“Musiqinin psixoloji təsiri” –
elmi-praktiki seminar
İyunun 12-də Beynəlxalq Muğam Mərkəzində
(BMM) “Musiqinin psixoloji təsiri” mövzusunda elmi-praktik seminar
keçirildi. Tədbir Mədəniyyət Nazirliyi Mədəniyyət
üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin
(MEMİM) təşkilatçılığı, Bakı
Şəhər Mədəniyyət Baş İdarəsi və
BMM-in dəstəyi ilə gerçəkləşdi.
MEMİM-in direktoru vəzifəsini icra edən sənətşünaslıq
üzrə fəlsəfə doktoru Vüqar Hümbətov tədbiri
açaraq musiqinin insanların bədii zövqünün
formalaşdırılmasında, estetik tərbiyəsində
rolunu vurğuladı. Elmi seminarın bu xüsusda insanların
maarifləndirilməsi üçün önəmi qeyd edildi.
Mərkəzin əməkdaşı, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının
moderatorluğu ilə keçən seminarda tibb elmləri
doktoru, oftalmoloq Paşa Qəlbinur “Terapiyada musiqinin rolu”, Təhsil
İnstitutu Təhsilin iqtisadiyyatı və idarə
olunması şöbəsinin aparıcı elmi
işçisi, psixologiya üzrə fəlsəfə doktoru,
musiqişünas Bahar Bəylərova-Ələkbərova
“Musiqinin tərbiyədə və təhsildə rolu”, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Könül Əhmədova
“Musiqinin uşaq psixologiyasına təsir vasitələri”
mövzularında məruzələrlə
çıxış etdilər.
Seminarda həmçinin Türkiyənin neyroelm mütəxəssisi,
professor Sinan Cananın “Musiqi və beyin” mövzusunda
çıxışı videoformatda dinlənildi.
Çıxışlardan sonra mövzularla əlaqədar
müzakirələr aparıldı, mütəxəssislər
iştirakçıların suallarını
cavablandırdılar.
BMM-in Cahangir Cahangirov adına Xoru (bədii rəhbər
və dirijor Əməkdar müəllim Təranə Yusifova),
beynəlxalq müsabiqələr laureatı, pianoçu Jalə
İslamova və tarzən Elşən Tahirov musiqi nömrələri
ilə çıxış etdilər.
Lalə Azəri
Mədəniyyət.- 2024.- 14 iyun,¹44.- S.3.