Sənət incilərində
yaşayan milli irs
Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində
Daşkənddə sərgi açılıb
Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti
Günləri çərçivəsində iyunun 12-də
Özbəkistan Təsviri Sənət Qalereyasında “Azərbaycanın
sənət incilərində yaşayan milli irsi” adlı sərginin
açılışı oldu.
Mərasimdə Azərbaycanın mədəniyyət
naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət
naziri Ozodbek Nazarbekov, iki ölkənin tanınmış mədəniyyət,
incəsənət və elm xadimləri və qardaş
ölkənin ictimaiyyət nümayəndələri
iştirak edirdilər.
Özbəkistan Təsviri Sənət
Qalereyasının direktoru Kamila Baltabayeva sənət
ocağı və sərgi haqqında danışdı.
Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət
və qeyri-maddi mədəni irs şöbəsinin müdiri
Sevil Kərimova Azərbaycan təsviri və dekorativ-tətbiqi
sənəti barədə məlumat verdi. Dedi ki, sərginin
konsepsiyası Azərbaycan milli irsinin zəngin tarixə və
qədim bədii ənənələrə, bugünkü incəsənətimizin
varislik prinsiplərinə əsaslanır.
Sonra qonaqlar sərgi ilə tanış oldular.
Məlumat verildi ki, sərginin birinci hissəsi Azərbaycan
Milli İncəsənət Muzeyində qorunan peşəkar Azərbaycan
qrafikasının banisi Əzim Əzimzadənin XX əsrin əvvəllərində
yaratdığı əsərləri əhatə edir. Qrafik əsərlərin
bədii interpretasiyaları muzey fondunun unikal eksponatları əsasında
işlənib.
İkinci zalda son 20 il ərzində toplanan şəxsi
kolleksiyadan 27 ədəd XVIII–XX əsrlərə aid kəlağayı
təqdim edilir. Üçüncü zalda “Azərxalça”
ASC-nin xalçaları nümayiş olunur. Növbəti zalda
Azərbaycan Rəssamlar İttifaqı tərəfindən
hazırlanan videoçarx nümayiş etdirilir.
Qalereyanın ikinci mərtəbəsinin foyesində
qurama, zərgərlik, misgərlik, şəbəkə
üzrə əl işləri sərgilənirdi. Sənətkarlarımız
əl işlərinin hazırlanması prosesini əyani şəkildə
nümayiş etdirirdilər.
Ənənələrin yaşaması ideyası həmin
məkanda təqdim olunan Yusif Zadənin “Adi şəhər”
adlı fotosərgisində də yer almışdı.
Sonra qonaqlar “ATİDE” və “Anara Zakirli” geyim brendlərinin
nümayişini izlədilər.
“ATİDE” 2019-cu ildə təsis edilmiş Azərbaycan
brendidir. Brendin müəllifi istedadlı modelyer Aida Kahvecidir.
Brendin adı “sandıq” mənasını verir ki, bu da təsadüfi
deyil. Məqsəd ana və nənələrimizin
sandığında qədimdən qalan milli geyimlərimizi
müasir moda ilə birləşdirərək Azərbaycanın
mədəni irsini yaşatmaq və gələcək nəsillərə
ötürməkdir.
Təqdim olunan “Şamaxı” geyim kolleksiyası Azərbaycanın
qədim şəhərinin adını daşıyır. Qədimdə
Azərbaycanın məşhur qadın baş
örtüyü olan kəlağayıların bir qismi
Şirvan bölgəsində istehsal olunurdu ki, onlara da el
arasında “Şamaxı” deyilirdi. Kolleksiyada təqdim olunan
geyimlərin üzərində məhz kəlağayı
ornamentləri təsvir edilib.
“Anara Zakirli” brendi isə 2018-ci ildə təsis edilib.
Müəllifi istedadlı modelyer Anara Zakirli olan brendin
yaradılmasında məqsəd Azərbaycanın milli
xalça ornamentlərini müasir geyimlərlə sintez edərək
moda dünyasına tanıtmaq, Şərqin və Qərbin ahəngində
parlayan ölkəmizin mədəniyyətini dəbli geyimlərlə
hər kəsin diqqət mərkəzinə çəkməkdir.
Təqdim olunan “Zərəfşan” geyim kolleksiyası
Azərbaycanın məşhur “Əfşan”
xalçasından ilhamlanaraq hazırlanıb. Geyimlərdə
Odlar yurdu Azərbaycanın al-əlvan rəngli milli ornamentlərini
özündə əks etdirən və özəl olaraq
hazırlanmış unikal parçalardan istifadə edilib.
Kolleksiyada təqdim olunan hər bir işin arxasında
qədim tarix, sirli hekayələr, incə əl işi və
ucsuz-bucaqsız təxəyyül dayanır.
Azərbaycan xalq mahnılarının müşayiətində
təqdim edilən tarix yadigarları, xalça və digər
əl işləri ziyarətçilərdə zəngin təəssürat
yaratdı.
F.Yunisli
Daşkənd
Mədəniyyət.- 2024.- 14 iyun,¹44.- S.3.