Özbəkistan səhnəsində
Azərbaycan incəsənətinin növbəti təntənəsi
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə 10-14 iyun tarixlərində Özbəkistanda Azərbaycan
Mədəniyyəti Günlərinin qala-konserti zəngin incəsənətimizin,
musiqi sənətimizin dost və qardaş ölkədə
növbəti təntənəsi oldu.
İyunun 11-də Daşkənddəki Özbəkistan
Forumlar Sarayında gerçəkləşən konserti hər
iki ölkənin mədəniyyət nazirləri Adil Kərimli
və Ozodbek Nazarbekov, digər rəsmilər,
tanınmış mədəniyyət və incəsənət
xadimləri, Azərbaycan musiqisinin, rəqs sənətinin,
muğamının pərəstişkarı olan yüzlərlə
tamaşaçı izləyirdi.
Musiqi sənətimizdən öncə isə Forumlar
Sarayının foyesində Azərbaycan milli
şirniyyatlarının təqdimatı oldu. Hər kəs
şəkərbura, badambura, paxlava və digər şirniyyat
növlərinin dadına baxdı.
Sənətçilərdən əvvəl Özbəkistan
Respublikası Prezidentinin Mətbuat xidmətinin rəhbəri
Şirzod Asadov səhnəyə çıxaraq ölkə
başçısı Şavkat Mirziyoyevin təbrik məktubunu
oxudu.
Məktubda Özbəkistan və Azərbaycanın
dostluq və qardaşlığından bəhs olunur, iki
ölkənin mədəniyyət və incəsənətinin
xalqlarımız arasında əlaqələrin möhkəmlənməsində
xüsusi yer tutduğu qeyd edilirdi.
Sonra konsert proqramı başlandı.
İlk olaraq Həzrət Əzizlinin ifasında
“Bayatı-Şiraz” muğamı, “Natiq” ritm qrupu və “Mirvari”
rəqs ansamblının kompozisiyası böyük coşqu
ilə qarşılandı.
Əməkdar artist, tarzən Sahib Paşazadə
“Çahargah” rapsodiyasını və “Andijon polkası”
özbək xalq rəqsini, müğənni Almaxanım
Əhmədli “Küsmə, gəl” mahnısını, Elnur
Mikayılov kamançada “Hayrona” özbək
mahnısını ifa etdilər.
Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi
“Qarabağ” muğam qrupu “Musiqi çələngi”, Əməkdar
artist Nigar Şabanova “Sən gəlməz oldun”, Afaq Abbasova
“Bakı”, Azərbaycan Dövlət Rəqs Ansamblı “Uzundərə”,
“Qaytağı” və “Zəngəzur
yallısı” rəqslərini təqdim etdilər.
Özbəkistanın və Azərbaycanın Xalq
artistləri Nəsibə Abdullayeva “Qarabağ”, Gülyanaq Məmmədova
isə “Uluğumsan Vətənim” mahnılarını oxudular.
Aşıq Samirə və aşıq Əli “Aşıq
havaları”, Xalq artisti Zülfiyyə Xanbabayeva
“Şuşanın dağları”, Xalq artisti Azər Zeynalov
“Şükriyyə”, Afaq Abbasova və Azər Zeynalov
“Arşın mal alan” operettasından duet, Azad Şabanov
“Qayınana” filmindən “Popurri” və başqa musiqi nömrələrini
ifa etdilər.
Konsertin axırında bütün
iştirakçılar Rauf Hacıyevin “Azərbaycan”
mahnısını birlikdə səsləndirdilər. Salonun
ayaq üstə alqışladığı mahnıdan sonra
nazirlər Adil Kərimli və Ozodbek Nazarbekov səhnəyə
çıxaraq sənətçilərlə
görüşdü, uğurlu ifa münasibətilə
onları təbrik etdilər.
Sonda xatirə şəkilləri çəkdirildi.
Fariz Yunisli
Daşkənd
Mədəniyyət.- 2024.- 14 iyun,¹44.- S.1;3.