Kərkük türklərinin
görkəmli maarifçisi Əta Tərzibaşı
TÜRKSOY-da yad edilib
İyunun 10-da Ankarada, Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı – TÜRKSOY-un Katibliyində İraqın
etnik türkmanlarından olan ictimai xadim, maarifçi,
yazıçı və şair Əta Tərzibaşının
100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları arasında
AMEA-nın Ədəbiyyat İnstitutunun nümayəndələri
də olub.
TÜRKSOY baş katibinin müavini Sayit Yusuf
açılış sözündə Əta Tərzibaşının
əsərlərinin əhəmiyyətini qeyd edib, əksəriyyəti
bu gün Kərkük əyalətində yaşayan İraq
türkmanlarının ədəbiyyatının və mədəniyyətinin
inkişafına verdiyi töhfəni vurğulayıb.
Qeyd edilib ki, TÜRKSOY-un məqsədlərindən
biri bütün türk xalqlarının irsinin təbliğ
edilməsindən ibarətdir. “1993-cü ildən başlayaraq
təşkilatımız Türk dünyasının ortaq dəyərlərini
qoruyub saxlamağa və təbliğ etməyə
çalışır. İraq türkmanlarından olan
Əta Tərzibaşının yaradıcılığı
da belə dəyərlərimizdən biridir. Ölkələrimizin
belə tarixi şəxsiyyətləri nə qədər
çox olarsa, həmrəyliyimiz də bir o qədər
güclü olar”, – deyə S.Yusuf bildirib.
Tədbir çərçivəsində Kərkük
Mədəniyyət Cəmiyyətinin sədri Şəmsəddin
Kuzəçinin Əta Tərzibaşının fəaliyyətinə
həsr olunmuş kitabı təqdim olunub.
Müəllifin bildirdiyinə görə, Əta Tərzibaşının
Azərbaycan mədəniyyətinin ərəb
dünyasında təbliğində mühüm xidmətləri
var. Hələ 1952-ci ildə o, görkəmli Azərbaycan
maarifçisi, Mustafa Kamal Atatürkün yaxın
silahdaşı Əhməd Ağaoğlu haqqında məqalə
yazıb. Məqalə Misirin “Əl-Risal” nəşrində dərc
olunub, 70 ildən sonra isə ərəb dilindən Azərbaycan
dilinə tərcümə edilərək “Elm” jurnalında, eləcə
də bəzi qəzetlərdə çap olunub.
Ş.Kuzəçi onu da dıqqətə
çatdırıb ki, Əta Tərzibaşı dahi
şairimiz Füzulinin irsi haqqında 22 məqalənin müəllifidir,
onun Nəsiminin yaradıcılığı haqqında nəşrlər
toplusu da çapdan çıxıb. Kitabları
dünyanın altı ölkəsində, o cümlədən
Azərbaycanda dərc olunub. Əta Tərzibaşı
2016-cı ildə vəfat edib, Kərkükdə dəfn
olunub.
Mədəniyyət.- 2024.- 12 iyun,¹43.- S.3.