına cavab gözləmədən “Gəl ikimiz də,
çox demirəm, eləcə bu təpəyə (uzun
qollarını yolun solundakı əraziyə uzadır)
çıxaq. 100 metr getsən, o da o yana dursun, məni
ötüb keçsən, sənə bir qucaq kəkotu verəcəm”
deyib üzümə baxanda güldüm.
“Haqlısınız, mən təslim, Yusif dayı” deyərək
ona heç 95 yaşında da qalib gəlməyəcəyimi
etiraf elədim... Bura Yusif dayıdan sonra gələn dostu
Şahin kişi mərcimizi eşidən kimi “A Yusif,
çatana kəkotu söz verirsən. Bə maa niyə bir-iki
yarpağını qıymırsan?” deyib dostunun
gözünün içinə baxdı.
Yusif dayı qımışaraq “Ayə, onlar
qonaqdı, sən buralı. Nə gəlib sənə, get
yığ da, evin tikilsin” deyib məsələni kökündən
həll elədi. Söz meydanını Şahin dayıya verdi.
Laçına 10 ay əvvəl qayıdan həmsöhbətimdən
gələndən həyatında nəyin dəyişdiyini xəbər
aldım. O, titrək səsi ilə bircə kəlmə dedi:
həyatım...
Başımız söhbətə elə
qarışmışdı ki, bir də oynaq rəqs sədasına
ayıldıq. Meydan şux rəqs edən insanlarla dolub-daşırdı.
Hərə də, məncə, öz havasına – sevincinin
ritminə uyğun oynayırdı. Mən də təzə
dostlarım olan köhnə kişilərlə onlara
qoşuldum. Yorulub əldən düşənədək rəqs
elədik.
O an könlümdən kaş zaman dursun, Bakıya
qayıtmayım. Bu sıldırım qayaların üzərində
qartal kimi yuva salan Laçına, laçınlılara
qoşulub burada qalım. Amma zaman bizi geriyə – Ana vətənin
ürəyi Bakıya səsləyirdi.
Yolüstü dostumuz Amil Amalın yuvasına
çevrilən “Hoçazfilm” yaradıcılıq
studiyasının çəkiliş pavilyonuna da
uğradıq.
Bu vəsilə ilə qatı dumana təslim olmuş,
axşam düşdükcə bir başqa əzəmətə
bürünmüş Laçının dolanbac yallarında
zamanla yarışaraq şəhərin ən hündür
yerlərini də göz yaddaşıma
köçürdüm. A.Amal “Hoçazfilm” haqqında sevgi
ilə danışır, planlarını, böyük kino
arzularını dilə gətirirdi. Onu dinlədikcə
özlüyündə ana təbiətin möhtəşəm
pavilyonu olan Laçında bircə daşı belə daş
üstə qoyub, bir susamış ağaca da su verən hər
kəsə Amilin simasında təşəkkür edib bu təbiət
təntənəsi ilə yenidən görüşmək,
özü də ən qısa zamanda görüşmək
ümidi ilə sağollaşdıq...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2024.- 5 iyun,№41.- S.6.