Dövlət Teatr Muzeyində insan hüquqlarından bəhs edilib

 

18 iyun 1998-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanda ilk dəfə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul olunub. Prezident İlham Əliyevin sərəncamı (2007) ilə bu tarix “İnsan hüquqları günü” kimi təsis olunub.

Bu günün əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) tərəfindən hər il 18 may – 18 iyun tarixləri “İnsan hüquqları aylığı” elan edilir.

İyunun 11-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə birgə “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici görüş keçirilib.

Görüşdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin əməkdaşı, əməyin texniki müfəttişi Çingiz İbrahimov insan hüquqlarının anlayışı, mahiyyəti, beynəlxalq hüquqda yeri, insan hüquq və azadlıqlarının müdafiəsi, təmin olunması və s. barədə məruzə ilə çıxış edib.

Tədbir iştirakçılarını maraqlandıran suallar ekspert tərəfindən cavablandırılıb.

 

Mədəniyyət.- 2024.- 12 iyun,¹43.- S.2.