“Zəngəzur. Uzaq
keçmişdən günümüzədək”
İyunun 11-də AMEA-nın Mərkəzi Elmi
Kitabxanasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan
İcmasının üzvü, şair-publisist, tarix üzrə
fəlsəfə doktoru Musa Urudun (Quliyev) “Zəngəzur. Uzaq
keçmişdən günümüzədək” monoqrafiyasının
təqdimatı keçirilib.
Mərasimdə çıxış edən
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli geniş
oxucu kütləsi üçün nəzərdə tutulan
kitabın elmi və siyasi baxımdan əhəmiyyətini diqqətə
çatdırıb. Prezident İlham Əliyevin 2022-ci il
dekabrın 24-də Qərbi Azərbaycan İcmasının
üzvləri ilə görüşünü xatırladan
İsa Həbibbəyli dövlət
başçısının həmin görüşdə bu
istiqamətdə qarşıda duran vəzifələri müəyyən
etdiyini vurğulayıb.
Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli
bölgədəki 838 toponimin ətraflı izahı verilən
kitabın zəngəzurlular üçün məlhəm
olduğunu bildirib. Qeyd edib ki, nəşrdə tarixi mənbələr,
sənədlər, elmi ədəbiyyat və xatirələr,
eləcə də yerli sakinlərin məlumatları əsasında
Zəngəzurdakı toponimlərin bölgənin mədəni-etnoqrafik
mənzərəsi də ətraflı tədqiq edilib.
Çıxış edənlər kitabın rus dilində
də nəşr olunmasının əhəmiyyətindən,
xarici ölkələrdə təbliğinin vacibliyindən
danışıblar.
Sonda çıxış edən Musa Urud kitabın ərsəyə
gəlməsindən söz açıb, tədbirin təşkilatçı
və iştirakçılarına təşəkkür
edib.
Mədəniyyət.- 2024.- 14 iyun,№44.- S.7.