Şimşəklərlə
səslərin bəhsi günü
Vokalçıların Bülbül adına IX Beynəlxalq
Müsabiqəsinin final tədbiri – qaliblərin
mükafatlandırılması iyunun 9-da Şuşada, Avropa
üslublu Azərbaycan klassik vokal məktəbinin banisi
Bülbülün Ev-Muzeyində olacaqdı.
Bir gün əvvəldən biz – tədbiri
işıqlandıracaq media nümayəndələri
müsabiqə qalibləri, təşkilat komitəsinin və
münsiflər heyətinin üzvləri ilə birlikdə
yola çıxdıq. Axşamüstü Şuşa bizi
göy gurultusu, güclü leysanla qarşılayanda bir az
narahat olduq: görəsən, sabah hava açıq havada
keçiriləsi konsertə öz təbii düzəlişlərini
etməyəcək? Axı hər necə olsa, bura dağlar
qoynuna sığınmış, bir gündə dörd fəsil
havası bəxş edən Şuşadır. Bircə
müsabiqə iştirakçıları sakit
görünürdülər: o da Şuşa havasının
sürprizlərindən xəbərsizlik səbəbindən…***
Ertəsi gün günortayadək yağan narın
yağış gəzinti planlarımıza əl gəzdirsə
də, fikirləşdik ki, yəqin elə bugünkü
yağış payımızı aldıq. Üstəlik,
günortanın istisi də konsert zamanı təbiət
şıltaqlığının yaşanmayacağına
kövrək inam yaradırdı.
***
Nəhayət, Bülbülün Ev-Muzeyindəyik. Həyətdə
səhnə qurulub. Səyyar teleyayım qurğuları yerində,
təşkilat komitəsi hazırlıq işlərini
tamamlayıb, Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin musiqiçiləri alətlərini
sazlayırlar, bir sözlə, hər kəs öz işinin
başındadır.
Müsabiqə finalçıları səhnə
libaslarını geyinib çıxışa
hazırlaşırlar. Bu arada Azərbaycan milli geyimində iki
sarışın yeniyetmə qız da gözə dəyir.
Onların kimliyini bir azdan biləcəyik.
Hələliksə, baxışlarımız
başımızın üstündə bozun gərəkli
çalarını tapmağa çalışan rəssamın
palitrasındakı rəngin gah qatılaşan, gah da seyrələn
buludların hərəkət istiqamətini izləyirik,
küləyin acığa düşüb göydən
asılmış buludları uzaqlara qovacağına ümidliyik.
Nəhayət, populyar aparıcı Saleh Bağırov
səhnəyə çıxaraq, IX Bülbül müsabiqəsi
barədə faktları çatdırır. Müsabiqədə
iştirak etmək üçün 30 ölkədən 212 nəfər
müraciət edibmiş. Münsiflər heyətinin üzvləri
seçim turunda videoyazılış dinləmələrindən
sonra 130 nəfəri birinci tura keçiriblər. Birinci turdan
sonra isə 41 nəfər ikinci tura vəsiqə alıb.
Onların arasından final tura keçən və artıq
müsabiqənin diplomantı, yaxud laureatı adına namizəd
16 nəfəri seçmək lazım gəlib. Ən
yaxşı səsləri, ən mükəmməl səhnə
performansını sərgiləyən 16 nəfəri
seçməklə də münsiflər özlərini
çətinə salıblar: çünki
üçüncü turdan sonra mükafatların verilməsi
məşvərəti təxminən beş saat davam edib.
Əməkdar artist Fuad İbrahimovun idarəsi ilə
simfonik orkestrin ifasında Üzeyir Hacıbəylinin
“Koroğlu” operasından “Uvertüra”nın səslənişi
ilə konsert başladı. Buradaca qeyd edək ki, bütün
çıxışlar boyu orkestri dörd dirijor – Əməkdar
artistlər Əyyub Quliyev və Fuad İbrahimov, həmçinin
Mustafa Mehmandarov, Murtuza Bülbül idarə edirdi.
Öncə müsabiqənin diplomantları bir-birinin
ardınca səhnəyə çıxdılar. Özbəkistan
təmsilçisi Otobek Nazirov, Rusiyadan Polina Hafizova və
Nadejda Meyer, Monqolustan təmsilçisi Amarbold Send-Ayuuş
növbə ilə çıxış etdilər.
Elə ilk diplomantın çıxışından sonra
milli geyimli sarışın qızların kimliyi bilindi. Məlum
oldu ki, bu qızlar, daha doğrusu, Anna və Bella adlı iki
bacı Bülbülün nəticələri, Polad
Bülbüloğlunun nəvələridir. İlk dəfə
ulu babalarının yurduna ayaq basan bacıların müsabiqədə
missiyası diplomantlara diplom, həm də bütün
iştirakçılara çiçək təqdim etmək
imiş.
Laureatlardan əvvəl isə “Bülbülün
repertuarından Azərbaycan bəstəkarının əsəri”
nominasiyasında fərqlənmiş Aleksey Yurkovski (Rusiya)
çıxış etdi.
IV yeri qazanaraq müsabiqənin laureatı adını
qazanmış Monqolustan təmsilçisi Mongolkhuu Byambajav
dünyanın ən populyar opera əsərlərindən olan
Q.Donisettinin “Sevgi şərbəti” operasından
fırıldaqçı sehrbaz Dulkamaranın ariyasını
elə şövqlə ifa etdi ki, tamaşaçılar
özlərini tamaşanın konsert versiyasının
seyrçisi kimi hiss etdilər. Ona mükafatı münsiflər heyətinin
üzvü, Rusiya Böyük Teatrının Gənclər
opera proqramının bədii rəhbəri, Rusiyanın
Əməkdar incəsənət xadimi Dmitri Vdovin təqdim
etdi.
IV mükafatın digər sahibi Rusiya təmsilçisi
Samirə Həlimova Ş.Qunonun “Faust” operasından
Marqaritanın ariyasını oxudu. Səhnənin
böyründə dayanıb mükafatı təqdim edəcəyi
anı gözləyən münsif – Rusiyanın Əməkdar
artisti, vətənindən daha çox Avropada
çıxış edən Mariya Meşeryakovanın Samirə
ilə birlikdə sevimli opera partiyasını səssizcə
oxumağı diqqətimizdən yayınmadı. Hazırda Mariinski
Teatrının Vladivostok səhnəsində
çıxış edən Samirənin ürəkdən gələn
ifası xanım Meşeryakovanın ürəyinə necə
yatmışdısa, o, mükafatı sahibinə təqdim edəndən
sonra “Heyrətamiz səsin var, onu qoru” deyə tövsiyəsini
əsirgəmədi.
III yerin iki sahibindən biri – Yuliya Sitnikovanın
(Rusiya) ifasından sonra onu təbrik edən
Başqırdıstanın Xalq artisti, Başqırdıstan
Dövlət Opera və Balet Teatrının bədii rəhbəri
Askar Abdrazakov müsabiqəyə və
tamaşaçılara ehtiramını Ş.Qunonun “Faust”
operasından Mefistofelin kupletləri ilə ifadə etdi.
Dünyanın ən möhtəşəm opera səhnələrində
çıxış edən Abrazakovun bu ifası
tamaşaçılar üçün zövq mənbəyi,
gənc vokalçılar üçün isə,
sözsüz ki, həm də ifaçılıq meyarı
olaraq maraqlı idi.
III yeri Yuliya ilə paylaşmış digər Rusiya təmsilçisi
İrina Bolşakovanın mükafatını Azərbaycan
Dövlət Akademik Filarmoniyasının direktoru Xalq artisti
Murad Adıgözəlzadə təqdim etdi.
…Və bu çıxışdan sonra
tamaşaçıları bir mənəvi mükafat gözləyirdi:
2005-ci ildə Bülbül müsabiqəsində III yerin qalibi
olmuş, Azərbaycanın Xalq artisti, Rusiya Böyük
Teatrının solisti Dinarə Əliyeva səhnəyə
çıxdı. Təxminən on beş ildən bəri
Avropa səhnələrini öz gur səsi və səhnə
məlahəti ilə fəth edən Dinarə xanım bir
növ üçüncü mükafat seriyasını
yekunlaşdıraraq bu yerin nə qədər düşərli
olduğuna canlı nümunə idi. Dinarə Əliyeva səhnəyə
qalxanda bayaqdan xəfifcə əsən küləyin sürəti
artdı və başımızın üstündəki
buludlar sıxlaşmağa başladı. Dünyanın ən
gözəl sopranolarından biri hətta belə bir zarafat
etdi: “Deyəsən, final nömrə olacaq”…
Amma Dinarə Əliyeva təxminən 12-13 dəqiqə
yanılmışdı. Çünki II mükafata layiq
görülmüş Qazaxıstan təmsilçiləri
Maksat Samatov və Leyla Alamanovanın
çıxışları zamanı buludlar üzlərini əməllicə
bozartsalar da, təmkinlərini qoruyub saxlaya bildilər.
I mükafatı qazanaraq laureat olmuş Rusiya təmsilçisi,
bas-bariton səsli Stepan Volkov çıxışını
artıq yağışın ilk iri damlaları altında
başladı və Rusiya Federasiyasının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri cənab
Mixail Yevdokimov mükafatı təqdim etdikdən sonra orkestr də
notlarını yığışdırıb onun ardınca
səhnəni boşaltdı.
Beləcə, Şuşanın yay
yağışı cığallıq edib qələbə
konsertini plana uyğun başa çatmağa qoymadı.
I yerin digər sahibi bizim Atəş Qarayev və
Qran-pri mükafatı almış Kanada təmsilçisi Kler
Kulon eyvana sığınmış publikanın
qarşısında a-kapella oxuyaraq konserti
yekunlaşdırdılar.
Bu yerdə Xalq artisti, Bakı Musiqi Akademiyasının
rektoru, müsabiqənin münsiflər heyətinin sədr
müavini Fərhad Bədəlbəylinin konsertdən öncə
jurnalistlərə verdiyi açıqlamada dediyi fikir təsdiqini
tapdı: “Gərək siz uşaqları Filarmoniyanın səhnəsində
mikrofonsuz dinləyəydiniz. Onda hiss edərsiniz ki, bu
müsabiqə əvvəlki müsabiqələrdən
çox güclü səslərin, mükəmməl
ifaların çoxluğu ilə necə seçilir!...”.
Yağış aranı necə
qarışdırdısa, biz Atəşlə Kleri elə
mikrofonsuz dinlədik.
Müsabiqə tarixinə öz bərəkətli
müdaxiləsini edən yağış ara verən kimi
müsabiqənin təşkilat komitəsinin və Beynəlxalq
Bülbül Fondunun sədri Xalq artisti, Azərbaycanın
Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu
çıxış edərək qalibləri təbrik etdi,
müsabiqənin başa gəlməsində əməyi
keçən hər kəsə minnətdarlığını
bildirdi və bir anons verdi: X müsabiqə 2027-ci ildə
baş tutacaq.
…Adını nə qoymağımızdan asılı
olmayaraq, göy gurultusu, şimşək, ildırım təbiət hadisəsidirsə,
insanın oxumaq səsi də təbiətin bəxşişidir.
Onlar bir-biri ilə istəmədən bəhsə
başlayanda üstələyən hadisə olsa da, qalib həmişə
insan səsidir!
Gülcahan Mirməmməd
Şuşa-Bakı
Mədəniyyət.- 2024.- 12 iyun,¹43.- S.1;3.