Çay nədir –
say nədir?...
Ölkəmiz UNESCO-da Beynəlxalq Çay
Günündə təmsil olunub
UNESCO-nun Parisdəki mənzil-qərargahında
çay istehsal edən ölkələrin daimi təşkilatdakı
nümayəndəliklərinin iştirakı ilə Beynəlxalq
Çay Günü qeyd olunub.
UNESCO-nun təşkilatçılığı ilə
keçirilən tədbirdə Azərbaycanın stendi
Fransadakı səfirliyimizin dəstəyi ilə “Fransa-Azərbaycan
Dialoqu” və Toğrul Nərimanbəyov adına assosiasiyalar tərəfindən
təşkil edilib.
Mərasimdə UNESCO baş direktorunun müavini Sin Ku,
iştirakçı ölkələrin daimi nümayəndələri
çıxış ediblər. Bildirilib ki, çay sudan sonra
ən çox istehlak edilən içkidir, bu bitkinin mənşəyinin
dəqiq yeri məlum olmasa da, o, hələ 5 min il əvvəl
Çində istehlak edilib. Qeyd edilib ki, çay sənayesi bəzi
kasıb ölkələr üçün əsas gəlir və
ixrac mənbəyidir. Çayın sağlamlıqla
bağlı məziyyətləri vurğulanıb.
Tədbirdə UNESCO yanındakı daimi nümayəndəliklər
tərəfindən hər ölkənin ənənələrinə
uyğun çay süfrələri təşkil edilib. Azərbaycan
və Türkiyə çay stendləri xüsusilə diqqəti
cəlb edib.
Azərbaycan stendində milli şirniyyatlar və Azərbaycan
çayı, eləcə də Heydər Əliyev Fondunun
UNESCO-nun siyahılarına salınmış mədəni və
tarixi irs abidələrinə dair fransız dilində nəşrləri,
armudu stəkanlar, milli musiqi alətlərini əks etdirən
suvenirlər nümayiş olunub. Ziyarətçilərə
Azərbaycan çayı haqqında məlumat verilib və nəşrlər
hədiyyə edilib.
Parisdə fəaliyyət göstərən “Natəvan”
məktəbi şagirdlərinin Azərbaycan, Şuşa, eləcə
də sülh mövzusu ilə bağlı çəkdikləri
rəsm əsərləri nümayiş olunub.
Bədii hissədə iştirakçı ölkələrin
incəsənət nümayəndələri milli musiqi və
rəqslərini təqdim ediblər.
Mədəniyyət.- 2024.- 12 iyun,¹43.- S.1.