Yaponiyada azərbaycanlı
pianoçunun konserti
Yaponiyanın Kanaqava əyalətinin Yokohama şəhərində
bu ölkədə yaşayan azərbaycanlı pianoçu
Gülnarə Səfərovanın konserti keçirilib.
Konsert Azərbaycan Respublikasının Diasporla
İş üzrə Dövlət Komitəsinin və “Zen On”
musiqi nəşriyyatının dəstəyi, ölkəmizin
Yaponiyadakı səfirliyinin iştirakı ilə “Kenmin Hall”
salonunda gerçəkləşib.
Dövlət Komitəsinin sədri Fuad Muradov
çıxışında Azərbaycan mədəniyyətinin
və incəsənətinin təbliği istiqamətində
Yaponiyada həyata keçirilən layihələr barədə
məlumat verib, Azərbaycan musiqisinə göstərdikləri
diqqətə görə tamaşaçılara minnətdarlığını
bildirib. Qeyd edib ki, ölkələrimiz məsafə
baxımından uzaq olsa da, mədəniyyət bizi birləşdirir.
Diqqətə çatdırılıb ki, Yaponiyada Azərbaycanın
çox istedadlı təmsilçiləri var və
pianoçu Gülnarə Səfərova onlardan biridir. Dahi Azərbaycan
bəstəkarı Qara Qarayevin əsərlərinin
gündoğar ölkədə nəşrini yapon və Azərbaycan
klassik musiqi əlaqələrinin genişlənməsində
vacib addım adlandıran sədr bu layihənin
başlanğıcını qoyan Gülnarə Səfərovaya
təşəkkür edib.
Sonra pianoçular Gülnarə Səfərova və
Kosuke Naranın ifasında Azərbaycan bəstəkarları
Qara Qarayevin və Xədicə Zeynalovanın, eləcə də
N.Metnerin, B.Bartokun və K.Sen-Sansın əsərləri səsləndirilib.
Qeyd edək ki, konsert çərçivəsində
Gülnarə Səfərovanın “Tovuz quşunun nəğmələri”
kitabının təqdimatı da olub.
Mədəniyyət.- 2024.- 12 iyun,¹43.- S.8.