Bir gün Laçında
düşüb yağışa...
Qarabağ deyəndə ilk növbədə
ağlıma gələnlər müharibə, Topxana meşəsi,
mitinqlər, Qarakənd hadisəsi, Daşaltı, Xocalı,
Şuşa, Laçın dəhlizi, Çingiz Mustafayevin
kadrları və şəhidlər olur... Uşaq
yaddaşıdır yəqin. Bu gün qalib Azərbaycanın
vətəndaşı kimi ötən otuz il bir kino lenti kimi
keçir gözlərim önündən. Onda hələ
uşaq idik və Qarabağ bizim üçün çox uzaq
idi. Qarabağlı qohumumuz, qonşumuz da yox idi. İlk
tanıdıqlarım Pirşağı qəsəbəsindəki
“Qızılqum” sanatoriyası və pioner düşərgələrində
Şuşadan, Malıbəylidən məskunlaşan
qaçqınlar oldu. Sonra ... sonra yaşımız
artdıqca hamımız qarabağlı olduq.
10 il, hətta 5 il əvvəl desəydilər ki, nə
vaxtsa sən Şuşaya, Laçına gedəcəksən
inanmazdım. İroniyalı zarafat hesab edib bəlkə həmin
adamı acılayardım da. Amma bu gün...
Zəng gəldi. İllərdir
tanıdığım dostum, rejissor Amil idi. Laçına,
“Xalça belə yarandı” adlı sərginin
açılış mərasiminə dəvət edirdi.
Çox sevindim, dərhal da soruşdum: Laçına gedəcək
heyətdə Təranə Vahid də varmı? Jurnalist həmkarımız,
istedadlı yazıçı. Axı o hələ
işğaldan azad ediləndən bəri öz doğma
yurduna getməmişdi. Məlum olur ki, gedən komandaya Təranə
də daxildir. Bundan gözəl nə ola bilərdi...
Biz Laçına gedirik...
Evdə Laçına gedəcəyimi deyirəm.
Qızım Elmira deyir ki, əslində, Laçına biz rəssamları
aparmalıdırlar ki, yeni-yeni əsərlər çəkək.
Ən azı ildə bir dəfə silsilə tablolar
üçün.
Düşünürəm ki, düz deyir.
Laçına yaradıcı səfərlər də təşkil
etmək məqamı çatıb artıq. Nəhayət,
yola çıxmaq vaxtı yetişir. Mayın 24-ü. Gecə
saat 2:00. Danışılan kimi, “İnşaatçılar”
metrosu qarşısına yığışırıq. Milli
Xalça Muzeyindən Mahiyyə xanım və Əməkdar
rəssam Məmmədhüseyn müəllimi görürəm.
Məlum olur ki, maşınlar komandalara bölünüb. Mən
jurnalistlərlə gedəcəyəm. Həmkarım Həmidəyə
zəng vururam. Deyəsən, yatıb qalıb, necə
hövlnak cavab verirsə... Az sonra cavabı kimi
özünü də hövlnak toplanış məntəqəsinə
çatdırır.
Yola düşürük. Zöhrə xanım yenə
işini möhkəm tutub. 11 nəfərlik avtobusun
bütün yemək azuqəsini gətirib desəm,
yanılmaram. Şərif Ağayar əsl bələdçidir.
Bakıdan Laçına bütün yolu bizə məlumat
verir. Təranə isə sakitdir. Hərdən fikir verirəm.
Gözü elə hey yol çəkir.
Biz ənənəvi yolla gedirik Laçına. Belə
demək mümkünsə, sovetdən qalma yolla.
Füzuli, Cəbrayıl, Zəngilan,
Qubadlı rayonlarından keçirik. Qubadlıdan keçəndə
videolar çəkib dayıdostuma yollayıram.
Qubadlıdandır. Qubadlı azad olunanda bizə yaxşı
şüyüdlü plov qonaqlığı vermişdi. Xaraba
qalmış kəndlər, şəhərlər və quruculuq
işləri. Yolboyu Ali Baş Komandan, Prezident İlham
Əliyevin xalqa Ermənistanın kapitulyasiya ilə
bağlı müraciətini xatırlayıram. Bu məqamda
Elxan Qasımovun (Allah rəhmət eləsin) filmi də
yadıma düşür. “Biz qayıdacağıq”... Zəngilan
yazılan lövhənin yanında düşüb fotolar
çəkdiririk. Laçının girişində hamı
düşsə də mən düşmürəm.
Çünki, hiss edirəm ki, Təranə kövrəlib və
onun göz yaşlarına şahidlik etmək istəmirəm
nədənsə... Səbəbi də var. Yolda bizim Tahir
müəllimi də xatırlamışdım. Düşsəydim,
mən də ağlayacaqdım...
Yollar dolanbacdır burada. Bu dolanbac yolların hər
döngəsində bir nağıl yatır. Təbiət,
yaşıllıqlar, məkanın aurası... Laçın
nə gözəldir, İlahi. Hələ Həkəri
çayı. Coğrafiya dərsindən yadımdadır
adı. Arazın sol qoludur. Laçın, Qubadlı və Zəngilan
rayonları ərazisindən axır. Elə ona görə də
yolboyu bizi müşayiət edir. Sözlə ifadə edilməyəcək
dərəcədə gözəldir Laçın. Yurduna
dönmüş insanları, həyətdə oynayan
uşaqları görmək isə bir başqa aləmdir. Seyrəngah
deyilən yerdə düşüb şəhəri seyr etdikdən
sonra gəldiyimiz avtobus bizi Laçın bulvarına
aparır...
Laçının havası sərindir...Bir sözlə,
biz şəhərlilər üçün qış
havası. Tədbir də burada keçirilir. Bizdən əvvəl
burada dövlət rəsmilərinin, xarici diplomatların
iştirakı ilə tədbir olub. Dostumuz Amil Amal onlarla
birlikdə olduğundan hələ ki, görüşə
bilmirik. Adaşım, Bakı Abadlıq Xidmətinin
İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
Lalə Əliyeva gülərüzlə, sevinc dolu
çöhrəsi ilə bizi qarşılayır.
Bakıdakından ikiqat sevincli, canfəşanlıqla
görüşürük. Buradakı sevinc də bir
başqadır. Bulvar Həkəri sahilində yerləşir.
Üzərindəki körpünün özü bir gözəllikdir.
Foto çəkən kim, bir-birini çağırıb
gördüyü ecazkar gözəlliyi göstərən
kim... Bu məqamda Həkəriyə balıqların
buraxılmasına şahidlik də edirəm.
“Xalça belə yarandı” sərgisinin müəllifi
Elnarə xanımı Milli Xalça Muzeyindən
tanıyıram. Sərgidə baş verənləri həmkarım
Həmidə qələmə aldığı
üçün mən bəzi məqamlara diqqət çəkmək
istəyirəm.
Azərbaycan Respublikası Prezidentinin Laçın
rayonunda Xüsusi Nümayəndəliyi və Bakı
Abadlıq Xidmətinin birlikdə təşkilatçılığı
ilə reallaşan layihədə əslən
laçınlı, Azərbaycan Rəssamlar
İttifaqının üzvü Elnarə Rəsulovanın
ideya müəllifi olduğu eskizlər və xalçalar, həmçinin
şəxsi kolleksiyasındakı qədim xalça nümunələri
nümayiş olunur. “Qarabağ atı” (2023), “Çələbi”
(2023), “Ərciman” (2023), “Borçalı” (2024) adlı
xalçalarda kompozisiyanın əsasını təşkil
edən əriş iplərinin aşkar şəkildə
görünməsi onlara xüsusi gözəllik qatır.
Elnarə xanımın “Ata vəsiyyəti – oğul zəfəri”
xalçası xüsusilə diqqət çəkir.
Xalçanın əsas özəlliklərindən biri onun
ikitərəfli toxunmasıdır. İpək və yundan
toxunan bu sənət əsəri 2 il 4 aya ərsəyə gəlib.
Birinci hissədə Ulu öndər Heydər Əliyevin gələcəyin
qətiyyətli lideri İlham Əliyevə vəsiyyəti,
ikinci hissədə isə artıq tarixi Zəfərlə
oğulun ata vəsiyyətini yerinə yetirməsi təsvir
olunub. Xalçanın yuxarı hissəsində Ümummilli
lider Heydər Əliyev və Prezident İlham Əliyev təsvir
edilib. Ətrafa şəfəq saçan günəş isə
Zəfərimizin müjdəçisidir. Xalçada hər iki
hissəni birləşdirən köklü çinar
ağacı da var. Bu, Azərbaycanın keçmişi ilə
bugününü birləşdirən güclü
bağdır və onun üzərindəki
xarıbülbül gülü Qarabağın artıq
işğaldan azad edildiyinə işarədir.
Sərgidə xalçanın ilkin yaranmasından son mərhələsinə
kimi prosesi müşahidə edirik. Diqqətimi alaçıq
çəkir. Həmkarım Həmidə ilə
alaçığın içinə daxil oluram. Birlikdə foto da edirik və
zarafatla deyirəm ki, özümü lap “Qurtuluş Osman”
serialının qəhrəmanları kimi hiss etdim.
Alaçığın haradan gətirilməsi məni
çox maraqlandırdı. Elnarə xanım deyir ki,
“Xalça belə yarandı” sərgisində bizə dəstək
olan Milli Yaylaq Festivalının təsisçisi, Cavad Xan Tarix
və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənova
dərin təşəkkürümü bildirirəm. O bizə
Gəncədən – Cavad xan yurdundan öz
alaçığını təmənnasız olaraq göndərdi.
Onu da deyim ki, alaçıq burada əbəs
qurulmayıb. Xalçanın yaranışı prosesini əyani
şəkildə göstərərkən
alaçığı da vurğulamamaq olmazdı. Ta qədimdən
qışlaq-yaylaq köçlərində
alaçıqdan həmişə istifadə edilib.
Alaçıq qurulduqdan sonra üstü möhkəm keçə
ilə örtülürdü. Alaçıq müvəqqəti
yaşayış yeri kimi istifadə edilsə də, onun
qurulması, xalça-palazla bəzədilməsi
xalqımızın estetik zövqündən irəli gəlirdi.
Laçında arada yağış da yağır, sərgi
çərçivəsində 28 May – Müstəqillik
Gününə həsr olunan konsert proqramının
aparıcısı Rövşanə Ağasəfqızı
media təmsilçiləri və yazarları səhnədən
xüsusi salamlayır. Leysan yağış yağır, amma
hər kəs yağışın inadına sona qədər
tədbiri izləyir. Bu da Laçın sevgisi,
Laçının ecazkarlığından yaranan hisslər
idi. Hamı şaddır, hamı rəqs edir.
“Hoçazfilm” – Amilin amalı...
Burada dağ havası, evlərin quruluşu, su və
torpağın qoxusu, ağaclar, yağış belə
valehedicidir. Sanki yuxuda idik, ya da bu bir neçə saatlıq
eyforiya idi. “Hoçazfilm”ə gedən yolda
şıdırğı yağışda maşından
düşüb şəhəri seyr etməyimizi indi də
xatırlayıram. Yəqin başqa yerdə heç
maşından əlimizi belə bayıra
çıxarmazdıq yağışda. Göz-gözü
görmürdü, sözün əsl mənasında.
Qayıdıram əvvələ... Biz sərgini izləməkdə,
dostlarla görüşməkdə ikən Laçına səfərimizin
səbəbkarı Amil Amal da gəlib çıxır. Hal-əhval
tuturuq. Deyir ki, qonaqları “Hoçazfilm”lə
tanışlığa aparmışdım. Biz də
studiyanı tez görmək istədiyimizi deyirik.
Yağış da bir yağır ki, necə deyərlər,
tut ucundan göyə çıx. İki maşına birtəhər
sığışıb yollanırıq “Hoçazfilm”ə.
“Hocazfilm”ə qalxan yol gəldiyimiz yoldan da sərt
eniş-yoxuşlu və dolanbac imiş. Kinoittifaqdan olan gənc
xanım əməkdaşlardan biri maşın sərt
döngələri keçdikcə qışqırır və
bərk-bərk məndən tutur. Amil isə bizi sakitləşdirməyə
çalışır. Deyir gündə neçə dəfə
gəlib-gedir bu yolu, üstəlik də yolda üzbəüz
maşınlarla rastlaşırıq. Demək əsas yollardan
biridir və qorxmağa ehtiyac yoxdur.
“Hoçazfilm”in qarşısına
çatırıq. Hərdən mənə elə gəlir
ki, bu studiya Amilin əsas amallarından biridir. Laçın
işğalda olanda onunla o qədər bu barədə
danışmışıq ki... Laçın azad olunandan
sonra orada kinostudiya olmasını arzulayıram, deyirdi hər
zaman. Budur, həmin studiyadayıq. Amil deyir ki, ayda bəzən
500 ziyarətçi gəlir bura.
Bizdən bir az əvvəl studiyanı Azərbaycan Respublikası
Prezidentinin köməkçisi Hikmət Hacıyev
Laçında təşkil olunan tədbir (COP29 – UN Climate
Change Conference) çərçivəsində diplomatik
korpusun nümayəndələri ilə birlikdə ziyarət
edib. H.Hacıyev Azərbaycanın xarici siyasətində
müasir milli filmlərin əhəmiyyətini xüsusi
vurğulayaraq, “Hoçazfilm”in məhz sərhəd bölgəsində
– Laçın şəhərində yaradılmasının
vacibliyini xarici diplomatların diqqətinə
çatdırıb.
Ötən il studiyanın
açılışında Prezident İlham Əliyev
iştirak edib. Studiya iki inzibati binadan və bir çəkiliş
pavilyonundan ibarətdir. Studiyanın adı Laçın
rayonunun əsas rəmzlərindən sayılan Hoçaz
qayalıqlarının adından götürülüb.
Studiya Laçın və ümumilikdə Qarabağ regionunun
işğal və işğaldan sonrakı dövrlərinin
salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət
göstərəcək. Eyni zamanda çəkiliş məqsədilə
regiona gələn yerli və xarici film
istehsalçılarına bölgənin zəngin təbiəti,
imkanları ilə bağlı bələdçilik və
lokasiya xidmətləri göstərəcək, onları
müvafiq avadanlıqla təmin edəcək.
Çoxşaxəli yaradıcılıq məkanı
olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri
çox genişdir. Buraya Qarabağ regionunun
genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin
həyata keçirilməsi, bölgədə mədəni-kütləvi
tədbirlərin işıqlandırılması,
Laçında yenidənqurma işlərinin, regionun milli
brendlərinin və yerli məhsulların təşviqi,
kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin
təşkili daxildir. Pavilyon texniki təchizat, o cümlədən
səs, işıq izolyasiyası baxımından beynəlxalq
standartlara uyğundur. “Hoçazfilm”in ilk layihəsi Azərbaycan
Xalq Cümhuriyyətinin hərbi naziri, əslən
laçınlı Xosrov bəy Sultanovun həyat və fəaliyyətindən
bəhs edən “Qarabağ qubernatoru” bədii-sənədli
filmidir.
Pavilyondakı helikopter, təyyarə mənə
çox tanışdır. Bunlar Bakıda, “Azərbaycanfilm”
kinostudiyasının dekorasiya sexində hazırlanıb.
Studiyanın içində helikopter, təyyarəyə
minirik. İnanıram ki, yaxın günlərdə biz
“Hoçazfilm”lə bağlı yeni xəbərlərlə
kinosevərləri müjdələyəcəyik.
Onu da qeyd edim ki, bir müddət əvvəl may ayının
əvvəlində “Arılar və adamlar” tammetrajlı bədii
film üçün Laçın rayonunda məkan seçimlərinə
start verilib. Film Azərbaycan Respublikasının Kino Agentliyinin
(ARKA) keçirdiyi film layihələri müsabiqəsinin
qalibi, “SFN Production” və “Hoçazfilm”in birgə
istehsalıdır. May ayında bu studiyada “Böyüklərsiz biznes-klass”
filminin çəkilişləri də baş tutub.
***
...“Hoçazfilm”i ziyarətdən sonra artıq
Laçından ayrılıb Bakıya qayıdırıq.
Çox məqamları yazmadım. Yağışlı
günün təəssüratları ilə geri
qayıdırıq. Şərif Ağayar isə geri
qayıdanda da bələdçilik edirdi. O həmişə
açıq danışandır. Deyəsən, Cəlil
Cavanşir idi, ondan soruşdu ki, gəlib burada qala bilərsən...
Cavabı dəqiq yadımdadır. Dedi ki, maliyyə dəstəyi
olsa, bəlkə də üç il Laçında oturub
qayıdış hekayələri yaza bilər. Təranə
Vahidin Mişni kəndi isə uzaqda olduğu üçün
gedə bilmədik. Yəqin bir gün onlara da qonaq gedərik...
Lalə Azəri
Mədəniyyət.- 2024.- 14 iyun,¹44.- S.7.