Əməkdar rəssamın
xatirə sərgisi
İyunun 4-də Azərbaycan Rəssamlar
İttifaqının (ARİ) Vəcihə Səmədova
adına sərgi salonunda mərhum fırça ustası,
Əməkdar rəssam Kərim Cəlalın (1944–2008) 80
illiyinə həsr olunan sərginin açılışı
keçirildi.
ARİ-nin sədri Xalq rəssamı Fərhad Xəlilov
fırça ustasının yaradıcılıq
dünyasından söz açdı. Bildirdi ki, Kərim Cəlalın
yaradıcılığında ən diqqətçəkən
cəhət çoxlarına adi görünən motivləri
gündəmə gətirməsidir. “Çörəyin ətri”,
“Kənd motivi”, “Rəssamın ailəsi” və s. əsərlərində
təqdim olunan ənənəvi motivlərdə müəllifin
gördüklərindən heyrətləndiyi sezilir.
Əməkdar incəsənət xadimi, sənətşünas
Ziyadxan Əliyev bildirdi ki, Kərim Cəlalın əsərləri
müxtəlif janrları, dəyişkən mövzuları əhatə
etsə də, onlarda müəllifin obyektiv baxışı
duyulmaqdadır: “O bu yaradıcı və insani mövqeyi kiməsə
xoş gəlmək naminə yox, özünün həyat fəlsəfəsini
təşkil edən xeyirlə şər arasında səddin
pozulmasına imkan verməmək üçün nümayiş
etdirib. Odur ki, əsərləri müxtəlif həyat
müstəvilərində qərar tutan insanları belə
eyni dərəcədə cəlb etməkdədir. Bu
marağı həm də Kərim Cəlalın
hamımızın baxdığı, lakin görə bilmədiyi
reallığı suallara bələyə bilməsi şərtləndirib.
Ən maraqlısı isə bu sualların keçmişimizdən
bu günə və gələcəyə
ünvanlanmasıdır. Bu isə rəssamın əsərlərinin
hələ uzun müddət müasir görünəcəyinə
zəmanət verir”.
Kərim Cəlalın dərs dediyi tələbələri
onun xatirəsini hər zaman ehtiramla yad etdiklərini dedilər,
müəllim kimi qayğıkeşliyindən söz
açdılar.
Rəssamın həyat yoldaşı Hüsniyyə
xanım sərginin təşkilatçılarına və
qonaqlara təşəkkür etdi.
Sonra qonaqlar sərgi ilə tanış oldular.
Təqdim olunan əsərləri izlədikcə
müəllifin milli-mənəvi dəyərlərimizə
tapındığını və onlardan
yaradıcılığında faydalandığını
görürük. Tarixi şəxsiyyətlərimiz, muğam
sənətimiz, mədəni dəyərlərimiz rəssamın
tablolarının əsas mövzusudur. “Azərbaycan
muğamı” triptixi bu baxımdan diqqəti xüsusilə cəlb
edir. Bu tablolarda həm də musiqimizin tarixini
görürük. Koroğlu obrazında Bülbül,
Lütfiyar İmanov, muğam ustadlarımız... hər bir əsər
bir tarixdir. Eləcə də milli motivlər, adət-ənənələr,
həmçinin tarixi-mədəni yaddaşa işıq salan
“Attila”, “Dədə Qorqud” əsərləri. Rəssamın sənət
dünyası Azərbaycanın mədəni həyatına səyahəti
xatırladır.
Qeyd edək ki, Kərim Cəlal Füzuli rayonunda anadan
olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət
Rəssamlıq Məktəbini və Azərbaycan Dövlət
İncəsənət İnstitutunu bitib. Beynəlxalq sərgilərdə
iştirak edib. 1994 və 2004-cü ildə fərdi sərgiləri
təşkil edilib. Əl işləri ABŞ, Almaniya, İran
və Hollandiyada şəxsi kolleksiyalarda saxlanılır.
Lalə Azəri
Mədəniyyət.- 2024.-7 iyun,¹42.- S.5.