İllər öncə
qəzetlər nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən (17)
Mətbuat xronikasında bu dəfə yaxın tarixə
və öz qəzetimizə nəzər salırıq. 15 il əvvəl
bu günlər Azərbaycanın mədəni həyatından
mətbu səhifələrdə nələr qalıb? “Mədəniyyət”
qəzetindən iki seçmə...
“Arşın mal alan” Türkiyə səhnəsində
Mersin Dövlət Opera və Balet Teatrının səhnələşdirdiyi
dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun
“Arşın mal alan” operettası Türkiyənin cənub-şərq
bölgəsində göstərilən ilk operetta kimi tarixə
düşüb. Operetta böyük marağa səbəb
olub, salona toplaşanlar tamaşanı sürəkli
alqışlarla qarşılayıblar.
Tunceli valisi Mustafa Yaman tamaşanın nümayişindən
sonra səhnəyə qalxaraq qardaş Azərbaycan bəstəkarının
bu ölməz əsərinin vilayətdə operetta, opera
janrlarında gələcəkdə nümayiş etdiriləcək
əsərlərə yol açacağını bildirib.
Tamaşanın quruluşçu rejissoru Məlik
Öztürk bildirib ki, “Arşın mal alan” operettası
Türkiyənin cənub-şərqində Bingöl, Batman,
Siirt, Bitlis və Hakkari vilayətlərində də göstəriləcək.
Çinlilər xalçalarımızı
saxtalaşdırır
Standartlaşdırma və müəllif hüquqlarının
qorunmasındakı problemlər Azərbaycan mallarına da təsir
etməyə başlayıb. Dövlət qurumları vəziyyətdən
çıxış yolunu şirkətlərin əmtəə
nişanı almasında görürlər. Əmtəə
nişanlarının olmamasına görə ilk zərbə
Azərbaycanın qədim xalçalarına dəyib...
Ermənilərdən sonra indi də çinlilər
xalçalarımızı saxtalaşdırmağa
başlayıblar. Daha dəqiq desək, Çin də bizim
naxışlarla xalça toxuyur və bunları Avropada “Azərbaycan
xalçası” adı ilə satır. Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin patent
şöbəsinin müdiri Miryaqub Seyidov bu məsələyə
aydınlıq gətirərək bildirdi: “Əlimizdə
artıq faktlar var ki, Çində Azərbaycan
xalçaları toxunur və Avropaya çıxarılır.
Avropada hətta erməni mağazalarında erməni
xalçası adı ilə satılan xalçaların əksəriyyəti
Azərbaycan xalçalarıdır”.
...Çıxış yolu Azərbaycan
xalçaları və xalça naxışlarının əmtəə
nişanı kimi qeydiyyatdan keçməyidir. Belə olsa, bu
naxışlardan istifadə edənləri məhkəməyə
verib onlara qadağa qoymaq olar. Artıq “Azərxalça”
İstehsalat Birliyi bunun üçün Patent Komitəsinə
müraciət edib, qurum da məsələni Ümumdünya
Əqli Mülkiyyət Təşkilatı
qarşısında qaldırıb. Təşkilatın
nümayəndəsi Berti Bernsonun sözlərinə görə,
xalçaların və ornamentlərin qorunması
üçün bir neçə üsul var. Əvvəla, bu
naxışlar sənaye nümunələri kimi qoruna bilər.
Təbii ki, ayrı-ayrı bölgələrin özünəməxsus
ornamentləri var. Azərbaycan bununla bağlı mövcud olan
beynəlxalq sazişlərə qoşulmaqla, həmin ornamentlərin
mənşəyini qoruya bilər...
“Mədəniyyət” qəzeti, 10 iyun 2009-cu il
Mədəniyyət.- 2024.- 12 iyun,¹43.- S.6.