Özünə qalib gəlməyi bacaran Atəş

 

Atəş Qarayev. Bu ad indən belə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının afişasında yazılanda, onun ismi böyük səhnələrdə səslənəndə belə təqdim olunacaq: beynəlxalq müsabiqələr laureatı Atəş Qarayev.

– Əvvələn, ondan başlayaq ki, insan bir gün özünün hansısa qabiliyyətini kəşf edir. Çox zaman isə bu kəşfin müəllifi başqası olur. Maraqlıdır, siz nə zaman bildiniz ki, səsiniz var, oxumağı bacarırsınız? Çünki səs digər istedadlar kimi genetik də ola bilir.

– Anamın atası Ağalar Əhmədov öz dövründə Şamaxıda tanınmış xanəndələrdən olub. Deyirlər ki, Ağalar kəndin bu başında oxuyanda o biri başında eşidilərmiş. Görkəmli tarzənimiz Əhsən Dadaşov dəfələrlə babamın arxasınca gedib ki, onu televiziyaya çıxartsın, məşhur etsin. Babam köhnə kişilərdən olduğu üçün o zaman sovet qaydalarına görə səhnəyə, ekrana çıxmaq üçün bığ qırxmaq şərtinə razılaşmadığından Şamaxı məclislərindən kənara çıxmayıb. Ağalar babam cavan rəhmətə getsə də, səs qabiliyyəti irsən mənə keçib. Anam Leyla xanım da musiqini çox sevir. Yadımdadır, mən uşaq olanda anam həmişə klassik musiqi dinləyərdi, mən də çox vaxt çalışardım ki, Rəşid Behbudov kimi oxuyum, onu, Müslüm Maqomayevi təqlid edərdim.

– Deməli, özünüz intuitiv olaraq özünüzə müəllim seçmisiniz…

– Elə də demək olar… Məktəb demişkən, III, ya da IV sinifdə oxuyurdum. Musiqi dərsində proqramdakı uşaq mahnılarını xor ilə oxuduğumuz zaman müəlliməm Rufina Borisovna qəfil çıxışımızı saxlayıb soruşdu ki, zildən oxuyan kimdir? Səsimi çıxarmadım. Müəllimə bizi təkrar oxudanda səsimi ayırd edib mənə dedi ki, sabah anan məktəbə gəlsin. Mən də bir az həyəcanlandım ki, görəsən neyləmişəm ki, anamı çağırırlar? Ertəsi gün anam məktəbə gələndə Rufina Borisovna ona dedi ki, oğlunuzun gözəl səsi var, onunla məşğul olmaq lazımdır. Rufina xanım özü mənimlə ayrıca təmənnasız məşğul olmağa başladı. Sonra Süleyman Ələsgərov adına 1 nömrəli İncəsənət məktəbində həm fortepiano, həm də xanəndəlik üzrə, Şuşa Musiqi Kollecində fortepiano üzrə təhsil aldım.

– Sizi Musiqi akademiyasına aparan yol bir az uzun olub elə bil…

– Kolleci bitirəndə əsgərlik yaşım çatmışdı deyə, Vətən qarşısında övladlıq borcumu ödədim. 2014-cü ildə əsgəri xidmətimi başa vurandan sonra Bakı Musiqi Akademiyasına daxil oldum və Əməkdar artist, professor Hüseyn Əliyevin sinfində təhsil aldım. Mən klassik vokal üzrə ilk dərsimi Hüseyn müəllimdən almışam. Hətta kollecdə oxuyanda belə iki il akademiyada hazırlıq kursunda Hüseyn müəllim mənimlə məşğul olub.

– Yaradıcılıq bioqrafiyanıza baxanda gördüm ki, bizim opera teatrına gəlməzdən öncə yolunuz Böyük Teatrdan keçib…

– Akademiyadan sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında üç il çalışdım, tamaşalarda baş rolları ifa etdim. Rusiya Böyük Teatrın Gənclər opera proqramının bədii rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi Dmitri Vdovin gənc vokalçıları dinləmək məqsədilə Bakıya gəlmişdi. O qədər də böyük gözləntim olmasa da, dinləmələrə qatıldım. Təkcə mənim seçilib ikinci tur üçün Moskvaya çağrılacağımı heç gözləmirdim. Amma ikinci, üçüncü turdan keçib təxminən bir il Böyük Teatrın Gənclər proqramında staj keçdim.

– Səhv etmirəmsə, bu proqramda iştirak edən ilk azərbaycanlısınız…

– Bəli. 2020-ci ildə pandemiya başlayanda da fikirləşdim ki, təkbaşına Moskvada qapanıb qalmağın mənası yoxdur. Odur ki, vətənə qayıtdım. Sonrasını da bilirsiniz…

– Mən bilirəm, amma oxucularımız bilmir…

– Müharibə başlayanda qərar verdim ki, Qarabağ uğrunda savaşdan kənarda qala bilmərəm. Böyük Teatr da, sənətim də, səsim də gözümdə deyildi, könüllü olaraq orduya yazıldım. Şükürlər olsun ki, 44 gün savaşın içində oldum, sağ-salamat, qalib geri döndüm. Növbəti Gənclər günündə möhtərəm Prezidentimizin mükafatına layiq görüldüm.

– Müharibədən sonra da üz tutdunuz İtaliyaya…

– Əslində, Ankara Opera Teatrına dəvət almışdım. Amma o vaxt bizim direktorumuz Yusif Eyvazovla heç bir şəxsi tanışlığımız olmasa da, o mənimlə maraqlandı və məsləhət gördü ki, Neapolda Opera teatrında açılan gənclər truppasına müraciət edim. Etiraf etdim ki, mənim Neapola getmək üçün maddi imkanım yoxdur. Yusif müəllim dedi ki, mən sənə dəstək olacağam. İnanırsınız, Yusif müəllim mənim təkcə yol, hoteldə qalmaq xərcimi çəkmədi, cibxərcliyinədək verdi. Neapola getdim, oxudum, məni bəyənib truppaya dəvət etdilər. Sadəcə, pandemiya səbəbindən çalışma vizası ala bilmədiyim üçün Bakıda qalıb bizim Opera və Balet Teatrımızda işləməyə başladım. Artıq üç ildir ki, teatrda çalışıram və neçə tamaşada əsas partiyaları ifa etmişəm.

– Bildiyim qədər, sizin bir arzunuzun da gerçəkləşməsi faktı yaradıcılıq bioqrafiyanıza düşüb…

– Pandemiyadan sonra keçirilən ilk “Formula–1” yarışının açılışında qalib ölkənin qalib əsgəri kimi himnimizi oxudum. Uşaqlıqdan bir arzum var idi ki, çox böyük auditoriyanın qarşısında Azərbaycanın Himnini ifa edim. Formula yarışını da canlı yayımda az qala bütün dünya izləyirdi.

– Gələk Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinə və sizin qələbənizə…

– Əvvəllər də vokal müsabiqələrində iştirak etmişəm. Bülbül adına müsabiqədə qazandığım I mükafat (Atəş Qarayev həm də müsabiqənin “Ən yaxşı tenoru” dliplomuna layiq görülüb – müəl.) mənim hələlik ən önəmli və böyük qələbəmdir. Ötən il Qazaxıstanda keçirilən Bibigül Tulegenova adına müsabiqədə II yeri tutmuşdum. İndi otuz yaşın içindəyəm, yaşım imkan verdikcə (adətən vokal müsabiqələrində son yaş həddi 32, bəzən isə 35 yaş təyin edilir – müəl.) digər vokal yarışmalarında iştirak etməyi düşünürəm. Yarışmağı, daha çox da öz-özümlə yarışmağı sevirəm. İnsan öz-özünə qalib gələndə daha yaxşı insan, daha bacarıqlı  sənətkar olur.

– Atəş, sizin səsinizi bir neçə dəfə dinləmişəm. Şuşada Bülbül müsabiqəsinin finalında Koroğlunun ariyasını orkestrin müşayiəti ilə ifa etməyinizə leysan imkan vermədi, amma deyim ki, akapella çıxış etməyiniz də maraqlı oldu. Sadəcə, bir incə məqam var: Azərbaycan operasevəri tenorun ifasında “Koroğlu” operasından Koroğlunun, “Sevil” operasından Balaşın ariyasını bəyəndisə, o tenorun tamaşaçısı olacaq.

– Fikrət Əmirovun “Sevil” operasında Balaşın partiyasını tamaşada ifa etmişəm. Deyilənə görə, pis olmayıb. Koroğluya gəlincə, yəqin ki, gözləmək lazım olacaq. “Koroğlu” operası elə monumental tamaşadır ki, onu yalnız öz səhnəmizdə oynaya bilərik. Yəqin ki, bu da bina təmirdən çıxandan sonraya qalacaq. Hələliksə, bu mövsümdə C.Verdinin “Traviata” operasında Alfred partiyasındakı debütümün həyəcanını yaşadım.

***

Bu gün dünya, xüsusən də Avropa səhnələrində Azərbaycan vokal məktəbinin yetirmələrinin səsi tez-tez eşidilir. İnanmaq istərdik ki, yaxın illərdə Atəş Qarayevin də səsi həmin səslərin arasında eşidiləcək. Onun gələcək uğurlarını nə qədər arzulasaq da, bir istəyimiz var: təki biz də Atəşin səsinə həsrət qalmayaq.

 

Gülcahan Mirməmməd

Mədəniyyət.- 2024.- 21 iyun,¹45.- S.5.