Bakıda növbəti Türk filmləri
həftəsi keçirilib
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi
və Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı
ilə 1–5 iyun tarixlərində Bakıda 7-ci Türk filmləri
həftəsi keçirilib.
Nizami Kino Mərkəzində təşkil olunan kino həftəsinin
açılış mərasimində Türkiyənin
Bakıdakı səfiri Cahit Bağcı, Yerli
Düşüncə Dərnəyinin sədri Metin
Gündoğdu, layihənin koordinatoru Öner
Kılıç, hər iki ölkənin kino ictimaiyyətinin
nümayəndələri və digər şəxslər
iştirak ediblər.
Sənət həftəsi “Sadıq Əhməd –
böyük mübarizənin hekayəsi” adlı filmlə
açılıb. Film Qərbi Trakya (Yunanıstanın
şimalında türklərin yaşadığı bölgə)
türk azlığının lideri mərhum Sadıq Əhmədin
(1947–1995) həyatından bəhs edir.
Nümayişdən öncə çıxış
edən Türkiyə səfiri Cahit Bağcı bildirib ki,
layihənin məqsədi kino sahəsində əməkdaşlıqla
Azərbaycan-Türkiyə əlaqələrinin
inkişafına töhfə verməkdir. “Layihə çərçivəsində
kinosevərlərin böyük marağına səbəb
olan məşhur filmlər, eləcə də beynəlxalq
mükafatlı ekran əsərləri təqdim olunur. Biz həm
də bu filmlərlə türk kinematoqrafiyasının
imkanlarını nümayiş etdiririk”, – deyə diplomat
bildirib.
Səfir həmçinin “Sadıq Əhməd” filmi
barədə də məlumat verib. Qeyd edib ki, Sadıq Əhməd
Qərbi Trakya türklərinin haqq davasının simvolik
adıdır: “Haqq mübarizəsini sona qədər müdafiə
edənlər, zülmə boyun əyməyənlər hər
zaman Sadıq Əhməd kimi olub. Zəfərlə bitən
uğur hekayələrinin hamısında biz Sadıq Əhmədləri
görürük”.
Sonra film nümayiş olunub.
Qeyd edək ki, həftə çərçivəsində
kinosevərlər “Son şam yeməyi”, “Həyatla
barış”, “Nəfəs: Yer eksi iki” və “Rafadan tayfa:
Hayrimtör” filmlərini izləyiblər. Film nümayişləri
ilə yanaşı, Türkiyədən gələn rejissor,
aktyor və prodüserlərin azərbaycanlı həmkarları
ilə görüşləri olub. Sənət mübadiləsi,
birgə layihələr barədə fikir mübadiləsi
aparılıb. Türkiyəli kinematoqraflar eyni zamanda Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində tələbələrlə də
görüşüblər.
L.Azəri
Mədəniyyət.- 2024.-7 iyun,¹42.- S.2.