Yüksək
zövqlə yaratdığı əsərlərdə
yaşayır
Münəvvər Rzayeva-95
Paytaxtımızın meydan və xiyabanlarında onun əsərləri
ilə rastlaşanda həmişə qadın və heykəltaraşlıq
sənəti haqqında düşünürəm. Və mənə
elə gəlir ki, bu zərif varlıq ancaq rəsmlər
çəkər, başqa incə sənətlə
uğraşar. Belə monumental heykəltaraşlıq
nümunələrini yalnız kişilər yarada bilər.
Amma yox, istedad və sənət sevgisi xariqələr yaratmağa
qadirdir.
Görkəmli heykəltaraşlarımızdan Əməkdar
rəssam Münəvvər Rzayeva yaratdığı əsərlərlə
bu sənətdə iz qoyanlardandır. O, Mikayıl
Müşfiq, Ayna Sultanovanın büst-abidələri, Nizami
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Bəhmənyar
və Nəsiminin (ağac) heykəlləri, daha sonra bölgələrdə
ucaldılan onlarla heykəl və büstün müəllifidir.
Sənətkarı 95 illik yubileyi münasibətilə
yada saldıq.
Münəvvər Məcid qızı Rzayeva 6 iyun
1929-cu ildə Şuşa şəhərində dünyaya
göz açıb. Orta təhsilini başa vurduqdan sonra
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbinə qəbul olunur. Bu təhsil ocağından
məzun olduqdan sonra təhsilini V.İ.Surikov adına Moskva
Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq
fakültəsində davam etdirir.
M.Rzayeva 1943-cü ildən müxtəlif sərgilərin
iştirakçısı və 1953-cü ildən Azərbaycan
Rəssamlar İttifaqının üzvü olub. O, həmçinin
Mədəniyyət Nazirliyində Dövlət
Komissiyasının üzvü, Nizami adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyində bərpaçı-rəssam
kimi fəaliyyət göstərib. Onun əsərləri Azərbaycan
Milli İncəsənət Muzeyində, Məmməd Səid
Ordubadinin Ev-Muzeyi və digər mədəniyyət
ocaqlarında saxlanılır.
Özünəməxsus dəst-xəttə malik heykəltaraş
olan M.Rzayeva, əsasən, psixoloji portret ustası kimi
tanınır. Yaratdığı obrazların daxili aləmini,
psixoloji durumunu əks etdirmək üçün xüsusi incəlik
və dolğunluq nümayiş etdirir. Görkəmli tişə
ustasının istedadı, zəngin təxəyyülü və
texniki ustalığı sayəsində qranit, mərmər,
bürünc, ağac və s. materiallardan istifadə edərək
yaratdığı heykəllərdə bədii ideyanın
orijinallığı hər kəsdə maraq doğurur.
Əməkdar incəsənət xadimi, sənətşünas
Ziyadxan Əliyev araşdırmasında yazır ki, gənc
heykəltaraş müxtəlif miqyaslı sərgilərdə
iştirak etməklə yanaşı, dövlət sifarişi
ilə də bir sıra əsərlər yaradıb. Onun
gözəl portret yaratmaq istedadı Milli Azərbaycan Ədəbiyyatı
Muzeyi rəhbərliyinin diqqətini cəlb edir. Odur ki, 1958-ci
ildən başlayaraq davamlı olaraq ona daimi ekspozisiyanı bəzəyəcək
məşhur tarixi simaların obrazlarının yaratmaq
sifariş olunur. O, muzeylə bu yöndəki əməkdaşlığını
ömrünün sonuna qədər davam etdirir. Bu gün
muzeyin kolleksiyasında qorunan “İmadəddin Nəsimi”
(ağac), “Əbülhəsən Bəhmənyar” (mərmər),
“Molla Pənah Vaqif” (mərmər), “Hüseyn Cavid” (mərmər),
“Sergey Yesenin” (ağac), “Mikayıl Müşfiq” (kəc), “Məshəti
Gəncəvi” (qalvanika), “Məshəti Gəncəvi və
Əmir Əhməd” (qalvanika), “Şah İsmayıl Xətai”
(gips), “Həsən bəy Zərdabi” (gəc) bu əhəmiyyətli
əməkdaşlığın bədii-plastik təzahürləridir.
Hər bir heykəlin uğurunu onun kompozisiya və plastik forma
biçimi ilə yanaşı, həm də material
seçimi şərtləndirir. Bu baxımdan M.Rzayevanın
çox fərqli təbləri olan söz xiridarlarının
obrazları üçün seçdiyi materiallar, tətbiq
etdiyi yapma manerası çox məntiqli və obrazın
psixologiyasının açılmasına kömək edən
fərdi xüsusiyyətdir.
Yaradıcılığının ilk illərində
yaratdığı portretlər sırasında onun gənc
geoloq-alim Xudu Məmmədova həsr etdiyi əsər də
yüksək bədii-estetik məziyyəti, materiala münasibətilə
diqqət çəkir. Bazalt daşından yonulmuş portretdə
müəllif bədii ümumiləşdirməyə səy
göstərməklə yanaşı, düşüncəyə
qapılmış alimə xas olan səciyyəvi psixoloji cəhətləri
bədii görüntüyə çevirməyə nail olub.
Əsasən, sənət adamlarının heykəlləri,
o cümlədən dövlət xadimləri və əmək
qəhrəmanlarının heykəlləri, büstləri,
barelyef və s. işləri də yüksək qiymətləndirilib.
Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl
Müşfiq, Nazim Hikmətin büstləri onun
yaradıcılığında ayrıca yer tutur.
Görkəmli sənətkarın sonuncu işlərindən
biri Qusar rayonu ərazisində 3 min 763 metr hündürlükdə
dağın “Heydər zirvəsi”nə bərkidilən Ulu
öndərin tunc barelyefi olub.
Araşdırmalarda bildirilir ki, görkəmli sənətkarın
yaratdığı heykəllərin hər bir detalı
obrazın ümumi ideyasının açılmasına xidmət
edir. Bu baxımdan, Məhsəti Gəncəvinin Ədəbiyyat
Muzeyində saxlanılan heykəli öz
emosionallığı ilə diqqət çəkir. Şairənin
zamanında İslam təəssübkeşləri tərəfindən
daim təqib və tənqid olunmasından doğan daxili
narahatlığı əsərdə sənətkarlıqla
verilib. O, heykəl haqda danışarkən deyirmiş ki, M.Gəncəvinin
obrazını yaratmaq onun 20 ilini alıb. Ümumiyyətlə,
M.Rzayeva öz əsərlərinin plastikasında bütün
detallara diqqətlə yanaşıb. Yaratdığı heykəllərdə
gözlərin ifadəliliyinə ustalıqla nail olub. Monumental
heykəllərində baxışların mənası heykəldən
heykələ dəyişib. Belə ki, M.Müşfiqin,
A.Sultanovanın gözlərində donub qalan qorxu
pambıqyığan maşın sürücüsü
S.Qazıyevanın obrazındakı ötkəm, qalib
baxışlarla əvəz olunur.
Əməyi yüksək qiymətləndirilən sənətkar
1992-ci ildə “Əməkdar rəssam” fəxri adına layiq
görülür.
İlk monumentalçı qadın heykəltaraş
Münəvvər Rzayeva 6 iyun 2004-cü ildə, 75
yaşında vəfat edib.
Belə bir söz var ki, sənət adamlarının
iki ömrü olur. Onların ikinci ömrü
yaratdığı əsərlərin ömrü qədərdir.
Görkəmli heykəltaraş da yüksək zövqlə ərsəyə
gətirdiyi abidələrdə yaşayır.
Savalan Fərəcov
Mədəniyyət.- 2024.- 12 iyun,¹43.- S.6.