Nobel
mükafatçısı Əziz Səncərin şərəfinə
AMEA-nın xüsusi iclası keçirilib
Xəbər verildiyi kimi, kimya üzrə Nobel
mükafatı laureatı, ABŞ-nin Şimali Karolina
Universiteti Biokimya və biofizika fakültəsinin professoru,
AMEA-nın fəxri üzvü Əziz Səncər mayın
30-da Azərbaycana gəlib.
AMEA-nın dəvəti ilə gerçəkləşən
səfər müddətində qonaqla Bakıdakı bir
sıra elm-tədris müəssisələrində
görüşlər keçirilib. Dünyaşöhrətli
alim AMEA-nın Naxçıvan Bölməsini, elmi müəssisə
və təşkilatlarını, ali təhsil müəssisələrini
də ziyarət edib.
İyunun 3-də AMEA-da Əziz Səncərlə
görüşə həsr olunmuş xüsusi iclas
keçirilib.
Tədbirdən öncə AMEA-nın Rəyasət
Heyətinin binasında yerləşən AMEA-TÜBİTAK
Koordinasiya Mərkəzinin nəzdində “Əziz Səncər
şərəf otağı”nın
açılışı olub. Əziz Səncər mərkəzin
xatirə dəftərinə ürək sözlərini
yazı.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
Türk dünyasının fəxri olan alimin ölkəmizə
bu səfərinin Azərbaycanın elm ictimaiyyəti
üçün əlamətdar hadisə olduğunu deyib. O,
Əziz Səncərin elmi fəaliyyətinə nəzər
salıb. Qeyd edib ki, alim Dallasdakı Texas Universitetində
molekulyar biologiya proqramı üzrə doktorantura təhsili
alıb. 1997-ci ildən bu günə kimi ABŞ-nin Şimali
Karolina Universitetinin Biokimya və biofizika bölməsində fəaliyyətini
davam etdirir. Əziz Səncər xərçəngin bioloji və
biokimyəvi üsullarla müalicəsini tədqiq edib və
bu istiqamətin əsas yaradıcısıdır. O, 2005-ci ildə
ABŞ Elmlər Akademiyasına üzv seçilən ilk
amerikalı türk olub, 2006-cı ildə isə Türkiyə
Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
2015-ci ildə DNT-nin bərpası işinə görə iki
alim həmkarı ilə birgə kimya üzrə Nobel
mükafatına layiq görülüb.
Ötən il noyabrın 29-da AMEA-nın Ümumi
yığıncağında professor Əziz Səncərin
akademiyanın fəxri üzvü seçildiyini xatırladan
İsa Həbibbəyli AMEA-nın fəxri üzvü diplomunu
və medalı ona təqdim edib.
Sonra çıxış edən Azərbaycan
Yazıçılar Birliyinin (AYB) sədri Xalq
yazıçısı Anar dünyaşöhrətli alimlə
bu görüşü AMEA Rəyasət Heyətində tarixi
hadisə kimi dəyərləndirib. O, Əziz Səncəri
AYB-yə dəvət edib.
Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası
İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev Azərbaycan-Türkiyə
elmi əlaqələri haqqında danışıb, ikitərəfli
əməkdaşlığın inkişafında Əziz Səncərin
mühüm rolunu vurğulayıb.
Sonra Əziz Səncər “Türk dünyası elm
siyasəti: reallıqlar və çağırışlar”
mövzusunda elmi məruzə ilə çıxış
edib. Vurğulayıb ki, elm insanlığa, bəşəriyyətə
xidmət etməlidir. Alim çıxışında “elmi fəaliyyət
necə qurulmalıdır” sualına toxunub, Türk
dünyasında elmi əlaqələrin inkişafının
vacibliyini vurğulayıb.
“Xəyalım Türk dünyasının birliyini
görməkdir”, – deyən alim bu istiqamətdə
bütün türk dövlətlərinə səfər
etdiyini, görüşlər keçirdiyini bildirib.
Nobel mükafatı laureatı
çıxışında əsas elmi prioritetlərin müəyyənləşdirilməsi,
oğlan və qızların bərabər təhsil
hüquqlarının təmin olunması, nəzəriyyələrin
təcrübədən keçirilməsi, alimlərin təşviq
edilməsi kimi tövsiyələrini də səsləndirib.
Qeyd edək ki, Əziz Səncərin səfəri
iyunun 6-dək davam edəcək.
Mədəniyyət.- 2024.- 5 iyun,¹41.- S.3.