İtaliyada
tanınmış azərbaycanlı xoreoqrafın
yaradıcılıq gecəsi
Mais Nuriyev tələbələrinin əhatəsində
İtaliyada fəaliyyət göstərən “Azəri”
Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri,
tanınmış xoreoqraf, Milan Konservatoriyasının
professoru Mais Nuriyevin yaradıcılığına həsr
olunmuş tədbir keçirilib.
“Cinema Teatro Manzoni”də keçirilən gecədə
Busto-Qarolfon şəhərinin (Milan əyaləti) meri Sindako
Suzanna Biondi, Diasporla İş üzrə Dövlət Komitəsinin
əməkdaşları, Azərbaycan icmasının üzvləri,
yerli ictimaiyyət və mədəniyyət nümayəndələri
iştirak ediblər.
Dövlət Komitəsindən bildirilib ki, tədbir
çərçivəsində Mais Nuriyevin italyan tələbələrdən
ibarət rəqs qrupunun Azərbaycan musiqisini ifa etmələri
böyük maraqla qarşılanıb. Xoreoqrafın müxtəlif
ölkələrdə yaşayan tələbələri
noyabr ayından etibarən ustadlarının
yaradıcılıq gecəsinə hazırlaşıblar.
Mer Sindako Suzanna Biondi tədbir
iştirakçılarını salamlayıb və məşhur
xoreoqraf Mais Nuriyevə öz ürək sözlərini
çatdırıb.
Milan Opera Teatrının keçmiş bədii rəhbəri
Cüzeppe Karboni də Mais Nuriyevi təbrik edərək, öz
xoş arzularını bildirib.
Mais Nuriyevə həsr olunmuş “Azərbaycan!
Qardaşım, sağ ol!” əsərini müəllifin
özü – Milan Konservatoriyasının keçmiş
professoru David Qualtierinin ifa etməsi alqışlarla
qarşılanıb.
Çıxışlarda dəfələrlə beynəlxalq
müsabiqələrdə münsif olan Mais Nuriyevin Avropada Azərbaycan
mədəniyyətini uğurla təmsil etməsi, müxtəlif
xalqların rəqslərini səhnələşdirməsi
barədə danışılıb, onun yaradıcılıq
nümunələri nümayiş olunub.
Mais Nuriyevin yaradıcılığına həsr
olunmuş film göstərilib.
Tələbələri sonda Mais Nuriyevi səhnəyə
dəvət edib, sürəkli alqışlarla ona öz təbriklərini
çatdırıblar.
Qeyd edək ki, Azərbaycan xalq rəqslərinin beynəlxalq
aləmdə təbliği, İtaliyada diaspor fəaliyyətinin
daha da genişləndirilməsi istiqamətində çox əhəmiyyətli
işlər görmüş Mais Nuriyev “Əməkdar artist” fəxri
adına və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley
medalına layiq görülüb. Ustad xoreoqraf bu il San-Remo Beynəlxalq
Rəqs Müsabiqəsinin münsiflər heyətində də
yer alıb.
Mədəniyyət.- 2024.- 5 iyun,¹41.- S.8.