Qarabağın
yazından...
Yaxud mən buradayam, bəs siz?!
İşğaldan azad olunmuş ərazilərimizə
hər səfər mənim üçün dünyanı
dolaşıb gəlməyə bərabərdir. Ayaqlarım
yerdən üzülür, sanki. Elə bilirəm ki, simurq
quşunun qanadlarında gəzirəm oraları. Özü də
səfərin reallaşdığı günlərdən
çox-çox əvvəldən. Ağdam, Füzuli və
Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin
Xüsusi Nümayəndəliyinin dəstəyi ilə 28 May –
Müstəqillik Günü ilə əlaqədar Azərbaycan
Dövlət Kukla Teatrının kollektivi ilə Füzuli
rayonuna səfərimiz kimi.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,
Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə
əlaqələr şöbəsinin müdiri, peşəkar
və vətənpərvər jurnalist Leyla Sarabinin “Bu səfər
çərçivəsində Hadruta da gedəcəyik.
Naharımızı orada edərik. Beləcə, gözəl
Hadrutu da gəzərsiniz” dedi. Əslində, sonra da nələrsə
dedi. Amma mən eşitmədim. Beynim də, ruhum da artıq
yola “çıxmışdı”.
Mayın 27-si sübh tezdən kuklaçılara və
“Oyuq”çulara qoşulub bizə ayrılan avtobusda, adətim
üzrə pəncərə kənarında yerimi aldım.
Yol mənzərələri, azad olunan ərazilərimizi
yaxından görmək, göz yaddaşıma acgözcəsinə
hopdurmaq üçün balaca uşaq kimi tələsdim.
Yol uzunu aktyorların, istedadlı uşaqların səs-səsə
verərək oxuduqları nəğmələr bizi ilk posta
yetirdi.
Nəzarət məntəqəsindən sonra sağ və
soldakı evlərin xarabalıqları, düşmənin
divan tutduğu Ağdam, Füzuli, Cəbrayıldan keçən
istiqamətlərdə qovurulmuş, didilib
parçalanmış sinəsini günəşə “tutan”
xarabalıqlar yenə ruhumu daladı. Zamanında yurd, yuva,
işıq, ümid, ocaq olan evlərin yerində bitən
ağaclar, onların dağılmış qadın
saçına bənzəyən budaqları üzünü
göyə tutub indi, məhz indi şükranlıq edən
insana bənzəyirdi.
Leyla xanım yol çəkən, Qarabağın yeni
növrağını quran tikinti işlərini – iaşə
obyektləri, işıq, qaz, su xətlərini, ağır
texnikaların dağlarla döyüşdüyü
uğultusunu, vətən balalarının əvvəl azad,
indi isə abad etmək üçün hər
qarışına can verdikləri mənzərələri məlumatları
ilə daha da zənginləşdirir. Qüdrətli dövlətimizin
təzədən cənnətə döndərdiyi sinəsi
dağlanmış yurd yerlərimizin əzəli sakinlərinin
əl-ayaq izlərinə alışması adamı qürrələndirir.
Həm də qəribə bir hiss baş qaldırır
içimizdə.
Müharibə və onun ağırlığı
haqqında bir neçə əsər oxusam da, mənə
görə, ən təsirlisi və ən amansızı
Ernest Heminqueyin “Əcəl zəngi”dir.
Əsərdə finala doğru belə bir cümlə
var: “Dünya yaxşı məkandır və onun
üçün vuruşmağa dəyər”. Onu bizim kontekstdə
belə anlayıram: “Sənin olan yurd yerləri bənzərsizdir
və onun uğrunda vuruşmağa da, ölməyə də
dəyər”. Elə dəydi də. Qəhrəman Vətən
oğulları sayəsində həsrətdən cadar-cadar
olmuş torpaqlarımıza qovuşa bildik.
“Tut yetişəndə gəl bizə, gəl bizə...”
Füzulidən öncə Hadruta getdik. Uzun yolun sonunda
“Xocavənd rayonu, Hadrut qəsəbəsi” yazılan lövhəni
görən avtobusdakılar bir ağızdan
qışqırıb, əl çalmağa başladılar.
“Can Qarabağ” mahnısını məhrəm təbəssümlərinə
qatan “Oyuq” yetirmələri həyəcandan gah atılıb-düşür,
gah da özlərindən böyük yol
yoldaşlarını sual atəşinə tuturdular.
Budur, Azərbaycan Ordusunun Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi
Hadrutdayıq.
Qəsəbəyə daxil olan kimi qulağıma bir
uğultu “doldu” ki, gəl görəsən. İri və
kiçik çaplı silahların şaqqıltısı, əsgər
çəkmələrinin tappıltısı, ərənlərimizin
gur səsinin gurultusu... bir-birinə qarışdı. Yəqin
bu da təsadüfi deyil. Vətən müharibəsi
zamanı uğrunda ən qanlı döyüşlərin
getdiyi məntəqələrdən biri Hadrut olub.
Sözsüz ki, işğalçı düşmən
Dağlıq Qarabağın cənub darvazası sayılan bu
məntəqəni əldən vermək istəmir və istər
müharibə, istərsə də ondan sonrakı informasiya
müharibəsində həyasızcasına Hadrut həşiri
qoparırdı...
...Vallah, heç bilmirəm bu gözəlliyi necə
təsvir edim. Amma bir onu bilirəm ki, bura Qarabağın bəlkə
də ən fərqli, ən cazibədar, ən ilıq guşəsidir.
Hər tərəfdən dağlarla əhatə
olunmuş Hadrut Qozluçay dərəsində yerləşir.
Qəsəbəni, az da olsa, dolaşmaq imkanım oldu.
Buradakı binalarda, evlərdə müharibənin izləri hələ
də qalıb. Diqqətimi ən çox cəlb edən
buranı azad edən igidlərin evlərin divarlarında
qoyduqları izlərdir. Gözəlim vətənimizin az qala
bütün bölgələrinin adlarına rast gəlmək
olardı burada. Oğullarımızın bu “imzaları”
düşmən otuz ilə yaxın işğal altında
tutduğu Hadruta başqa bir bəzək idi.
Buranı dolaşarkən ölkə
başçımızın “Mən deyəndə ki, ermənilər
işğal etdikləri torpaqlarda səfalət içində
yaşayırlar, bax, bunu nəzərdə tuturdum. Aclıq, səfalət,
qanunsuzluq hökm sürürdü burada” fikri düşdü
yadıma. Bəli, tamamilə haqlıymış. Onlar
işğal etdikləri digər ərazilərimizdə,
ümumən Qarabağda məhz bu vəziyyətdə
yaşayıblar. Əgər buna yaşamaq demək olarsa...
Amma artıq buralar yenidən, daha da gözəl, əzəmətli
halına qayıdır. Hər yerdə təmir-bərpa,
tikinti işləri aparılır. Hər yan abadlaşır, əsl sakinlərinin izləri ilə təbiətin bəxş
etdiyi gözəlliklə vəhdətdə daha da
başqalaşır.
Vaxtilə, xanlıqlar dövründə XVIII
yüzillikdə Dizaq məlikliyinin mərkəzi olan, qədim
tarixli bu yurdun memarlığı da maraqlıdır, gözəldir.
Ümumən qəsəbədə tikililərin çoxu
sovet dövründən qalmadır. Özü də əksəriyyəti
də yarım-yumalaq. Əlbəttə, işğal nəticəsində
evlərini tərk edən azərbaycanlıların
ocağında kül tökmək, yurdunun üzərində
yurd salmaq onların nəyinə lazım idi?! Zatən gedərgi
olduqlarını bilirdilər...
Düşmənin yuxusunu ərşə çəkən
Hadrutun yollarını təkbaşına dolaşdıqca istər-istəməz
yenə 2020-ci ilə, 44 günlük Vətən müharibəmizə,
o tarixi günlərə qayıdıram. Peşə
marağı, az vaxtda çox yeri görmək həvəsi
ilə sürətlə yeriyirəm. Lap divanələr kimi,
baş alıb gedirəm. Sözsüz ki, mülki formalı
polisin “Ara küçələrə düşməyin,
ehtiyat üçün deyirəm” xəbərdarlığını
da yaddaşımın bir kənarına yazmışam.
Öz-özümə “Elə bilir mən buralarda itərəm
e” deyib qımışa-qımışa heç vaxt
olmadığım küçələrdə –
fıstıq, fındıq, qoz, yasəmən
ağaclarının “bələdçiliyində” gəzişirəm.
İrigövdəli tut ağaclarının şirəsi bal
dadlı barından doyunca, lap uşaqlıqda olduğu kimi əllərim,
ağzım qara qırmızı olanadək yeyirəm.
Qonaqpərvər Leyla xanım yol yoldaşlarımla
bizi nahar üçün qəsəbənin ən
hündür yerindəki məkana aparır. Əslində,
hamımız mənən çoxdan doymuşuq.
Gözümüz də, könlümüz də, lap elə mədəmiz
də “düt” deyincə yemiş kimi doyub. Amma biixtiyar,
özü də yediklərimi başqalarına deyib, göstərməyi
sevməsəm də, o anda mənə zəng edən və zəng
etdiyim hər kəsə “Hadrutdayam, bir ətək tut yemişəm.
Dağlardan gələn bulaq suyundan samovar çayı da
öz yerində. Yerin məlum” deyib Allah bilir neçə
yaxınımın bəxtəvərliyini alıram.
Xalq artisti Gülyaz Məmmədovanın “Tut yetişəndə”
mahnısını oxuya-oxuya ətəyimə
yığdığım ağ, qara, xar tutlardan yol
yoldaşlarıma da pay verirəm...
Günəşin səmanı
yarıladığı vaxtda ayrıldım buradan. Əlbət,
yenidən, özü də çox yaxında qayıtmaq
üçün. Çünki damağımda həm də
Hadrut dadı var artıq...
Füzulidə açan çiçəklər
Ötən ilin avqustunda şagirdlərin ixtiyarına
verilən möhtəşəm bina – Füzuli şəhər
Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə
çatanda dərindən nəfəs aldıq. Yolboyu
gördüyümüz dağıntılara inad burada
düşmənə gözdağı möhtəşəm,
lap Qərbi Avropa ölkələri üslubunda
yaşayış binaları ilə əhatə olunmuş məktəbi
gördük. Min şükür, buralarda həyat artıq
xeyli vaxtdır ki, qaynayır.
Yüzlərlə sakinin daşlara, divarlara hopan nəfəsi
təbiəti də cana gətirib. Əlvan
qızılgüllər, yamacları ram edən biçənəklər,
çəhrayı yabanı lavandalar və adını bilmədiyim
min bir rəngə çalan çiçəklərin boy
verdiyi ucsuz çöllərin qoynunda yeni yurdda ucalan əzəmətli
binalar adama gəl, burada qal deyir.
Sakinlər teatr kollektivinin sorağı ilə
uşaq-böyük demədən məktəbdə
toplanıblar. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən
özbək xalqı adından hədiyyə olaraq Füzulidə
inşa edilən 960 şagird yerlik məktəbin müasir
binası, mükəmməl təchizatı şagirdlərin
üz-gözünə hopan məmnunluqdan hiss olunur. 500 nəfərlik
akt zalında iynə atsan yerə düşməz. Uşaqlar,
könlündəki uşağı həyatın
bütün əzablarına rəğmən qoruyan orta və
yaşlı nəsil Füzuli sakinləri bir neçə
saatlıq səhnədəkilərə qoşulurlar.
Kukla Teatrı kollektivinin qəhrəmanlıq motivli “Məlikməmməd”
tamaşası, istedadlı vətən balalarının toplaşdığı
“Oyuq” uşaq teatrının “Vətənimdir Azərbaycan!”
adlı zəfər yüklü mahnılardan ibarət rəngarəng
konserti hər kəsə yaddaqalan anlar bəxş etdi.
Məktəbin direktoru, qocaman təhsil işçisi
Həcər Mahmudova qonaqlara təşəkkür etdi.
Ardınca doğma yurdda olmağın yaşatdığı
sevinci bölüşdü. Şagirdlərinin həvəslə dərslərinin öhdəsindən
gələrək, savadlı vətəndaş kimi yetişib,
azad və abad Qarabağda həyat quracaqlarına
inamını ifadə etdi.
Bildirdi ki, artıq hər dəfə yeni
köçün gəlişi ilə buralar daha da gözəlləşir.
Uşaqların şaqraq gülüşləri, böyüklərin
həsrətinin vüsal səadətində Füzuli əvvəlki gözəlliyinə
qayıdır.
Bəli, haqlıdır. Dövlətimizin düşmən
tərəfindən yerlə yeksan edilmiş bu yerlərdə
saldığı yeni şəhər bənzərsiz olacaq.
Bunu dönə-dönə vurğulayan Bərpa, Tikinti və
İdarəetmə Xidmətinin əməkdaşları da
növbəti səfərimizdə daha fərqli Füzuli ilə
qarşılaşacağımızın sorağını
verirlər. Yollar uzunu sağda, solda, uzaqda – təpələrin
başında, dağların yamaclarında, çayların
sahilində aparılan quruculuq işlərinin mahiyyətindən,
obyektlərin təyinatından, fərqli istiqamətlərdəki
layihələrin nəhəngliyindən sevgi və peşəkarlıqla
danışırlar. Mənə elə gəlir ki, bu
torpaqları azad edən oğullarımız kimi, indi burada
xidmət edən, onu cana gətirənlər də qəhrəmandırlar.
Vətən müharibəsindən ötən
dövr ərzində Qarabağ və Şərqi Zəngəzur
əraziləri tikinti, quruculuq, abadlıq meydanına
çevrilib. İşğaldan azad olunmuş digər ərazilərdə
olduğu kimi, Füzulidə də genişmiqyaslı
tikinti-quruculuq işləri görülüb və fasiləsiz
davam etməkdədir. İnşallah, qısa zamanda
işğaldan azad edilmiş torpaqlara Böyük
Qayıdışın daha neçə-neçə mərhələsini
və doğma yurdun qüdrətində yenidən
dünyanın ən yaxşı şəhər və kəndlərindən
ibarət əzəmətli Vətən bağı –
Qarabağ görəcəyik. Buna
dövlətimizin də, xalqımızın da qüdrəti
çatacaq, həm də gücü.
Sevin daha, çünki sönmüş
çıraqların yenidən, özü də daha gur
yanır, doğma Füzuli...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2024.- 12 iyun,¹43.- S.7.