“Arşın mal alan” yenidən qardaş eldə alqışlar qazanıb

 

Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 12-də dahi Üzeyir Hacıbəylinin dünyaşöhrətli “Arşın mal alan” operettasının tamaşası nümayiş olunub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı heyəti musiqili komediyanı Əlişir Nəvai adına Dövlət Akademik Teatrında təqdim edib.

Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan səhnə əsərində rolları Əməkdar artistlər Ramil Qasımov (Əsgər), İnarə Babayeva (Gülçöhrə), Xalq artisti Gülyaz Məmmədova (Telli), Əməkdar artistlər Cahangir Qurbanov (Soltan bəy), Gülüstan Əliyeva (Cahan xala), Səbinə Vahabzadə (Asya), eləcə də Taleh Yahyayev (Süleyman), Sadiq Məlikov (Vəli) ifa ediblər.

Qardaş ölkənin orkestrinin müşayiəti ilə nümayiş olunan səhnə əsərini Əməkdar incəsənət xadimi, dirijor Sevil Hacıyeva idarə edib.

Üzeyir bəy dühasının şah əsərlərindən biri növbəti dəfə alqışlar qazanıb.

Qeyd edək ki, Ü.Hacıbəyli bu əsəri 1913-cü ildə yazıb. Həmin il oktyabrın 25-də Bakıda əsərin uğurlu təqdimatından sonra tamaşa Qafqaz ölkələri, Rusiya, sonra isə bütün dünyanın səhnələrinə ayaq açıb. Əsər bundan öncə dəfələrlə Özbəkistanda tamaşaya qoyulub.

 

Mədəniyyət.- 2024.- 14 iyun,¹44.- S.3.