“44 gün – tarixi Zəfər”
kitabının Şəkidə təqdimatı
İyunun 12-də Şəki şəhər Heydər
Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin
“Xatirə kitabı” redaksiyası tərəfindən Vətən
müharibəsində həlak olanların adlarının əbədiləşdirilməsi
üçün hazırlanan “44 gün – tarixi Zəfər”
kitabının I və II cildinin təqdimatı keçirilib.
Şəhid ailələri üzvlərinin, şəhər
İcra Hakimiyyətinin nümayəndələrinin iştirak
etdiyi tədbirdə 2020-ci ilin 44 günlük Vətən müharibəsində,
eləcə də Ermənistan silahlı qüvvələri
birləşmələrinin Qarabağda törətdikləri
genişmiqyaslı təxribatların qarşısının
alınması məqsədilə keçirilən lokal
xarakterli antiterror tədbirlərində müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusunun qazandığı tarixi Zəfərdən,
döyüşlərdə Vətənimizin igid
oğullarının göstərdikləri qəhrəmanlıqdan
danışılıb.
Kitabın baş redaktoru Nəzakət Məmmədova
bildirib ki, I cilddə 2016-cı ilin Aprel döyüşləri
və Tovuz döyüşləri (2020) zamanı həlak
olanların da adları əbədiləşdirilib. Kitabın
I və II cildində ümumilikdə 2 minə yaxın şəhid
haqqında ensiklopedik məlumat yer alıb.
Diqqətə çatdırılıb ki, “Respublika
Xatirə Kitabı”nın indiyədək 20-yə yaxın
cildi çap olunub. Kitablarda İkinci Dünya müharibəsində,
Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində,
Xocalı soyqırımında, Qarabağ müharibəsi
zamanı torpaqlarımızın azadlığı uğrunda
gedən döyüşlərdə həlak olmuş, itkin
düşmüş, əsir götürülmüş vətəndaşlarımız,
Milli Qəhrəmanlar haqqında əhatəli materiallar dərc
edilib. Redaksiya, eyni zamanda, “Vətən daşı... və ya
44 günün dastanı” adlı layihə əsasında 8 sənədli
film çəkib. Filmlər geniş ictimaiyyətə təqdim
olunub.
Tədbirin sonunda şəhid ailələrinə “44
gün – tarixi Zəfər” kitabı hədiyyə edilib.
Mədəniyyət.- 2024.- 14 iyun,¹44.- S.6.