Səid Rüstəmovun
anım günündə məzarı ziyarət edilib
İyunun 10-da Xalq artisti, görkəmli bəstəkar,
pedaqoq, professor Səid Rüstəmovun (1912–1983) vəfatının
41-ci ildönümündə Fəxri xiyabanda xatirəsi yad
olundu, məzarı üzərinə tər çiçəklər
düzüldü.
Anım mərasimində Beynəlxalq Muğam Mərkəzinin
Səid Rüstəmov adına Xalq çalğı alətləri
orkestrinin kollektivi unudulmaz bəstəkarı dərin ehtiramla
yad etdi. Orkestrin bədii rəhbəri və baş dirijoru
Mustafa Aşurov çıxış edərək bəstəkarın
Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən
söz açdı.
Bildirdi ki, Xalq çalğı alətləri orkestri
Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli
tərəfindən 1931-ci ildə yaradılıb. Bununla nəinki
Azərbaycanda, bütün müsəlman Şərqində
xalq çalğı alətlərindən ibarət
professional notlu orkestrin əsası qoyulub. Həmin ildən
orkestrinin konsertmeysteri (tarzən), 1935–73 illərdə isə
baş dirijoru və bədii rəhbəri olmuş Səid
Rüstəmov bu orkestr üçün bir sıra əsərlər
yazıb. Bəstəkar tar ifaçılığı və
dirijorluq ixtisası üzrə gənc musiqiçi
kadrların hazırlanması işinə də xüsusi diqqət
yetirib, musiqi məktəbləri üçün “Not
savadı” dərsliyinin əsas tərtibçilərindən
biri olub. Azərbaycan Dövlət Konservatoriyasında Xalq
musiqisi kafedrasını yaradıb.
Milli musiqi xəzinəmizə gözəl incilər bəxş
edən bəstəkarın geniş yaradıcılıq fəaliyyətinə
onun ictimai xadim kimi xidmətləri də daxildir. Dahi Üzeyir
Hacıbəylinin vəfatından sonra Azərbaycan Bəstəkarlar
İttifaqına 1949–1952-ci illərdə Səid Rüstəmov
rəhbərlik edib.
Hazırda Səid Rüstəmovun adını
daşıyan kollektiv onun qoyduğu yolu uğurla davam etdirir.
Orkestrin üzvləri Əməkdar artist, tarzən Səbuhi Cəfərov,
kamança ifaçısı Vidadi Paşayev bəstəkar
haqqında xatirələrini bölüşüblər.
Lalə
Mədəniyyət.- 2024.- 12 iyun,№43.- S.5.