Teatr fədailərimizdən – Böyükxan Naxçıvanski

 

Tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın, musiqi və elmimizin elə bir sahəsi yoxdur ki, Naxçıvanda doğulub böyüyən şəxsiyyətlər orada öz sözlərini deməmiş olsunlar. Onlar harada çalışmağından asılı olmayaraq, Azərbaycan mədəniyyətinin, incəsənətinin, elminin, dövlətçiliyinin təşəkkülündə, inkişafında fədakarlıq göstərmişlər. Görünür, bu məsələ həm də zamanın tələbindən irəli gəlmişdir.

Yarandığı vaxtdan maarifçi düşüncənin cəmiyyətdə oturuşmasında, insanların estetik zövqünün formalaşmasında xüsusi rol oynamış Naxçıvan teatrı yüksək hazırlığa malik istedadlı əməkdaşları ilə ölkəmizdə teatr ənənələrinin zənginləşməsində yaxından iştirak etmişdir. Doğrudur, həmin sənətkarların çoxu nə mükəmməl sənət təhsili almış, nə də geniş şöhrət qazanan teatrların səhnəsində çıxış etmişlər. Onlar yalnız öz istedad və bacarıqları, səhnə sənətinə olan tükənməz məhəbbətləri ilə bu yolda böyük fədakarlıq göstərmişlər. Belə şəxsiyyətlərdən biri də Naxçıvan teatrının inkişafında mühüm xidmətləri olan və Təbrizdə milli peşəkar teatrın yaranmasında xüsusi əmək sərf edən Böyükxan Naxçıvanskidir.

***

 

1871-ci il aprel ayının 2-də Naxçıvan şəhərində məşhur Abbasqulu xanın ailəsində bir körpə dünyaya göz açır. O da el ənənəsi ilə şənlik düzəldib adqoyma mərasimi keçirir. Çağaya Abbasqulu xanın atası Nəzərəli xanın adı verilir. Lakin uşaqlıqdan Nəzərəli xana həmyaşıdları, ailəsi, bütün qohumları babası Nəzərəli xanın şərəfinə Böyükxan dediklərinə görə həmin dövrün bir çox sənədlərində “Böyükxan” yazılmış və mötərizədə “Nəzərəli xan” qeydi də əlavə edilmişdir. Buna görə də biz qəhrəmanımızdan elə Böyükxan kimi bəhs edəcəyik.

Böyükxan Naxçıvanski öz ailə mühitində təhsil almışdır. 35 yaşında, 1906-cı il may ayının 26-da Naxçıvan şəhər məktəbində imtahan verərək şəhadətnamə alır. O, müxtəlif illərdə Naxçıvan Qəza Polis İdarəsində dəftərxana xidmətçisi, Naxçıvan qəzasının 2-ci Polis şöbəsinin pristavı, 1912-ci ildən 1917-ci ilin fevral ayına kimi Naxçıvan şəhər başçısı vəzifəsində işləmişdir.

Təqdirəlayiq cəhət budur ki, XX yüzilliyin əvvəllərində Naxçıvanın qabaqcıl, savadlı, tərəqqipərvər ziyalıları Böyükxan Naxçıvanski ilə birlikdə maarif və mədəniyyət ocaqlarının açılmasına çalışır, xalqın mədəni tərəqqisində, siyasi oyanışında teatr tamaşalarına xüsusi üstünlük verir, teatr sənətini ideya və məfkurə silahına çevirib cəmiyyətdəki çatışmazlıqlara qarşı çıxır, insanları yeni amallar uğrunda mübarizəyə səsləyirdilər.

Böyükxan Naxçıvanski həm də səhnə sənətinə könül verənlərdən idi. 1901-ci ildən Naxçıvanda göstərilən tamaşalarda aktyor kimi çıxış etmişdi. 1904-cü ildən 1919-cu ilin avqust ayınadək isə burada tamaşaya qoyulan “Vəziri-xani-Lənkəran”, “Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah” (M.F.Axundzadə), “Pəri cadu”, “Bəxtsiz cavan”, “Dağılan tifaq”, “Millət dostları”, “Kimdir müqəssir?” (Ə.Haqverdiyev), “Müsibəti-Fəxrəddin”, “Pəhləvanani-zəmanə” (N.Vəzirov), “Tatarka” (E.Sultanov), “Nadir şah” (N.Nərimanov), “Axşam səbri xeyir olar”, “Dursunəli və ballıbadı” (S.Qənizadə), “Ölü canlar” (N.Qoqol), “Zoran təbib” (J.B.Molyer) və s. əsərlərə quruluş vermiş, eyni zamanda bir sıra rollarda səhnəyə çıxmışdır.

***

 

1918-ci ildə ermənilərlə azərbaycanlılar arasında olan ədavəti yatırtmaq üçün Naxçıvan Müsəlman Milli Komitəsi yaradılır. Böyükxan Naxçıvanski də həmin komitənin üzvü seçilir. 1920-ci ilin aprelində XI Qızıl Ordunun Azərbaycanı işğal etdiyi zaman ölkənin bir çox yazarları, dövlət və ictimai xadimləri sovetləşmənin əleyhinə olduqlarına görə həbsxanalara salınırlar, bəziləri isə işğal və işgəncəyə etiraz əlaməti olaraq mühacirətə gedirlər. Bolşeviklərin bu qəddar hərəkətlərindən xəbərdar olan Naxçıvanın böyük nüfuza malik olan ziyalıları bolşeviklərin əleyhinə çalışırdılar. Onlardan biri də Böyükxan Naxçıvanski idi. Həmin dövrdə Naxçıvan Müsəlman Milli Komitəsi üzvlərinin də həyatı üçün təhlükə yaranmışdı. Bu səbəbdən onların bir çoxu Naxçıvanı tərk etmək məcburiyyətində qalmışdı. Naxçıvanda qalan, bolşevikləri dəstəkləməyən nüfuzlu şəxslər həbs edilirdilər. Həbs olunanlar içərisində böyük nüfuza malik olan Cəfərqulu xan və qardaşı Rəhim xan da var idi. Onlar Şuşa həbsxanasına göndərilmiş, 1943-cü ildə orada dünyasını dəyişmişdilər. Böyükxan Naxçıvanski bu mürəkkəb ictimai-siyasi şəraitdə Cənubi Azərbaycana üz tutmuşdu. O, bir daha Naxçıvana qayıtmamış və ömrünün sonunadək ailəsi ilə birlikdə Təbrizdə yaşamışdır.

Böyükxan Naxçıvanski burada “Naxçıvani” soyadını daşıyır. Cənubi Azərbaycanda yaşadığı illərdə Təbrizdə teatr hərəkatının yayılmasına və inkişafına nail olur. O zaman Azərbaycan ziyalılarının təşəbbüsü nəticəsində Təbrizdə “İslah və tərəqqi”, “Cəmiyyəti-xeyriyyə” kimi bir sıra mütərəqqi ictimai qurumlar yaradılmışdı. Bu cəmiyyətlərdə Təbriz ziyalıları fəaliyyət göstərirdilər. Böyükxan Naxçıvanski  “İslah və tərəqqi” cəmiyyətində tamaşaların hazırlanmasında yaxından iştirak edir. Eyni zamanda “Azərbaycan aktyorları heyəti” adlı müstəqil teatr cəmiyyətini yaradır.

***

 

1920-ci ilin sentyabr ayında Təbrizə gedən Cəlil Məmmmədquluzadə yerli tərəqqipərvər adamları, orada fəaliyyət göstərən mühacir artistləri – Böyükxan Naxçıvanski, Əkbər Abbasov, Hacı Nəsirov, Əkbər Namazov, Cabbar Əmirov, Teymur Kəngərli və digərlərini “Molla Nəsrəddin” jurnalının nəşrinin davam etdirilməsi üçün vəsait toplamağa cəlb edir. “Cəmiyyəti-xeyriyyə” ilə “Ölülər” əsərini tamaşaya qoymaq üçün danışıqlar aparılır. Əsərin tamaşaya qoyulması çox da asan olmur. Bir tərəfdən Təbrizdə böyük nüfuz və səlahiyyətləri olan ruhanilər, digər tərəfdən şah mütləqiyyəti bu tamaşanın oynanılmasının əleyhinə idi. Cəlil Məmmədquluzadənin böyük fəaliyyəti, Hacı Məhəmməd Naxçıvaninin (o, Cənubi Azərbaycanın tanınmış ziyalılarından idi) köməkliyi ilə əsərin tamaşaya qoyulmasına icazə alınır. Hacı Məhəmməd Naxçıvani tamaşanın təhlükəsiz başa çatması üçün böyük səy göstərir. C.Məmmədquluzadənin razılığı ilə rollar bölünür. Məşq üç həftə ərzində C.Məmmədquluzadənin yaşadığı mənzildə aparılır.

Tamaşaya rejissorluğu böyük dramaturqun özü edir. Səhnə əsəri Əkbər Abbasovun kirayə götürdüyü teatr binasında 1 may 1921-ci il tarixində göstərilir. Təbrizdə “Ölülər” əsəri tamaşaya qoyularkən biletlər siyahı üzrə müəssisələrə və şəhərin görkəmli xadimlərinə Əsgərxan Qasımzadə tərəfindən verilirdi. Tamaşada ölülər dünyasının ittihamçısı olan İsgəndəri B.Naxçıvanski, Şeyx Nəsrullahı təbrizli ziyalı Əli Azəri, Hacı Baxşəlini təbrizli gənc Səməd Mövləvi, Kərbəlayı Fatmanı Liza, Nazlını Teymur Kəngərli, Məşədi Orucu Cabbar Əmirov, Cəlalı isə Midhət Məmmədquluyev oynayır.

Tədqiqatçı Mahmud Rəncbər Faqiri “Ölülər”in Təbrizdə tamaşaya qoyulması barədə yazır: “Əsgərxan biletləri Təbrizin bəzi məşhur adamlarına verirdi. Tamaşa yaxşı keçdiyi üçün həmin adamların hərəsi 10-15 tümən sonradan yolladılar. Muxbiri Səltənə 100 tümən pul verdi ki, aktyorlara paylasın. Münəvvər (Mirzə Cəlilin qızı – Ə.Q.) tamaşaya baxmaq üçün teatra getmək istəyirdi. Lakin o zaman Təbrizdə heç bir qadının teatra gedib tamaşaya baxmadığından o da mənzillərinə qayıtdı. Tamaşanın sakit keçəcəyini təsəvvür etməyən aktyorlar hətta özləri ilə tapança da götürmüşdülər...”.

 

***

B.Naxçıvanski Təbrizdə müxtəlif teatr cəmiyyətlərində fəaliyyət göstərmiş və həmin cəmiyyətlərdə tamaşaya qoyulan əsərlərə rejissorluq etmiş, bir sıra səhnə əsərlərində müxtəlif rollarda oynamışdır. Onun təşəbbüsü ilə 1923-cü ildə Təbrizdə “Arin Teatr Cəmiyyəti” yaradılır və 19 nəfərdən ibarət üzvü seçilir. B.Naxçıvanski həmin cəmiyyətdə eyni zamanda müxtəlif teatr truppalarında rejissorluq fəaliyyətini davam etdirir. O təkcə bu cəmiyyətdə 58 tamaşaya quruluş vermişdir. B.Naxçıvanskinin vəfatından iki il sonra (1943) onun müəllifi olduğu “Hacı oğlu Yağbəstili” əsəri “İran” teatr dəstəsində Məhəmmədəli Rəşdinin quruluşunda tamaşaya qoyulur.

Almanlar tərəfindən 1925–1926-cı illərdə Təbrizdə “Şiri Xurşid” Teatr Cəmiyyəti üçün müasir üslubda zal tikilir. 1927-ci ilin fevral ayında Rza şahın iştirakı ilə “Şiri Xurşid tamaşa zalı”nın (“Ərk” teatrı”) açılışı olur. Açılışda B.Naxçıvanski “İranda elm və mədəniyyətin yüksəlməsi” mövzusu ilə şahın qarşısında geniş çıxış edir. Sonra onun rejissorluğu ilə hazırlanan “Ana və vətəni”, yaxud “İran səadətinin doğuluşu” əsəri göstərilir. Rza şah da tamaşanı izləyir. Həmin vaxt Böyükxanın təklifi ilə teatr sənətinin sürətli inkişafı üçün təcrübəli teatr xadimləri Mehdixan Şəfizadə, Hacıxan Çələbi, İsmayıl Rizvan (Vəkili) Əbülfəz Moeyri, Hüseynqulu Kərimzadə, doktor Rəhim xan Pezeşki, Əkbər Bəradəri, Bağır Hacızadə və digərlərindən ibarət yeni komissiya yaradılır. Təbriz şəhər rəhbərliyinin göstərişi ilə B.Naxçıvanski rejissor təyin olunur. Komissiyanın işinə ümumi nəzarət Məhəmmədxan Dərgahiyə həvalə edilir. İranın Daxili İşlər Nazirliyi “Şiri Xurşid tamaşa zalı”nı 1927-ci ilin fevralında qeydiyyatdan keçirir.

Həmin teatrda B.Naxçıvanskinin rejissorluğu ilə hazırlanan ikinci tamaşa – “İcbari təbib” (“Zorən təbib”, J.B.Molyer) göstərilir. Səhnə əsəri maraqla qarşılanır. Tamaşa haqqında “Təbriz” qəzetində məlumat dərc olunur.

“Arin Teatr Cəmiyyəti” 1936-cı ildə böyük şair-dramaturq Hüseyn Cavidin məşhur “İblis” faciəsinə müraciət edir. B.Naxçıvaninin quruluş verdiyi tamaşa “İttihad” məktəbinin yoxsul şagirdlərinə maddi kömək məqsədilə göstərilir.

Təəssüf ki, sonradan bu teatrın taleyi uğursuz olur. 1979-cu ildə İranda İslam inqilabı qələbə çaldıqdan sonra truppa dağılır, bina xarabalığa çevrilir.

***

Ümumiyyətlə, B.Naxçıvaninin istər Naxçıvanda, istərsə də Təbrizdə quruluş verdiyi tamaşaların və oynadığı obrazların əsas məqsəd və qayəsi maarifçilik ideyalarının xalq arasında təbliği olmuş, mövzusundan və janrından, təsvir etdiyi dövrdən asılı olmayaraq, zamanın aktual problemlərinə toxunmuş, teatrın ideya, məzmun, üslub baxımından inkişafına çalışmışdır. O, Təbrizdə teatr həvəskarlarını müxtəlif cəmiyyətlərdə birləşdirməklə onların peşəkarlığının artırılması üçün də böyük səy göstərmişdir. Təbrizdə maarif və mədəniyyət sahəsindəki, xüsusilə teatrın inkişafı yolundakı xidmətləri İran dövləti tərəfindən yüksək qiymətləndirilərək “Şiri Xurşid” medalı ilə təltif edilmişdir.

B.Naxçıvanski 1941-ci ildə 70 yaşında Təbrizdə vəfat etmişdir. O, həyatla vidalaşıb əbədiyyətə qovuşandan sonra sənət aləmində saldığı yola yeni izlər düşdü. 1946-cı ildə Təbrizdə Azərbaycan Dövlət Dram Teatrı yaradıldı...

 

Əli Qəhrəmanov

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent AMEA Naxçıvan Bölməsi

Mədəniyyət.- 2024.- 14 iyun,¹44.- S.6.