Siz də deyin: toya gələn oynasın...

 

“Fiqaronun toyu”na az qalıb...

 

Milli statusundan sonra Dövlət Gənc Tamaşaçılar Teatrına ilk gəlişimdir. Tələsirəm. Üstəlik, şəhər tıxaclı və istidir. Özümü xidməti qapıdan içəri atıb təzəcə nəfəs dərmişdim ki, teatrın əsl teatral əməkdaşı Səhnə xanımın tanış təbəssümü ilə birbaşa zala keçdim. Özü də səhnədən.

Əli ayağına dolaşan çağırılmamış qonaq tövründə atdım özümü yarıqaranlıq zala. Burada ortam çöldəkindən betərdir. Rejissor Nicat Kazımov pul kimi qızarıb. Heyəti də. Hiss olunur yorulublar. Bu məqam eşidirəm ki, saatlardır məşq edirlər. Toya çox az – təxminən bir həftə qalıb deyə əsl vur-çatlasındı. Direktor Naidə İsmayılzadə də zaldadır. İstər-istəməz, baş məşq hesab oluna bilər.

...Vaxtsız qonaq olsam da, nə dəxli, toya gəlmişəm. Amma bu toy, o toylardan deyil. “Fiqaronun toyu”dur!

Əvvəldən deyim ki, Pyer Bomarşenin pyesi əsasında yazılmış libretto və V.A.Motsart musiqisi ilə zaman-zaman bizim Akademik Opera və Balet Teatrında da tamaşaçını məftun edən bu toydan çətin kimsə narazı qala. Baxmayaraq ki, məkan da, yozum da fərqlidir. Elə o ümidvarlıqla Nicat Kazımovun quruluşunda (həm də səhnə redaktəsində) hazırlanan “Fiqaronun toyu”nun da uzunömürlülüyünə inanıram. Bu, öz yerində.

Amma məşqə gəlmədən öncə öz-özümə xeyli suallar da vermişdim. Müasir tamaşaçı bu klassik opera əsərinə tamaşa kimi necə baxacaq? Aktyorlar çeviklik, balet artistinə xas incə xoreoqrafik elementlər istəyən əsərin mizan bölgüsünə nə dərəcədə adekvat olacaqlar?...

Məlumat üçün deyim ki, əsərə bizim səhnədə ilk müraciət 1940-cı ildə Akademik Milli Dram Teatrında olub. Cəfər Cabbarlının tərcümə etdiyi pyesə Məcid Zeynalov quruluş verib. Nümunədə Mustafa Mərdanov, Fatma Qədri, Mirzəağa Əliyev, Məmmədəli Vəlixanlı, Rza Darablı kimi aktyorlar rol alıblar. Amma möhtəşəm səhnə və musiqi tərtibatı ilə hazırlanan tamaşa repertuarda cəmi bir il qala bilib.

Dünya səhnələrində pyes və onun taleyi ilə bağlı axtarış edəndə başqa maraqlı bir məqam da ortaya çıxdı. Sən demə, pyes əvvəlcə qadağan olunur. Hətta operanın müəllifi Motsart olsa belə, zamanında elə də “bəh-bəh”lə qarşılanmır.

Amma bütün bunlara rəğmən mövzu və qəhrəmanlar köhnəlmir ki, köhnəlmir. Əksinə, görkəmləri, sir-sifətləri dəyişsə də, xislətləri, istək və arzuları olduğu kimi qalıb. Yox, məncə, bir az da əndazəsini aşıb, sərhədlərini keçib və kürsülü damlardan sosial şəbəkələrə... gedib çıxıb.

Pyesin nüvəsində duyğuların azad, səmimi ifadəsi və bütün maneələrin saf məhəbbətin qarşısında gücsüzlüyünə çəhrayı buludlar üzərində “yaşayan” bir uşaq inamı var. Saf sevgi, az qala onunla həmyaşıd qısqanclıq, qibtə, rəqabət, hiylə, qadın məkri, fitnə-fəsad və başqa min cür intriqaların dolaşdığı münasibətlərin sevgi qarşısında acizliyinə yepyekə bir eyhamın vurulduğu əsərin tək qələbəsi romantizmdir həm də.

Əsərdə konflikt çox sadə bir məqam üzərindən keçidlə başlayır. Daha doğrusu, sadə göründüyü qədər fitnə dolu təəssüratdan sonra: qulluqçu Fiqaro evin xadiməsi Süzanna ilə evlənəcəyindən xoşbəxtdir. Budur, bütün əzablar bitir, həsrət vüsala yetir. O, sevdiyi qızla evlənir. Qraf Almaviva da əsl xeyirxahdır. Sadiq qulluqçularını mükafatlandırmağa belə hazırdır. Ən azı Fiqaro, sadəlövh gənc belə zənn edir. Cütlük üçün otaq ayıran sahibinə təşəkkürdən yorulmur. Hətta sahibinin bu səxavətindən çaşır da. Amma ondan fərqli olaraq, çoxbilmiş sevgilisi Süzanna bu fədakarlığın arxasındakı əsl niyyəti yaxşı bilir. Qrafın ona olan vurğunluğunu və tamah salmasını nişanlısına açıb deyir. Qraf elə toy gecəsindəcə gənc qıza sahib olmağı planlaşdırır. Amma gənclərin tökdüyü tədbir bəhrə verir və sonda ənənəvi finala sevinirik: xeyir şər üzərində qəlbə çalır.

Əsər yazıldığı dövrün zadəganlığı, varlı təbəqəsi ilə sadə, kasıb insanların münasibətlərinə, daha doğrusu, qarşıdurmasına eyham vursa da, bu sürətli  konfliktlər fonunda mütləq bir inam, əzmkarlıq da hakimdir. Rejissor əsərdən irəli gələn ideya axınına məhz bu məqamdan sonra ictimaiyyət arasında az qala əzbər bildiyimiz replikaları ilə məşhur simaları sintez etməklə (tamaşaya baxan hər kəs onları tanıyacaq) məzəli, ironik yanaşma sərgiləyir.

“Xahiş edirəm, qızlar, başımızı tərpətmirik, əlimizi tərpətmirik, çiynimizi oynatmırıq. Hərəkətsiz qalırıq. Axı arxadakı sizin kim olduğunuzu, hansınızın danışdığını bilməməlidir” nidası ilə daldığım dərin xəyaldan ayıldım. Kəmalə Müzəffər “Oldu, oldu” deyib gülümsəyir. Tərəf-müqabilinə göz-qaş edib, “ayaq” verəndən sonra yenidən həmin hissəni təkrarlayır.

Məşq boyu səhnədə Manaf Dadaşov, zalda da Rasim Cəfər – yəni  Qraf Almavivalar da durmadan köməkləşməyə cəhd etdilər. Bəzi həmkarlarından fərqli olaraq, dinamizmini və obrazına nüfuzunu nümayişkaranə göstərən Bəhram Əliheydər (zalda onun qədər əziyyət çəkən Sənan Kazımlını da unutmadım) tennis topu kimi yorulmadan atılıb-düşürdü.

Səhnə geyiminə təzəcə uyuşan Aydan Həsənzadə  Süzanna kimi uğurlu seçimdir və zərifliyini bədən dili ilə rahat ifadə edir. Ümumiyyətlə, bu gənc aktrisa səhnəyə yaraşmaqla yanaşı, həm də öyrənməyə meyillidir. Hiss olunur, tərəf-müqabillərinin oyununu daha dəqiq izləyir. Yalnız öz replikaları, öz “çıxış-girişləri” üzərində ilişib qalmır.

Rejissorun “Hüseyn” harayından sonra çəlimsiz gənc Hüseyn Bayramov başılovlu “Mənim yerimdir” sualına cavab tapmadan səhnəyə atıldı.

Musiqi tərtibatçısı, rejissor, rejissor assistenti, qısası, hər kəs sonuncu raunduna çıxan idmançılar sayağı dişlərini sıxıb davam etdilər. Ta, “fasilə” komandası eşidilənədək. Bu minvalla mehriban, səmimi və zəhmətkeş heyət nahar fasiləsinə getdi. Fürsət bu fürsət deyib toy sahibini söhbətə tutdum.

Quruluş müəllifi deyir ki, belə klassik tamaşalar, xüsusən komediya əsərləri bütün teatrlara lazımdır: “Teatrın repertuarını gözdən keçirəndə gördük ki, bizim repertuarda komediya aclığı var. Odur ki, düşünüb-daşındıqdan sonra bu əsəri seçdik. Gördüyünüz kimi, gərgin məşq prosesindəyik. Arada başqa tamaşalar, dövlət tədbirləri oldu. Tam heyətlə, demək olar ki, hər gün məşqdəyik. Odur ki, iyunun 29 və 30-da sizləri “Fiqaronun toyu”na – premyeraya dəvət edirəm”.

Tamaşanın maraqlı olacağına əminliyini bildirən Əməkdar artist Nicat Kazimov davan edir: “Bilirsiniz, ağır, ciddi tamaşalarla bərabər, tamaşaçı həm də komediya görmək istəyir. Bildiyim qədərilə bu əsər 40-cı illərdə “Azdrama”da qoyulub və çox az müddət repertuarda qalıb. Bir də ötənlərdə ADMİU-da kurs tamaşası kimi oynanılıb. Amma bütün dünyada bu əsər həddindən artıq məşhur əsərdir. Dünyanın ən öndə gedən teatrlarının repertuarında bu komediya oynanılır və sevə-sevə tamaşaçılar tərəfindən izlənilir. Mən əsəri Cabbarlı tərcüməsi əsasında yenidən, dövrümüzün dil, səhnə danışığı üslubuna görə uyğunlaşdırdım. Xeyli də ixtisar etdim. 156 səhifəlik pyesi 56 səhifəyə salmışıq. Məşqlər getdikcə yenə də az-maz sözlər üzərində ixtisarlar olunur. Özünüz də izlədiyiniz kimi əsər müasirdir və biz də ona hazırda bütün cəmiyyətlərə xas çağdaş problemləri daha qabarıq nüfuz etdirməyə çalışmışıq”.

Rejissor tamaşada iştirak edən aktyorlar haqda da məlumat verdi: “Tamaşada teatrımızın əksər aktyorları rol alıb. Fiqaro rolunu Bəhram Əliheydər və Mirsənan Kazımlı ifa edirlər, yəni iki heyətdir. Süzanna rolunda Aydan Həsənzadə, Qraf Almaviva rolunda Manaf Dadaşov, Əməkdar artist Rasim Cəfər, Qrafinya rolunda Əməkdar artist Kəmalə Müzəffər, Zülfiyyə Alhüseynova, Marselina rolunda Sevinc Rzayeva, Təhminə Məmmədova, Bartolo rolunda Əməkdar artist Elnur Hüseynov, Əməkdar artist İlham Əsədov, Bazilio rolunda Ramil Məmmədov iştirak edirlər. Bundan əlavə, Ceyhun Məmmədov, Elşən Şıxəliyev, Anar Seyfullayev, Anar Səfiyev, Aydın Dəmirov, Tahir İsmayılov, əsas rollardan biri olan Kerubino rolunun ifaçıları Nurlan Süleymanlı və Hüseyn Bayramov və digərləri tamaşada yer alıblar.

Onu da qeyd edim ki, Süzanna rolunun ikinci heyətdə ifası üçün Akademik Milli Dram Teatrından İlahə Həsənovanı da dəvət etmişik. Ümid edirəm ki, tamaşaçılar çoxdandır belə komediya görmürlər deyə sevə-sevə bu tamaşaya gəlib baxacaqlar”.

***

Məşq zamanı müşahidə etdiyim ən yaxşı nüans sözsüz ki, hərəkət çoxluğu oldu. Tamaşanı buffonada üslubunda qoyan və heyətini onun tələblərinə uyğunlaşdıran rejissor inanır ki, tamaşaçılar bu işi də maraqla qarşılayacaqlar.

Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Zaur Rəşidov,  rəqslərin quruluşçusu Əməkdar artist Nailə Məmmədzadədir.

Sonda onu da qeyd edim ki, tamaşada V.A.Motsart və C.Rossininin musiqisindən sintezdə istifadə olunub. Vokal hissələri Akademik Opera və Balet Teatrının solisti, istedadlı bariton Mahir Tağızadə səsləndirir. Ariyanın mətni dilimizə tərcümə olunduğundan bunu da rejissorun yenilik cəhdi saymaq olar.

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2024.- 21 iyun,¹45.- S.1;5.