Oxucudan umacağı yox idi...

 

Vaqif Səmədoğlunun xatirəsi ata ocağında yad edildi

 

İyunun 5-də müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən Xalq şairi, dramaturq, ssenarist, Dövlət mükafatı laureatı Vaqif Səmədoğlunun (1939–2015) anadan olmasının 85-ci ildönümü tamam oldu.

Həmin gün Səməd Vurğunun Ev-Muzeyində şairin xatirəsinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Abdulla Şaiq və Cəfər Cabbarlının ev-muzeylərinin əməkdaşları, şairin həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova, ədəbiyyat və incəsənət nümayəndələri, musiqiçilər iştirak edirdilər.

Muzeyin direktoru tanınmış pianoçu Vurğun Vəkilov tədbiri açaraq şairin bənzərsiz yaradıcılığından danışdı. Qeyd etdi ki, Vaqif Səmədoğlu dövrünün tanınan və sevilən şairi olub: “Vaqif Səmədoğlu yaradıcılığında həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrini özünəməxsus üslubda oxucuya çatdırıb. Bəlkə də, musiqiçi olduğum üçün onu şairdən çox musiqiçi kimi tanımışam”.

Yazıçı-publisist Məti Osmanoğlu çıxışında Vaqif Səmədoğlunun poetik dünyasının özünəməxsusluğundan, poeziyamızdakı yerindən danışdı. Qeyd etdi ki, şairin şeirləri o dövrün “sərbəst şeir” axını içində fərqlənib. Sözün hərfi mənasındakı sərbəstliyə, şeirlərin ruhundakı azadlığa və genişliyə görə: “Vaqifin şeirlərinin üzərində qərəzli tendensiyalılıq, məqsədli “yenilikçilik, ümumiyyətlə, oxucudan qərəzli və minnətli umacaq olmayıb”.

Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu bildirdi ki, Vaqif Səmədoğlu həm danışıq dilimizin, həm də ədəbi dilimizin tezliyində əsərlər qələmə alırdı.

Çıxışlar arasında aktyor, qiraətçi Kamran M.Yunis və digər qonaqların ifasında V.Səmədoğlunun şeirləri səsləndirildi. Pianoçuların müşayiəti ilə caz mövzusunda improvizələr təqdim olundu.

Sonda tədbir iştirakçıları Vaqif Səmədoğlunun fotolarından ibarət videoçarxı izlədilər.

 

S.Fərəcov

Mədəniyyət.- 2024.-7 iyun,¹42.- S.3.