Özbək dilinə tərcümə edilmiş “Qılınc və qələm” Daşkənddə təqdim olunub

 

Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin zəngin proqramında milli ədəbiyyatımıza da yer ayrılmışdı.

İyunun 13-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin özbək dilinə tərcümə olunmuş “Qılınc və qələm” kitabının təqdimatı keçirilib.

Özbəkistan alim və ziyalılarının da iştirak etdiyi mərasimi Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair-dramaturq İlqar Fəhmi açıb.

Sonra söz mədəniyyət nazirinin müavini Fərid Cəfərova verilib. Nazir müavini bildirib ki, Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən görkəmli şair və yazıçılarımızın əsərlərinin xarici dillərə tərcümə edilərək təbliğ olunması diqqətdə saxlanılır. İndiyədək 100-dən artıq müəllifin əsərinin tərcümə və nəşri həyata keçirilib. Milli ədəbiyyatımızın Türk dünyasında da tanınmasına xüsusi önəm verilir.

Nəşrin əhəmiyyətini vurğulayan Fərid Cəfərov deyib ki, bu kitabla görkəmli nasir Məmməd Səid Ordubadi ilə yanaşı, əsərdə obrazı yaradılan dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi və onun dövrü haqqında özbək oxucularda geniş təsəvvür yaranacaq.

Özbəkistanın ədəbiyyatşünas-alimləri, professorlar Nurboy Cabbarov, Abdulla Uluğov, AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, şair Aqşin Yenisey və on ilə yaxın Daşkənddəki AMM-yə rəhbərlik etmiş, hazırda Ankaradakı AMM-in direktoru olan Samir Abbasov çıxış ediblər.

Çıxışlarda yeni nəşrin əhəmiyyəti qeyd edilib, Nizami Gəncəvinin ideyalar aləmindən bəhs olunub.

Tədbirdə Nizami Gəncəvinin şeirləri qiraət olunub, qəzəlləri üstündə muğamlar ifa edilib.

Qeyd edək ki, əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışıb, xalq həyatının geniş lövhələrini yaradıb. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin – xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq “Qılınc və qələm” adlandırılıb.

Romanı özbəkcəyə Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilov çeviriblər.

 

Mədəniyyət.- 2024.- 14 iyun,¹44.- S.2.