Sənin qatarın
çoxdan gedib...
Arada kiməsə ağızdolusu bu gerçəkliyi
demək istəyirsən. Kimə? Əlbəttə ki,
aynadakı sənə. Niyə? Çünki arada
lazımdır! Özü də ən çox özünə
qarşı yanlışlığa yol verib susanda.
İşıq dirəyinin başındakı uçmuş
yuvasından nigaran leylək kimi gözün uzaqlara dikiləndə...
Doğrudan sənin, mənim, onun qatarının
çoxdan getdiyini kim təyin edir? Nə bilmək olar, bəlkə
heç nə o vağzal, nə o sərnişin, nə də
bu təyini verən bir kimsə yoxdur. Amma yox, bizim vağzalda
saat var və o lənətə gəlmiş əqrəblər
həmişə 21:15-i göstərir. Eybi yox, əsas odur ki,
vağzal bələdçisinin daim pürrəngi
çayı, kötüyü qalmış süpürgəsi
və susmayan fıştırığı var. Belə
yaşamağa nə vardı?!
Ötən ay (11 may) Yuğ Dövlət Teatrında
türkiyəli dramaturq, məşhur beyin cərrahı Toyqun
Orbayın Azərbaycan teatr camesinə yaxşı
tanış olan “21:15 qatarı” tamaşasının
premyerası oldu.
Səhnə əsərini teatrın baş rejissoru
Mikayıl Mikayılov hazırlayıb. Tamaşanın mənim
üçün üstün cəhəti onun iki heyətlə
– yaşlı və nisbətən gənc nəsil aktyorlarla ərsəyə
gətirilməsidir. Bu, müqayisə və təcrübə
mübadiləsi üçün əla fürsətdir.
Birinci heyətdə rolları Xalq artisti Məmmədsəfa
Qasımov (Kişi sərnişin), Əməkdar artistlər
Gülzar Qurbanova (Qadın sərnişin), Fərhad
İsrafilov, Sonaxanım Mikayılova (Vağzal bələdçiləri)
ifa edirdilər.
İkinci heyətdə isə Kişi sərnişin
Elgün Həmidov, Qadın sərnişin Zümrüd
Qasımova, Vağzal bələdçisi isə Vüqar
Hacıyev idi. Tamaşanın quruluşçu rəssamı
Mustafa Mustafayev, rejissor assistenti isə Günel Səfərovadır.
Ondan başlayaq ki, müəllif qarışıq
(bunu bir müsahibəsində oxumuşam) mən də elə
hesab edirəm ki, bu əsər, ümumiyyətlə, səhnələşdirmək
üçün deyil. Çünki müəllif əsəri
həyat həqiqətləri ilə baş-başa qalmağa
məhkum etdiyi təkliklə yazıb. Yəni, bir növ, xəyal
dünyası, irrealıq, bəlkə də heç vaxt
baş verməyən hadisənin adi təzahüründə
özünəməxsus gedişlərlə. Pisdirmi? Yox. Niyə?
Çünki orada hər birimizə tanış sadə həqiqətlər
var və az qala hamımız bunları əzbər bilirik.
Amma nə yazıq ki, əməl eləmirik...
Məlumat üçün deyim ki, müəllifin bu
birpərdəli pyesi 2002-ci ildə yazılıb və ölkəsi
də daxil olmaqla bir neçə teatrın səhnəsində
sənət ömrü yaşayıb. Elə bizim bir neçə
teatrımızda da. Heç kim inciməsin, amma bu tendensiya da
dəyişmək bilmir. Arayıb-axtarmaq, dramaturji mətndən
çox traktovka üzərində var-gəldən, rejissor
açarı dediyimiz o nəsnə ilə tablaşa bilmədiklərindən
az qala eyni müəlliflərin eyni əsərlərinə
müraciət edirlər. Hazır nümunə üzərində
işləməyə nə var...
Sözsüz ki, bu tamaşada Xalq artisti Məmmədsəfa
Qasımovu, səhnə-sənət cazibəsini heç vaxt
itirməyən Əməkdar artist Gülzar Qurbanovanı, eləcə
də “Yuğ”un veteranları, teatrın yol yoldaşları
Əməkdar artistlər Sonaxanım Mikayılova və Fərhad
İsrafilovu unutmaq olmaz. Amma bu fonda nisbətən gənc nəsli
– istənilən rolunda tamaşaçı ilə arasında
ustalıqla rabitə yaradan Zümrüd Qasımova və
Elgün Həmidov, eləcə də səsi, yumoru, tamaşa
boyu gözlənilməz təsiri bağışlayan, əslində,
mizana uyğun maneraları ilə seçkin Vüqar
Hacıyevi deməyə bilmərəm.
Səhnə əsəri mövzu, ideya, janr və
üslub xüsusiyyətləri baxımından onsuz da
ağır idi. Dar məkanda qurulmuş əlverişsiz
dekorasiya və tərtibat sarıdan da istənilən
effektivlikdə deyildi. Ancaq quruluşçu rəssamın
planetlərarası rabitə kabinəsi, son dəbə
uyğun dördbucaqlı peyki, ya da ayaqüstü tabutu
yaxşı düşünülmüşdü. Musiqi tərtibatı
və işıq həlli də ümumi ovqatı, “Yuğ”un
poetikasına vurğunu kifayət qədər aydın ifadə
edirdi.
Mənə elə gəlir ki, ümumiyyətlə, bu
tamaşanın quruluş işi “Yuğ”un hazırda yerləşdiyi
məkana – Dövlət Kukla Teatrının kiçik
zalına yox, akademik səhnəyə hesablanıb. Təsvirə
ümumi planda baxanda, bilirsiniz nəyə bənzəyir?
Kiçik hissələrə ayrılmış və ən
vacib detalı olmayan böyük bir pazla.
Sözsüz ki, tamaşa yaxşıdır və
haqqında söz deyiləcək işdir. Məhz texniki məsələlər
üzərində dayanmağımın vacib səbəbi var:
aktyor oyununa maneə. Bunu etiraf eləmək çətindir.
Daha doğrusu, yazarkən belə narahat oluram. Amma istənilən
rejissor yeni quruluş üçün seçdiyi nümunədə
rejissor “mən”indən çox aktyor “sən”inə tərəf
“əy”ilməlidir. Çünki rejissorun işinin göstəricisi
də məhz aktyorun oyunudur. Aktyor mətndən, oyun, üslub
xüsusiyyətlərindən çox rekvizitdə, yəni
vizual təfərrüatda qalırsa, biz ondan yaxşı
ifaçılıq, dərin mətləblər
üçün fundamental oyun gözləyə bilmərik.
Doğrudur, bu gün teatr, çağdaş rejissura,
xüsusən də bu əsər monumentallığı diktə
etmir. Amma və lakin oyundakı aktyorlar və onların
keçmiş olduğu teatr məktəbi başqa lada
köklənib...
Bunu da yazmağı özümə borc bilirəm ki,
M.Mikayılov öz nəslinin ən adekvat, ən intellektual və
sözsüz ki, ən maraqlı rejissorudur. Özü də
bunu fərqli teatrlarda verdiyi quruluşlarla çoxdan təsdiqləyib...
Qatar gəlməyən bir vağzal və o vağzalda
bir qurban “sərnişin” var. Kişi sərnişin
(M.Qasımov, E.Həmidov) vağzal skamyasında ağayana
oturub gözləyir. İşinin adı budur. Məgər
hamımız bütün həyatımız boyu gözləmirik?
Qəhvəyi plaşı, şlyapası,
qulaqcığı, qəzeti, kitabı. Qısacası, əl-ətəyi,
başı-gözü yoldadır. Ona gələcək və
ya gəlməyəcək qatar qətiyyən maraqlı deyil.
Onsuz da heç vaxt və heç kim əsas mənzilbaşına
çatmadan gedir sonuncu mənzilə. Əslində, heç
ora varmı? Yaxud ora sonuncu mənzildirmi? Bu Kişi sərnişin
də nə bizi, nə vağzal məmuru olan bələdçini,
nə də gəlməyəcək qatarı vecinə almadan
gözləyir. Başqa çarəsi də yoxdur. Onsuz da
bizim nə dünyaya gələndə, nə də gedəndə
seçim şansımız olmayıb. Dünyaya gələndən
gözləmişik hakimi–mütləq olan ölümü.
İndi isə hər şey bir rəngdədir: yoxluğun
qatı təsvir çalarında.
Qadın sərnişin (G.Qurbanova, Z.Qasımova) həyəcanlıdır.
Həyatla, reallıqla hesablaşmır. Üsyan edir. Gözləmək,
açıq suallara cavab tapmaqdan yana çox vaxt sərf edib.
Nə bilmək olar, bəlkə də ölümdən
qaçmaq, yaxud da heç olmamaqdan qurtulmaq üçün
yeni liman, yeni sahil, vağzal gəzir?! Ona görə də
mücərrəd olan hamıdan və hər şeydən
qaçdığı anda həqiqətlər dolu kimi
başına yağır. Kişinin və həqiqətin
ağuşunda gah məst olur, gah əzab çəkir, gah
xoşbəxt olur, gah da...
Sözsüz ki, bunların heç biri Vağzal məmurunun
(F.İsrafilov, S.Mikayılova, V.Hacıyev) vecinə deyil. Bədbəxt
elə hesab edir ki, lazımi məqamda lazımi yerdədir. Sadəcə,
bircə qatar gəlmir. Gəlsə, hər şey
yaxşı olar. Hətta iki platformalı vağzalın
olması möcüzə kimidir. Amma o da pis olmazdı ha. Nə
də olmasa, çox vacib adamdır.
Fıştırığı başımıza düşsə
də, süpürgəsi həqiqətlərimizi zir-zibilinə
qatıb kürüsə də, bədbəxtliyini anlamasa da,
təkcə pürrəngi çayı yaxşı
süzdüyünə görə o vağzalda yox olmaq olar.
Biz hamılıqla əmrsiz, göstərişsiz, tələbsiz,
tabesiz dura bilmərik...
Rejissor və müəllif bizi psixoloji ekzistensializm
janrına, yəni insan və onun mövcudluğu
problematikasına kökləsə də və biz
başıalovlu bilib-bilmədən oralarda itib-batsaq da,
mütləq bir “bələdçi” gəlib bizi tapıb cəzalandıracaq.
Çünki istədik-istəmədik, biz bu həyata
məhkumuq. Qaydalar qutusunun içində qəliblənib
qalırıq. Kişi sərnişin təxminən belə
deyirdi: “Kiçik dəmir qutulardan (nəqliyyat) beton qutulara,
oradan da... gedirik”.
Bir göz qırpımında başına qapaz kimi dəyən
bu həqiqətdən qaçmaq üçün cəhd
göstərirsən. Amma uğursuz cəhd. Sən çoxdan
bir qutu ilə başqa qutu arasındakı cazibəyə
uduzmusan. Yəni fərdin başlanğıc və bitiş
nöqtəsini təyin və müəyyən etmək sənin
“başın” üçün deyil. Tez ol, gir qutuna...
Hər iki heyətin təqdim etdiyi oyunu maraqla izlədim.
Düzdür, darıxdığım, mənə görə
(həm də mövzunun həlli baxımından göstəricilər
şərti ilə), uzun, bəzi məqamlarda aktyorların
cansıxıcı şəkildə “dartdığı” səhnələr
də az deyildi.
Amma birinci heyətdə tamaşanın
yükünü birmənalı M.Qasımov çəkdi.
Özü də yəqin o səbəbdən gərgin təsir
bağışladı. Eləcə də G.Qurbanova. Bilmirəm,
ya ikinci oyunun verdiyi həyəcan, ya da narahat geyim və
dekorasiyanın təsirindənmi, məncə, ilk heyətdə
bir məqamdan sonra hər aktyor öz oyununa, yəni öz
qınına çəkildi. Bu da ümumi fikrin, əsərin
rejissora ötürdüyü ideyanın aktyor realizəsində,
bir növ rejissor-aktyor-tamaşaçı enerji mübadiləsində
narahatlığın səbəb olduğu müəmma
yaratdı.
Mətnin çoxluğu, mətləblərin
ağırlığı və pyesin uğursuz, səthi tərcüməsi
də öz işini gördü.
İkinci heyət isə daha dinamik, komik, ovqatın
mahiyyətindən çıxış etməklə bir
sıra məqamlarda interaktiv oyun göstərdi.
Zümrüd-Elgün dialoqu çox maraqlı, baxımlı
idi. V.Hacıyev plastikası, vokal imkanları və
sözsüz ki, yaşının bəxş etdiyi çevik
maneraları ilə məhdud məkanda öz azad bədən
ifadəsini verdi.
Ümumiyyətlə, əvvəldə də qeyd
etdiyim kimi, ustadlarla istedadların oyun müqayisəsində
yaxşı tamaşadır. Müqayisə zamanı arada mənə
elə gəldi ki, ayrı-ayrı rejissorların
tamaşasıdır. Mübaliğə eləmirəm. Bəzi
məqamlarda fərq bu qədər nəzərəçarpacaq
oldu. Sözsüz ki, hər birinin öz yeri var...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2024.-7 iyun,¹42.- S.5.