“Az. Yaz. Poz.”da
adamı olanlar
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət
Akademik Musiqili Teatrında “Adamın adamı” komediyası yenidən
səhnəyə qayıdıb. Xalq yazıçısı
Anarın eyniadlı pyesi və bəstəkar, Xalq artisti Vasif
Adıgözəlovun musiqisi əsasında hazırlanan
tamaşanın bu günlərdə (6 iyun) premyerası oldu.
Orta nəsil tamaşaçıların xatirindədir
ki, hələ Musiqili Komediya Teatrı statusunda olan sənət
ocağında ümumən bu mövzu və janrda bir sıra
maraqlı, baxımlı əsərlər səhnə həllini
tapmışdı. Onlardan biri də bu nümunə idi.
2005–2010-cu illərdə əsər mərhum rejissor Faiq
Zöhrabovun quruluşunda “Aldın payını,
çağır dayını” adı altında
oynanılıb və dövrün sevilən komediya
aktyorları tamaşada rol alıblar.
Budəfəki quruluşda Əməkdar incəsənət
xadimi Əsgər Əsgərov daim müasir və
ağır qalan məsələni bir az səthi, daha dəqiqi,
mətləbə dolayı yollarla, özü də sarkazm,
satira ilə deyil, daha çox yüngül yumorla
çatdırmağa çalışıb. Bu barədə
bir az sonra...
Səhnə əsərinin quruluşçu dirijoru
Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev,
quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova,
quruluşçu baletmeysteri Əməkdar artist Nigar
Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov,
dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin
Dadaşov, konsertmeysterləri Kamil Həsənov və Fidan Məmmədova,
rejissor assistenti Tamilla Aslanovadır.
Tamaşada Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər
Ələkbər Əliyev, Əkbər Əlizadə,
Çingiz Əhmədov, Şövqi Hüseynov, İqrar
Salamov, aktyorlar Gülcahan Salamova, Ülviyyə Əliyeva,
Gültac Əlili, Türkel Tariqpeyma, Şaban Cəfərov,
Elxan İsmayılov, Hüseyn Əlili, Nicat Əli, Ruslan
Mürsəlov, Cəbrayıl Cəbrayılov, Günay
Qasımova, Nigar Qarayeva, həmçinin teatrın xor və
balet artistləri iştirak edirlər.
Məlumat üçün onu da deyim ki, bu əsər
1979-cu ildə, özü də Anarın özünün
quruluşunda Azərbaycan Dövlət Akademik Dram Teatrında
da səhnələşdirilib. Həmin quruluşda rejissor kimi
Xalq artisti Həsənağa Turabov da töhfəsini
vermişdi. Əliağa Ağayev, Hamlet Xanızadə, Şəfiqə
Məmmədova, Şükufə Yusupova, Rafiq Əzimov,
Hacı İsmayılov kimi görkəmli aktyorların rol
aldığı tamaşa dövri mətbuatda da yaxşı
mənada böyük əks-səda doğurmuşdu.
Fərqli mövzulara özünəməxsus
baxışı ilə seçilən, yenilikçi
düşüncəyə malik Anarın dramaturgiyasına xas
xüsusiyyətlər bu əsərdən də yan
keçmir. Biz “Az. Yaz. Poz.” adlı idarədə baş verən
hadisələr və oradakı insanların timsalında cəmiyyətdəki
naqisliklər, bəzi insanların çəpər
psixologiyası ilə rüşvətə,
yerlibazlığa, qohumpərəstliyə
qurşanmasının və kreslo güdazına getməsinin,
daha doğrusu, bunun uğruna hər şeyini itirməsinin
acı nümunələrini görürük.
Müəllifin problemə komik planda yanaşması,
“arxalı köpək qurd basar” misallı tiplərə təpkisi
bədnam əməllərin ifşası, teatr, səhnə
adlı silahla, komediyanın ayrı-ayrı ifadə
formaları ilə öldürücü gülüşlə
məhvinə hesablanıb.
Amma heç də hər şey qara rəngdə
deyil. Baxın, əsərin qəhrəmanları iki ayrı
qütbdə birləşirlər: düzgünlük, ədalət
tərəfdarı olan zəhmətkeş Bağır, müəyyən
məqamlarda Balaxanım, Tahir, Süsən. Onların əksinə
olaraq isə hər cür əclaflığa əl atan mənfəətpərəst
və yaltaq, özündən yuxarıdakı vəzifəliyə
yarınmaq üçün dəridən-qabıqdan
çıxan İbişli, Fərəc, Nazlı da var.
Ə.Əsgərovun quruluşunda da bu məqamlar
ön plandadır. O da əsərdən çıxış
edərək ədalətsizliyin, ikiüzlülüyün,
saxtakarlığın ifşası üçün
tipajlarını bütün çılpaqlığı ilə
təqdimata çalışır. Amma...
Tamaşada yadımda qalan bir neçə fraza fikrimə,
az da olsa, bələdçilik edəcək. Məsələn,
“Pul cırım səninçün”, “Pulun gücünə
vurma cədvəlini də dəyişmək olar”, “Pulun
açdığı qapını avtogen də deşə
bilməz” kimi frazalar, bundan başqa, ideyanın məntiqi
ardıcıllıqla ifadəsi üçün mayak olan
maneralar tamaşada lağlağı səviyyəsində, elə-belə,
üzərində dayanılmadan keçdi.
Mizanlar rabitəsiz, aktyorların oyunu əsas etibarilə
o qədər özbaşına ovqatda idi ki, bir anlıq mənə
elə gəldi ki, tamaşada rejissor olsa da, “pyes oxunuşu”ndan
sonra da heyət Allahın ümidinə buraxılıb.
Ümumiyyətlə, mənə çox maraqlıdır,
gülməli olsun, tamaşaçı əl çalsın,
uğunub getsin deyə əsərin mətni üzərində
bu qədər əllaməliliyə dəyərmi? Hərçənd
müəllifin bu satirik komediyasında, məhz bu teatrda bundan əvvəl
qoyulan quruluşda da antipodlara, zəhmətsiz gəlir
dalınca qaçanlara sərt münasibət vardı.
Əsərdə bir bazar düşüncəli
Əli Əyrizadə var. Müəllif onun timsalında
tamahkar və rüşvətxor bazar adamlarının əliəyriliyi
başqalarına da asanlıqla öyrətdiyini, öz yaramaz əməlləri
sayəsində idarələri də piştaxta hesab etdiyini
göstərir. Tamaşada isə biz yalnız pul cıran, pul
səpən periferik bir ünsürü görürük.
Onun timsalında müəllif ideyası və obrazlara
münasibəti qalır aktyorun “cibində”.
Nazlı Qəmzəli (II müavin) rolunun
ifaçısının səhnəyə nə
üçün çıxdığını
tamaşaçı sonadək anlamadı. Ondan fərqli olaraq
İbiş İbişlinin I müavini Fənd Fərəc
daha adekvat, daha bitkin oyunla göstərildi. Köhnə
quruluşda rol alan aktyorlar – İbiş İbişli, At
Balaxanım obrazlarında oturuşmuş oyun sərgilədilər.
Amma bir növ, köhnə quruluş və heyətin
nostalgiyasında könülsüz, candərdi oynadılar.
Amma bütün hallarda tamaşaçı onlara baxdı.
Tamaşada səliqəli, obrazı ilə səsləşən,
səhnədə xüsusilə nəzərəçarpan
oyunu ilə seçilməyə müvəffəq olan Xəbərçi
Xədicə, Əhmədi Biqəm, Tərs Tahir, Mirzə
rollarının ifaçıları klassik komediyanın tələblərini
düzgün dərk etdiklərindən istər mono, istərsə
də dialoqlarda tempi sonadək saxladılar.
Balet və xor truppası bu dəfə də yaxşı
təəssürat yaratdı.
Ümumilikdə isə ikihissəli musiqili komediyada
vokal artistləri (Ş.Cəfərov, Ə.Əliyev,
Ə.Əlizadə, Ü.Əliyeva, T.Tariqpeyma istisna olmaqla)
ifa zamanı əməlli-başlı əziyyət çəkdilər.
Sanki onların səs imkanları ilə orkestrin (dirijorun) seçdiyi
tonallıq üst-üstə düşmürdü.
Səhnəyə dinamizmi artırmaq, izafi hərəkət
vermək və prosesin dağınıqlığını
göstərmək üçün təyin olunmuş tərtibat
– idarədə təmirin getdiyinə işarə
üçün daim balet artistlərindən ibarət usta
geyimli şəxslərin qapılarla oyunbazlığı,
sağ küncündəki maneə zolağı, lentlənmiş
hissə, səhnədəki “ştanketdən” iri hərflərlə
asılmış “Müvəqqəti çətinliyə
görə üzr istəyirik” lövhəsi tərtibata
oynaqlıq gətirməyə hesablanmışdı və məqsədinə
də nail oldu.
Bütün hallarda tamaşa dağınıq idi. Səbəbi
isə sadəcə, kədərlidir: rejissorun aktyorlar (bəziləri)
üzərində hakimiyyəti çox zəifdir.
Sözsüz ki, bu da komediya tamaşasının səhnəarxası
dramatizmi kimi anlaşılandır. Amma və lakin, səhnə,
əlahəzrət teatr şəxsi ərkəsöyünlük
və xalturanı sevmir və bağışlamır. Axı
sizli-bizli (tamaşaçılar olaraq) istəyimiz sənətə
xidmət missiyalı yaxşı tamaşalara baxmaqdır. Bunu
hazırlamaq və təqdim etmək isə elə də
çətin deyil. Üstəlik, yaradıcı heyətin də
buna potensial imkanı varsa...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2024.- 12 iyun,¹43.- S.5.