Qəhrəmanın ev-muzeyi ziyarət olunur

 

 

Astara Pedaqoji Kollecinin bir qrup müəllim və işçi heyəti Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşlərinin (2016) şəhidi Pəncəli Teymurovun Ev-Muzeyinə baş çəkiblər. Ziyarətçilər qəhrəmanın şəxsi əşyaları ilə tanış olublar.

Kollecin direktoru şəhid atası, professor K.Kazımov xatirə kitabına öz ürək sözlərini yazıb. Bildirilib ki, Vətən, torpaq yolunda şəhid olmaq ən böyük şərəf və qürurdur. Pəncəli Teymurov da belə bir ölməzlik qazanıb.

Xatırladaq ki, şəhid gizir  Pəncəli Teymurov 1981-ci ilin martın 24-də Astara rayonunun Əzərüd  kəndində dünyaya göz açıb. Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçı taborunda qulluq edib. 17 il doğma Vətəninə ləyaqətlə xidmət göstərib.  Xüsusi təyinatların əfsanəsi olan Pəncəli Teymurov ömrünün 35-ci baharında, tarixi Zəfərimizin ilk müjdəsi sayılan Aprel döyüşlərində düşmənə qan udduraraq şəhidlik zirvəsinə  ucalıb. Ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” medallarına  layiq görülüb.

 

Zəfər Orucoğlu

Mədəniyyət.- 2024.- 14 iyun,¹44.- S.4.