Bolqarıstanda
Şuşaya həsr olunmuş sərgi və konsert
Bolqarıstanın Sozopol şəhərində təşkil
edilən “Soleil” Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində
Şuşa şəhərinin tarixi-mədəni irsinin təbliği
məqsədilə “Şuşa – Azərbaycanın mədəniyyət
irsinin incisi” və “Xarıbülbül – məhəbbət və
sülhün rəmzi” adlı foto və rəsm sərgiləri
açılıb.
Azərbaycanın Bolqarıstandakı Səfirliyindən
bildirilib ki, sərgidə Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa şəhərinin füsunkar təbiətini,
qədim tarixini və zəngin mədəniyyətini təcəssüm
etdirən rəsm və fotolar yer alıb.
Səfir Hüseyn Hüseynov Şuşa şəhərinin
Azərbaycanın tarixi və mədəniyyətində
tutduğu əvəzsiz yeri barədə danışıb, Azərbaycan
mədəniyyəti haqqında ətraflı məlumat verib.
“Şuşa – Azərbaycanın mədəniyyət
irsinin incisi” fotosərgisi Bakı Media Mərkəzinin dəstəyi
və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı
ilə reallaşıb.
Bolqarıstandakı səfirliyimizin dəstəyi və
Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski
adına Sofiya Universitetinin nəzdində fəaliyyət
göstərən Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzinin təşkilatçılığı ilə
tərtib edilən rəsm sərgisində isə
Bolqarıstanın incəsənət məktəblərinin
şagirdləri tərəfindən xarıbülbülü
təsvir edən rəsm nümunələri nümayiş
etdirilib. Mərkəzin direktoru Sofiya Şıqayeva-Mitreska diqqətə
çatdırıb ki, Şuşa bölgəsində bitən
endemik xarıbülbül gülü Azərbaycan xalqı
arasında sevgi və sülh nişanı olması ilə
yanaşı, 2020-ci ilin 44 günlük Vətən müharibəsi
dövründə xalqımızın şanlı Zəfərinin
rəmzinə çevrilib.
Sərgilərin açılışından sonra
festival çərçivəsində musiqili-ədəbi gecə
təşkil olunub. Azərbaycanın Əməkdar artisti, bəstəkar,
pianoçu Turan Manafzadənin ifasında milli və klassik
musiqi əsərləri, həmçinin
Şıqayeva-Mitreskanın ifasında Azərbaycan və
bolqar dillərində Ağabəyim ağa və Xurşidbanu
Natəvanın şeirləri səsləndirilib.
Tədbirdə Sozopol şəhərinin meri,
Bolqarıstanda akkreditə olunmuş diplomatlar, yerli sakinlər,
media nümayəndələri iştirak ediblər.
“Soleil” Beynəlxalq Frankofoniya Festivalında Azərbaycanın
Şuşa şəhərinin tarixi-mədəni irsinə
dair təşkil olunmuş tədbirlər yerli media tərəfindən
geniş işıqlandırılıb.
Sərgilər iyunun 8-dək davam edəcək.
Mədəniyyət.- 2024.-7 iyun,¹42.- S.1.