III Bakı
Piano Festivalı davam edir
16-29 iyun tarixlərində Əməkdar artist Şahin
Növrəslinin təsisçisi olduğu III Bakı Piano
Festivalı keçirilir.
“Landmark Hotel”də təşkil olunan festivalın media
üçün təqdimatında Braziliyanın Azərbaycandakı
səfiri Manuel Monteneqro, Latviyanın Azərbaycandakı səfiri
Edqars Skuya, Fransanın Azərbaycandakı Səfirliyinin əməkdaşlıq
və mədəni fəaliyyətlər üzrə
müşaviri Şarl Denye, digər qonaqlar iştirak ediblər.
Şahin Növrəsli festivalın proqramı və
iştirakçıları haqqında danışıb,
bütün tərəfdaşlara, sponsorlara və media
nümayəndələrinə təşəkkürünü
bildirib.
Festival iyunun 16-da Rebeka Orteqa – “Flamenco Company”nin
iştirakı ilə flamenko konserti ilə açılıb.
Festival çərçivəsində “Fortepiano
üçün etüd” ədəbi müsabiqəsi də
keçirilib. Müsabiqənin məqsədi ədəbi əsərdə
canlı musiqi obrazı yaratmaq və ədəbiyyatda musiqi
mövzusunu populyarlaşdırmaq olub. Əsərləri
münsiflər heyətinin üzvləri – Maqsud İbrahimbəyov
Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova,
Azərbaycan Yazıçılar Birliyinin üzvü Aleksandr
Xakimov, “NG Creators Club”un direktoru Natiq Əliyev və
festivalın media əlaqələndiricisi Rüstəm
Hüseynov iştirakçıların əsərlərini
qiymətləndiriblər.
III Bakı Piano Festivalı iyunun 29-da İsak Jamba
qrupunun ifası – Braziliya samba konserti ilə başa
çatacaq.
Mədəniyyət.- 2024.- 21 iyun,¹45.- S.3.