Arxeologiya sahəsində
Azərbaycan-Koreya elmi əməkdaşlığı
İyunun 20-də AMEA-da “Arxeologiya sahəsində Azərbaycan-Koreya
elmi əməkdaşlığı” mövzusunda beynəlxalq
konfrans keçirilib.
Konfransda çıxış edən AMEA-nın
prezidenti akademik İsa Həbibbəyli artıq üç
ildir ənənəvi olaraq keçirilən tədbirin əhəmiyyətini
vurğulayıb. Qeyd edib ki, son illərdə Azərbaycan-Koreya
arxeoloji ekspedisiyası Qarabağda geniş tədqiqat işləri
aparıb. Koreya arxeoloqlarının iştirakı ilə
Füzulidə Yedditəpə kurqanlarında aparılan tədqiqatlar
zamanı mühüm nəticələr əldə olunub. Bir
neçə il öncə AMEA-nın müxbir üzvü, mərhum
professor İlyas Babayevlə birgə Qəbələdə Azərbaycan-Koreya
birgə arxeoloji ekspedisiyası elmi tədqiqatlar aparıb. Həmçinin
Arxeologiya və Antropologiya İnstitutunun Qəbələ
etnoqrafik ekspedisiyası Qəbələ bölgəsində
kompleks tədqiqatlar aparıb. Bunun nəticəsi olaraq Qəbələnin
tarixi, etnoqrafiyası və folkloru barədə 3 dildə kitab
çap olunub.
Koreya Respublikasının Azərbaycandakı səfiri
Li İn-Yonq çıxış edərək ölkələrimiz
arasında diplomatik münasibətlərin 1992-ci ildə
qurulduğunu, əlaqələrin yüksələn xətlə
inkişaf etdiyini bildirib. O, Azərbaycanda Koreya mütəxəssislərinin
iştirakı ilə 2009-cu ildə başlanılan arxeoloji tədqiqatlar
zamanı mühüm elmi nəticələrin əldə
olunduğunu deyib. Bildirib ki, Qəbələnin arxeoloji tədqiqatında
koreyalı mütəxəssislərin iştirakı iki
ölkə arasında əməkdaşlıq tarixində yeni
səhifə açıb.
Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad
Quliyev Qəbələ Arxeoloji Mərkəzinin fəaliyyəti,
müxtəlif illərdə aparılan arxeoloji tədqiqatlar və
onların nəticələri haqqında məlumat verib.
Konfransda “Qəbələ qazıntılarından
aşkar edilmiş Roma idxalına aid nümunələr”,
“Şərqi və Qərbi Avrasiyada aşkar edilmiş
süni deformasiyalı kəllələr”, “Erkən Dəmir
dövründə Qafqazın iqtisadi və intellektual mərkəzi
(e.ə. X əsr)”, “Koreya yarımadasında
qazılmış Araba çətir komponentləri” və digər
mövzularda məruzələr dinlənilib.
Tədbirdə Koreya, Türkiyə və
Gürcüstanın alim və mütəxəssisləri,
Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları
iştirak ediblər.
Mədəniyyət.- 2024.- 21 iyun,¹45.- S.3.