“Soyuq suda azacıq günəş”

 

Parisdə azərbaycanlı şairə Ülviyyə Axundova və pianoçu Nazxanım Dadaşovanın iştirakı ilə “Soyuq suda azacıq günəş” (məşhur yazıçı, psixoloji romanlar ustası Fransuaza Saqanın eyniadlı əsərinə bədii göndərmə – red.) adlı musiqili poeziya axşamı keçirilib.

Müasir ədəbiyyatın və musiqi mədəniyyətinin təbliği məqsədini daşıyan tədbir “Azərbaycan-Fransa dialoqu” Assosiasiyasının və Toğrul Nərimanbəyov adına Assosiasiyanın dəstəyi ilə baş tutub. Musiqili poeziya axşamının kuratorları “Azərbaycan-Fransa dialoqu” Assosiasiyasının vitse-prezidenti Aytən Muradova və Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyova çıxış ediblər.

Proqramda müasir poeziya Qara Qarayevin, Debüssinin, Raxmaninovun, Azərbaycan, fransız və rus musiqisinin digər klassiklərinin yaradıcılığı ilə ahəngdar şəkildə təqdim olunub.

Ülviyyə Axundova şairə, yazıçı, tərcüməçi, Rüstəm İbrahimbəyov adına Kino məktəbinin rejissorluq ixtisası üzrə məzunu, mədəni layihələrin kuratorudur.

Nazxanım Dadaşova pianoçu, Moskva Konservatoriyasının məzunu, bir çox beynəlxalq müsabiqə və festivalların qalibidir. Musiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Prezident təqaüdünə layiq görülüb.

 

Mədəniyyət.- 2024.- 12 iyun,¹43.- S.8.