Görkəmli ədəbiyyatşünas,
mahir tənqidçi
Məmməd Arif-120
XX əsr Azərbaycan ədəbiyyatşünaslığından
söz açılanda ilk yada düşən alimlərdən
biri də ədəbiyyatşünas, tənqidçi, tərcüməçi,
pedaqoq, nasir, ictimai və dövlət xadimi, akademik Məmməd
Arif Dadaşzadədir. İyunun 10-da görkəmli elm xadiminin
anadan olmasının 120 illiyi tamam olur.
Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə
10 iyun 1904-cü ildə Bakıda anadan olub. İlk təhsilini
rus-tatar (rus-Azərbaycan) məktəbində alır. Bir
müddət müəllimlik edir. 1920–1925-ci illərdə
Bakı Xalq Maarifi İnstitutunda təhsilini davam etdirir. Tələbəlik
dövründən bədii yaradıcılıqla da məşğul
olur. 1923-cü ildə “Molla Nəsrəddin” jurnalında “Məğmun
xızılı” imzası ilə “Bədgümanam”, “Belə
getsə düzələr”, “Elan”, “Mərsiyə xəbərləri”
felyetonları dərc edilir. Eyni zamanda şeir və hekayələri
də dövri mətbuatda işıq üzü görür.
Gənclik vaxtlarından onda arayıb-axtarmaq,
faktların arxasınca gedib həqiqəti üzə
çıxarmaq həvəsi də yaranırdı. İllər
ötdükcə Azərbaycan və dünya klassik ədəbiyyatı,
ədəbiyyat nəzəriyyəsi, müasir ədəbi
proses, ədəbi-mədəni əlaqələr onun əsas
tədqiqat obyektlərinə çevrilir. 1931-ci ildə Azərbaycan
Dövlət Universitetinin Şərq fakültəsini bitirir.
Daha sonra Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat
İnstitutunun aspiranturasına daxil olur.
Məmməd Arif 1932–1938-ci illərdə Azərbaycan
xalq maarif komissarının müavini, eyni zamanda Azərbaycan
Pedaqoji İnstitutunda Rus ədəbiyyatı kafedrasının
baş müəllimi, ADU-nun Rus ədəbiyyatı
kafedrasının müdiri işləyib. 1957–1959-cu illərdə
Azərbaycan EA-nın Ədəbiyyat və Dil İnstitutunun
direktoru vəzifəsində çalışıb.
1941–1945-ci illərdə “Vətən uğrunda”
jurnalının redaktoru, Azərbaycan EA Rəyasət Heyəti
nəzdində Terminologiya Komitəsinin sədri olub. 1944-cü
ildə “Azərbaycan sovet ədəbiyyatının
inkişafı yolları” mövzusunda namizədlik, 1954-cü ildə
“Cəfər Cabbarlının yaradıcılıq yolu”
mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.
1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü,
1958-ci ildə isə həqiqi üzvü seçilib. Məmməd
Arif 1960-cı ildən ömrünün sonunadək EA-nın
vitse-prezidenti olub.
Araşdırmalarda qeyd edilir ki, Xalq şairi Səməd
Vurğunun dram yaradıcılığı ilk dəfə Məmməd
Arif tərəfindən monoqrafik tədqiqata cəlb olunub.
Alimin “Səməd Vurğunun dramaturgiyası” monoqrafiyası
elmi ictimaiyyət tərəfindən maraqla
qarşılanıb.
Məlum olduğu kimi, S.Vurğunun “Aygün”
poeması çap olunanda müəllif haqsız tənqidlərə
məruz qalır. Akademik Məmməd Arif 1958-ci ildə
yazdığı “Aygün” və müasirlik” adlı məqaləsində
əsəri yüksək qiymətləndirir. Tədqiqatçı
bildirir ki, poemada qoyulan həyati məsələləri
şair quru öyüd-nəsihət tərzində deyil,
canlı insan xarakterlərinin, təbii və real hadisələrin
təsviri yolu ilə əks etdirib.
Məmməd Arif Azərbaycan ədəbiyyatı ilə
yanaşı, rus ədəbiyyatı klassiklərindən
Aleksandr Puşkin, Lev Tolstoy, Aleksandr Qriboyedov, Mixail Lomonosov,
Anton Çexov, Maksim Qorki, Vladimir Mayakovski, Nikolay Ostrovski və
başqaları haqqında da elmi məqalələr yazıb.
O, araşdırmalarında həmçinin Azərbaycan-rus ədəbi
əlaqələrinə də yer verib. Bu mənada, müəllifin
“Lermontov və Səhhət”, “Krılov və Azərbaycan ədəbiyyatı”,
“Rus klassiki Azərbaycan səhnəsində”, “Nekrasov və
Abbas Səhhət”, “Maksim Qorki və Azərbaycan” məqalələrini
qeyd etmək olar. Alim eyni zamanda ikicildlik “Müxtəsər Azərbaycan
ədəbiyyatı tarixi” və “Azərbaycan sovet ədəbiyyatı
tarixi oçerki”nin müəlliflərindən biridir.
Məmməd Arif tərcümə sahəsində də
fəaliyyət göstərib, R.Taqor, E.Remark, N.Qoqol, L.Tolstoy,
A.Çexov, M.Qorki, N.Ostrovski, A.Barbüs, M.Servantes və
başqa ədiblərin əsərlərini dilimizə
çevirib. Onun əsərləri də bir sıra xalqların
dillərinə tərcümə edilib.
Akademik Şəfaət Mehdiyev 1974-cü ildə “ən
görkəmli elm və mədəniyyət xadimlərindən
biri” kimi qiymətləndirdiyi Məmməd Arifə müraciətlə
yazırdı: “Keçdiyiniz şərəfli yol bizim
üçün də ibrətamizdir. Sizdən təkcə ədəbiyyatşünaslığı
və mahir tənqidçiliyi deyil, bəlkə daha artıq həyatın
keçilməmiş təlatümlü yollarında səbir
və nəzakətlə, gələcəyə böyük
inamla addımlamağı da öyrənmək olar...”.
Məmməd Arif 1963–1967-ci illərdə Azərbaycan
SSR Ali Sovetinin sədri olub. “Əməkdar elm xadimi” (1960) fəxri
adına və “Azərbaycan ədəbiyyatı tarixi”
monoqrafiyasına görə Dövlət mükafatına
(1974) layiq görülüb.
Prezident İlham Əliyevin
müvafiq sərəncamı ilə 2014-cü ildə
görkəmli alimin anadan olmasının 110 illiyi ölkəmizdə
geniş qeyd edilib.
Məmməd Arif 27 dekabr 1975-ci ildə Bakıda vəfat
edib, Fəxri xiyabanda dəfn olunub.
S.Fərəcov
Mədəniyyət.- 2024.-7 iyun,№42.- S.6.