Xalq artisti
Hüseynağa Sadıqov yad edildi
İyunun 12-də Azərbaycan Dövlət Film Fondunda
Mədəniyyət Nazirliyi və Kino Agentliyinin birgə dəstəyi
ilə Xalq artisti, görkəmli teatr və kino aktyoru
Hüseynağa Sadıqovun (1914–1983) 110 illiyi münasibətilə
tədbir keçirildi.
Foyedə sənətkarın həyat və yaradıcılığını
əks etdirən fotosərgi açılmışdı.
Tədbiri giriş sözü ilə Dövlət Film
Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil
Quliyev açaraq Hüseynağa Sadıqovun həyat və
yaradıcılığı haqqında qısa məlumat
verdi.
Bildirdi ki, Hüseynağa Sadıqov II Dünya
müharibəsinin iştirakçısı olub. Berlinə qədər döyüş yolu keçib.
İki dəfə ağır yaralanıb.
Görkəmli aktyor “Azərbaycanfilm”in istehsalı olan
“Sehrli xalat”, “Səhər”, “Yenilməz batalyon”, “Telefonçu
qız”, “Babamın babasının babası”, M.Qorki adına
kinostudiyada çəkilən “Ələddinin sehrli
çırağı” filmlərində müxtəlif səpkili
obrazlar yaradıb.
Cəmil Quliyev yeniyetmə ikən özünün də
rol aldığı “Alma almaya bənzər” filminin (1975)
çəkiliş prosesini də xatırladı:
“Hüseynağa Sadıqovla ilk
tanışlığımız fotosınaqlarda yarandı. Təxminən
bir gün ərzində bir yerdə olduq. O, üzügülər,
səmimi, zarafatcıl və təvazökar bir insan kimi
yaddaşımda qalıb. Hüseynağa müəllim çəkiliş
dövründə hamının sevimlisi idi. Çəkiliş
meydanına da həmişə vaxtından tez gəlirdi.
Bütün işçilərə, xüsusən uşaqlara
diqqətlə yanaşırdı. Şəkər xəstəsi
olduğu üçün həmişə çantasında
ehtiyat ərzağı olurdu. Hamıya da bu ərzaqdan təklif
edirdi. O, çox ehtiyatlı və səliqəli adam idi. Yola
çıxarkən çantasında hər bir ləvazimatı
– iynə-sap, su-qaynadan cihaz, qayçı, dava-dərman və
s. götürərdi...”.
Görkəmli aktyorla uzun illər Gənc
Tamaşaçılar Teatrında birgə
çalışmış Xalq artisti Tariyel Qasımov
çıxışında H.Sadıqovun xoşbəxt sənətkar
olduğunu bildirdi. Qeyd etdi ki, sənətkarın xoşbəxtliyi
onda idi ki, onu hər kəs sevirdi. Çox qürurlu insan idi.
Öz sənətinə hörmətlə
yanaşırdı.
Tədbirdə daha sonra Xalq artisti Cəfər Namiq
Kamal, filologiya üzrə fəlsəfə doktoru Firudin
Qurbansoy H.Sadıqov haqqında xatirələrini
danışdılar.
Qeyd olundu ki, 1928-ci ildə Bakıda Fəhlə
Uşaq Teatrı yaranır. Sonralar öz fəaliyyətini Gənc
Tamaşaçılar Teatrı kimi genişləndirir.
Hüseynağa Sadıqov aktyor kimi məhz bu səhnədən
pərvazlanır. Çox gənc ikən
tamaşaçılar qarşısında
çıxış edir.
Çıxış edənlər tanınmış
aktyorun xatirəsini əziz tutduğuna və tədbirin təşkilinə
görə Dövlət Film Fonduna təşəkkür etdilər.
Çıxışlar arası sənətkarın həyat
və yaradıcılığını əks etdirən
videoçarx və çəkildiyi filmlərdən fraqmentlər
nümayiş olundu.
S.Fərəcov
Mədəniyyət.- 2024.- 14 iyun,¹44.- S.1;3.