Rus Dram Teatrı “Melixovo
baharı”ndan qayıdıb
“Tamaşaçılar bizim “Kapitan
qızı”mızı səmimi və maraqla
qarşıladılar”
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı ilk dəfə
“Melixovo baharı” Beynəlxalq Teatr Festivalında iştirak
edib. Moskva Vilayəti Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə A.P.Çexovun “Melixovo”
Muzey-Qoruğu tərəfindən təşkil edilən ənənəvi
festival yazıçının yeddi il
yaşayıb-yaratdığı malikanədə
keçirilir.
Bu il mayın 17-dən 26-dək davam edən sayca
24-cü “Melixovo baharı” festivalına Azərbaycan, Belarus,
Qazaxıstan və Əlcəzairdən, eləcə də
Rusiyanın müxtəlif şəhərlərindən 20-dən
çox teatr kollektivi qatılıb. Festivalın proqramı ənənəvi
olaraq Çexovun əsərləri və Çexov
haqqında əsərlər əsasında tamaşalardan tərtib
olunur. Bu il “Çexov +” proqramına 225 illiyi qeyd olunan
A.S.Puşkinin əsərləri üzrə tamaşalar da dəvət
olunmuşdu. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
festivala ədibinin “Kapitan qızı” povesti əsasında səhnələşdirilən
tamaşanı aparıb.
Teatrın direktoru Əməkdar mədəniyyət
işçisi Ədalət Hacıyev təəssüratını
AZƏRTAC-ın müxbirinə danışıb.
– Belə festivallarda iştirak teatra nə verir?
– Hər şeydən əvvəl, inam, xüsusilə
aktyorlar üçün. Başqa tamaşaçı, fərqli
səhnə. Bu dəfə isə biz tamamilə yeni şəraitlə
üzləşdik. Bir qayda olaraq səfər tamaşaları
klassik məkanlarda keçirilir. Melixovoda sənətçilərimiz
açıq səhnəyə çıxdılar və təbii
ki, bəzi mizanlar səhnənin tələblərinə
uyğunlaşdırıldı. Buna görə də
tamaşanın özü əsas “bünövrəsini”
qoruyub saxladığı üçün oyun bir qədər
fərqli alındı. Maraqlı təcrübə idi. Onu da
deməliyəm ki, tamaşaçılar bizim “Kapitan
qızı”mızı səmimi və maraqla
qarşıladılar.
Əvvəlcə düşündüm ki, bunun səbəbi
Bakıdan olmağımızla əlaqədardır. Ancaq
tamaşadan sonra müzakirə zamanı mütəxəssislərdən
və aktyorlarımıza çox yaxşı sözlər
söyləyən digər qonaqlardan əsl heyranlıq
etirafları eşidəndə, uğurumuzun sırf
tamaşamızla bağlı olduğu məlum oldu.
Puqaçov, Qrinyov, Maşa, Şvabrin və əsərin digər
qəhrəmanları – həmin axşam
aktyorlarımızın ifasında onları görənlərin
hamısında xoş təəssürat oyadıb. O qədər
xoş arzular və səmimi sözlər eşitdik ki.
Puqaçov obrazı Azərbaycanın Əməkdar
artisti Firdovsi Atakişiyevin ifasında
tamaşaçıların böyük marağına səbəb
oldu. Əməkdar artistlər Natalya Baluyeva və Rita Əmirbəyovanın
valehedici oyununu da qeyd etmək istəyirəm. Xalq artisti
Aleksandra Nikuşinanın parlaq oyununu yüksək qiymətləndirən
tamaşaçılar gözəl aktrisanı ayaqda
alqışladılar.
– “Melixovo baharı” bənzərsiz məkanı olan əlamətdar
teatr festivallarından biridir...
– Ab-havanın özü də xüsusi idi. Bu, hər
şeydən əvvəl, tarixdir. “Melixovo” qoruq-muzeyi
böyük rus yazıçısı və dramaturqu Anton
Pavloviç Çexovun burada yaşadığı
dövrün ruhunu qoruyub saxlayır. Bu məkanı əhatə
edən gözəl təbiətlə vəhdətdə olmaq
heyrətamiz idi. İnsan hətta orada başqa cür nəfəs
almağa başlayır. Bir az yağış yağdı,
sonra dərhal günəş parladı, bir anda səhnə
sanki yeniləndi və bu mənzərə teatrın olduğu
məkanla tam vəhdət içində idi.
Onu da deyim ki, qoruq-muzeyin ərazisinə nəzarəti
həyata keçirən texniki xidmət binası içərisində
müasir avadanlıqların yerləşdirildiyi taxta
konstruksiyaya malikdir. Bir tərəfi XX əsrin əvvəllərinə,
digəri isə XXI əsrə açılan gözəl
qapı ilə ayrılan mühitdə sanki zaman səyahətinə
çıxırsan...
– Bəs tamaşaya necə hazırlaşdınız?
– Bütün günü ayaq üstə keçirdik,
amma heç bir yorğunluq hiss etmədik. Festivalda
günümüz səhər saat 11-də, biz malikanəyə
gələndə başladı və saat 19:00-da artıq
tamaşamız var idi. Meydançada olan hər şeyə
“köklənməli idik”.
Ancaq yaxın ərazidə gəzmək və
ekskursiyalara getmək üçün vaxt ayırmaya bilməzdik.
Tamaşanı həm gur “bravo” sədaları altında
oynadıq, həm də uzun müddət
dağılışıb gedə bilmədik, aktyorları
buraxmayan tamaşaçılar və peşəkar ekspert qrupu
ilə ünsiyyət davam etdi.
Ertəsi gün festivalın icraçı direktoru
Yelena Alekseyeva bir daha bizə tamaşaya olan
heyranlığını bildirdi, teatrımızın daha əvvəl
iştirak etmək üçün dəvət
almadığına təəssüfləndiyini dedi. Yeri gəlmişkən,
o, bizim festivalda gələn il də iştirak etməyimizi
arzu etdiyini dilə gətirdi. Bizi o qədər gözəl qəbul
etdilər ki, Bakıya qayıtdıqdan sonra festival təşkilatçılarının
ünvanına teatr adından təşəkkür məktubu
göndərdik. Ümid edirəm ki, gələn il yenidən
“Melixovo baharı”nın ecazkar ab-havasına qərq
olacağıq.
– Sizcə, “Melixovo baharı”nda iştirak aktyorlarda
“özünü necə büruzə verib”?
– Bu festivaldan əvvəl “Kapitan qızı”nı
klassik formatda çıxış etdiyimiz Sankt-Peterburqdakı
“Rusiyadakı görüşlər” rus teatrları
festivalına aparmışdıq. Burada, bayaq artıq qeyd
etdiyim kimi, həm səhnə, həm də
tamaşaçılar üçün yerlər açıq
məkanda yerləşir. Bu cür gözlənilməz şəraitdə
qastrol qrupumuzun bütün üzvlərinin özlərini necə
sübuta yetirmələri mənə əsl komanda
olduğumuzu hiss etdirdi.
Qeyd etmək lazımdır ki, A.S.Puşkinin 225 illiyinə
həsr olunmuş xüsusi “Çexov +” proqramı çərçivəsində
çıxış etdik, buna görə də
yazıçının əsərləri əsasında digər
tamaşalar da təqdim edildi. Hər teatrın özünəməxsus
incəlikləri, maraqlı anları, diksiyası və səhnə
təcəssümü vardı. Ancaq “Kapitan qızı”
onlardan fərqlənirdi. Tamaşanın rejissoru İqor
Konyayev, rəssamı Olga Gerr materialı orqanik şəkildə
səhnə məkanına köçürdülər, amma əsas
odur ki, teatrımızın aktyorları tamaşaya aşiq
olduqlarına görə yenə də böyük məmnuniyyətlə
çalışdılar.
Sankt-Peterburqda da “Kapitan qızı”
tamaşaçılar tərəfindən yüksək qiymətləndirildi,
buna görə aktyorlarımız Melixovoya gələndə
artıq daha böyük təcrübəyə malik idilər.
Hər zaman alışdıqları səhnə şəraitinin
gözlənilməzliyi onların oyununa heç cür təsir
göstərmədi, özlərini, teatrı və ölkəmizi
inamla təmsil etdilər.
Yeri gəlmişkən, gənc aktyorlar bu günlərdə
Azərbaycan Yazıçılar İttifaqında Puşkinə
həsr olunmuş kitabın təqdimatı çərçivəsində
də öz bacarıqlarını göstərə bildilər.
Bu tədbirə dəvət aldıqdan sonra Cövhər
Abdullayev (Qrinyov), Tamilla Abutalıbova (Maşa) və Rüfət
Əliyevin (Şvabrin) iştirak etdiyi “Kapitan qızı”ndan
kiçik parçanı oynamalarını təklif etdim.
Çox kiçik bir yerdə, hətta tədbirə
toplaşanlardan bir neçə addım aralıda, amma adi
teatr şəraitində olduqları kimi həmin
parçanı ürəklə ifa edən gənc aktyorlar
sürəkli alqışlara layiq görüldülər.
– Gənc aktyorlarla fəxr edirsinizmi?
– Əlbəttə! Onların püxtələşməsi
mənim gözlərimin qarşısında baş verir. Bu gənclər,
belə deyərdim ki, günbəgün yox, saatbasaat
böyüyürlər. Bizim indiki gənc aktyorların
hamısı Mədəniyyət və İncəsənət
Universitetinin məzunlarıdır, bu gün isə onlar Azərbaycanın
Xalq artisti Aleksandr Şarovskinin rəhbərliyi altında “məktəb”in
tələbələridir.
Artıq ənənəvi olaraq, neçənci ildir
ki, Xalq artisti Cənnət Səlimova məni
buraxılış tamaşalarına baxmağa dəvət
edir. Bu günlərdə o mənə bir neçə tələbənin
oyununa diqqət yetirməyi tövsiyə etdi. Əlbəttə,
özümün də illər boyu qazandığım təcrübə
tələbənin bizim “formata” uyğun gəlib-gəlmədiyini
ayırd etməyə imkan verir, buna görə də əminliklə
deyə bilərəm ki, truppamızdakı gənclər bu
gün “trenddədirlər”, biz onların işindən
razıyıq.
Həm də vacib olan odur ki, onları yaşlı
aktyorlarımız da qəbul ediblər və bəyəniblər:
mən hətta hər aktyorun oyununu bəyənməyən
yaşca böyük sənətkarlarımızın gənclərimiz
haqqında müsbət fikir söylədiklərini
eşitmişəm.
– Aktyor truppası məmnundursa, deməli, teatrın
direktoru özünü rahat hiss edə bilər.
– Birmənalı olaraq! Aktyor nəsillərinin yerdəyişməsi
onu göstərir ki, teatr var. Teatr bundan sonra da var olacaq! Vaxtilə
çox gənc yaşlarında bizə gələn
aktyorlarımız artıq Azərbaycanın əməkdar
artistləridir. Çox illər əvvəl olduğu kimi,
onlar təcrübə qazanırlar və qazandıqları təcrübəni,
hətta rolları növbəti aktyor nəslinə
ötürürlər. Tarix təkrarlanır... Üç
aktyor nəsli bir-birini dəstəkləyir. Əgər teatrda
belə bir ənənə yaşanırsa, deməli, onun gələcəyi
də var.
Mədəniyyət.- 2024.-7 iyun,¹42.- S.7.