Vokal ulduzları Bakıda doğulur...

 

Bülbül adına müsabiqəyə Şuşada yekun vurulacaq

 

İyunun 3-də Mədəniyyət Nazirliyi və Bülbül Beynəlxalq Fondu tərəfindən keçirilən Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsi öz işinə başladı.

Həmin gün hava da tam fərqli idi. Soyuq havası, güclü küləyi, qəfil yağışı, dağlarda hətta qarı ilə yadda qalacaq bahar da yerini qızmar yaya verməkdə tələsmişdi. Bəlkə də hava bu temperatur şıltaqlığı ilə 25-dən çox ölkədən təşrif buyuran, Bakıdan qalib kimi ayrılmaq istəyi ilə paytaxtımıza ayaq basan gənc vokalçılara burada onlara nə qədər isti münasibətin göstəriləcəyini nümayiş etdirmək istəyirdi. Səs, oxumaq məsələsi belədir ki, bu işdə soyuğun zərəri olar ki, istidən səsə xətər toxunmaz...

Müsabiqədə 140 nəfərdən çox 18-36 yaş arasında vokalçı qələbə uğrunda yarışır.

İştirakçı coğrafiyası genişdir. Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Cənubi Koreya, Makedoniya və digər ölkələrdən vokalçılar bir həftə ərzində Bülbül adına sənət şöləninin mükafatları uğrunda öz məharətlərini göstərəcəklər.

Açılış mərasimindən əvvəl ənənəyə sadiq qalaraq müsabiqənin təşkilat komitəsinin, münsiflər heyətinin üzvləri, Mədəniyyət Nazirliyinin təmsilçiləri və müsabiqə iştirakçıları böyük sənətkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Bülbülün (1897–1961) abidəsinin önündə görüşdülər.

Beynəlxalq Bülbül Fondunun rəhbəri və müsabiqənin sədri Xalq artisti, bəstəkar-müğənni Polad Bülbüloğlu hər kəsi salamlayaraq dedi: “Mən şadam ki, bu gün bir sıra ölkələrdən gənc vokalçılar Bakıya gəlir, burada böyük səhnəyə vəsiqə almaq istəyirlər. Mən çox minnətdaram ki, 1997-ci ildə Ulu öndər Heydər Əliyev bu müsabiqənin keçirilməsi barədə sərəncam imzaladı. Müsabiqə artıq doqquzuncu dəfə keçirilir. VIII müsabiqənin qala-konserti və qaliblərə mükafatların təqdim edilməsi Bülbülün kiçik vətənində, Şuşada keçirilmişdi, bu il də ənənəmizə sadiq qalacağıq. Əsrlərdir ki, Şuşa “Qafqazın konservatoriyası” adlanır və Bülbül adına müsabiqə də bu adı doğruldur”.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti, ilk müsabiqədən bəri münsiflər heyətinin sədr müavini Fərhad Bədəlbəyli və münsiflər heyətinin yeni sədri, dünyaşöhrətli vokalçı, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov iştirakçılara uğur arzuladılar.

Sonra M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında müsabiqənin açılış mərasimi gerçəkləşdi.

Polad Bülbüloğlu bu dəfə çıxışında münsiflər heyətinin bütün üzvlərini bir-bir salamladıqdan sonra Bülbül adına müsabiqədə indiyədək jüriyə rəhbərlik etmiş dünyaşöhrətli Rusiya vokalçılarının – İrina Arxipova, Yevgeni Nesterenko və Sergey Leyferkusun adlarını çəkdi: “Bu gün dünyanın ən möhtəşəm opera səhnələrində çıxış edən və bu müsabiqədə uğurlar qazanmış azərbaycanlı vokalçılar var ki, artıq onlar özləri çıxış edənlərə qiymət vermək səviyyəsindədirlər”.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov vurğuladı ki, müsabiqənin laureatı olmuş bir çox müğənni hazırda dünyanın böyük səhnələrində çıxış edir və bu sənətin yayılması üçün böyük işlər görürlər: “Budəfəki müsabiqədə çıxış edəcək musiqiçilər də gələcəkdə görkəmli musiqiçi və sənətkar olacaqlar. Bizim ürəyimizdə olduğu kimi, bu müsabiqə onların da qəlbində xüsusi yer tutacaq. Bugünkü tədbirimiz də əvvəlki müsabiqələr kimi mötəbər musiqi bayramıdır. Böyük xanəndə Bülbülün adı dünya musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılıb. O, Azərbaycan milli vokal sənətinin inkişafı və təbliği istiqamətində çox işlər görüb, öz məktəbini yaradıb. Hər bir iştirakçıya yaradıcılıq nailiyyətləri arzulayıram. Əminəm ki, bu müsabiqə də ölkəmizdə keçirilən möhtəşəm beynəlxalq musiqi layihələri kimi tarixə düşəcək”.

2012-ci ildə Bülbül adına VI müsabiqədə I yerə layiq görülmüş, bu gün isə münsiflər heyətinin sədri olan Yusif Eyvazovun çıxışı isə böyük həmkarın gənc ardıcıllarına psixoloji tövsiyəsi kimi yadda qaldı: “Müsabiqə mühüm hadisədir. İstəyirəm ki, bu gün burada iştirak edən gənc artistlər bilsinlər ki, əgər sənə müsabiqədə qalib gəlmək və ya növbəti tura keçmək nəsib olmayıbsa, bu, qətiyyən karyera qura bilməyəcəyin və ya qalib gələnlərdən daha zəif olduğun anlamına gəlməz. Sadəcə, səhnəyə çıxıb oxuduğun anda qalib olmaq üçün lazım olan səviyyədə və yüksəklikdə olmamısan. Ona görə də narahat olmayın, çalışmağa davam edin və ən əsası, səsinizlə münsiflər heyətini təəccübləndirməyə çalışın. Biz isə qalibləri və finalçıları obyektiv şəkildə seçəcəyik. Qoy bu müsabiqədə də “ulduz” doğulsun!”.

 

***

 

Açılışdan sonra müsabiqənin birinci tur dinləmələri başladı. İştirakçıların say çoxluğu nəzərə alınaraq proqramda birinci tura iki gün ayrılıb. 41 nəfər müsabiqənin ikinci turuna vəsiqə qazanıb.

İyunun 5-də müsabiqənin ikinci turu keçiriləcək. Qaliblərin mükafatlandırılması və onlarla birlikdə dəvətli vokalçıların da çıxış edəcəyi qala-konsert isə iyunun 9-da Bülbülün doğma şəhəri Şuşada olacaq.

 

G.Mirməmməd

Mədəniyyət.- 2024.- 5 iyun,¹41.- S.1;3.