Muzey Mərkəzində
“Təbiətin rəngləri”
“Yaşıl dünya naminə həmrəylik ili”nə
öz töhfəsini verən sənət ocaqlarından biri də
“KamART” incəsənət qalereyasıdır. 11-12 iyun tarixlərində
Muzey Mərkəzinin sərgi qalereyasında “KamART”-ın gənc
rəssamlarının yaradıcılığına həsr
olunmuş “Təbiətin rəngləri” adlı sərgi
keçirilib.
Ekspozisiyada 6-19 yaşında 31 müəllifin
ümumilikdə 91 əl işi nümayiş etdirilib. Sənət
hesabatı kimi təqdim olunan rəsmlər 2023–2024-cü tədris
ilini əhatə edir.
Açılışda çıxış edən
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin baş müəllimi Kəmalə Cəfərzadə
qonaqları salamlayaraq sərgi haqqında məlumat verib.
Bildirib ki, sərginin məqsədi təbiətə
sevgi aşılamaq, ictimaiyyətin diqqətini uşaq və gənclərin
təsviri sənətə olan marağının
artırılmasına və inkişafına yönləndirmək,
istedadlı gənc rəssamları üzə
çıxarmaq və onlara dəstək verməkdir.
Xalq rəssamı Arif Hüseynov sərgi
iştirakçılarını təbrik edib, onlara
yaradıcılıq uğurları arzulayıb.
Vurğulayıb ki, rəsm çəkmək uşaqların
yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir, onların
zövqünün və dünyagörüşünün
inkişafına müsbət təsir göstərir.
Sərginin açılışında Milli
Konservatoriyanın nəzdində İncəsənət
Gimnaziyası Xoreoqrafiya şöbəsinin şagirdləri və
Səid Rüstəmov adına 13 nömrəli Uşaq musiqi məktəbi
şagirdlərinin ifaları da maraqla qarşılanıb.
Çıxışlardan sonra sərgi
iştirakçılarına diplomlar təqdim olunub.
Lalə Azəri
Mədəniyyət.- 2024.- 14 iyun,¹44.- S.5.