“Pianissimo” – pianoçuların dueti

 

Beynəlxalq müsabiqələr laureatı, pianoçu Fəqan Həsənli və bəstəkar, pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Kazımovanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində “Pianissimo” adlı konsert keçirilib.

İyunun 12-də gerçəkləşən duet-konsertdə Y.S.Bax, A.Vivaldi, J.Bize, M.Ravel, Q.Qarayev və digər bəstəkarların solo fortepiano, duet üçün orijinal və işləmə əsərləri səsləndirilib.

Qeyd edək ki, pianoçular dəfələrlə eyni səhnəni bölüşsələr də, ilk dəfə fortepiano dueti kimi konsert proqramı ilə musiqisevərlərin görüşünə gəliblər. Konsertdə səslənən əsərlər tarixi xronoloji ardıcıllıqla deyil, əsərlərin bədii quruluşuna əsasən sıralanıb. İfaçılar həm də aparıcı qismində çıxış edərək əsərlər barədə məlumat veriblər.

Gecənin proqramı klassik musiqidən impressionizm və müasir musiqiyə qədər geniş diapazonu əhatə edib. Proqram A.Vivaldi mövzuları əsasında Amerika pianoçusu Qreq Anderson tərəfindən işlənən “Göz yaşı yağışı” ilə açılıb, sonra Ü.Kazımova fortepiano üçün yazdığı “Miniatürlər”i ifa edib. Bəstəkar yeni bəstəsi olan “Yaşanmayan ana xatirəsi” əsərini, Fəqan Həsənli isə öz işləməsində Fikrət Əmirovun “Mən səni araram” mahnısına improvizasiyanı ilk dəfə təqdim ediblər. Konsert Q.Qarayevin “Yeddi gözəl” baleti əsasında M.Perevertaylonun işləməsi olan “Gözəllər gözəli” və A.Məlikovun “Skerso” əsərinin ifası ilə yekunlaşıb.

Qeyd edək ki, Ülviyyə Kazımova Bakı Musiqi Akademiyasında (BMA) Əməkdar müəllim, professor Səidə Behbudovanın sinfini bitirməklə yanaşı, Arif Məlikov və Ceyhun Allahverdiyevdən bəstəkarlıq dərsləri alıb. “Musiqili anlar”, “Pyeslər”, violin və piano üçün 4 hissəli “Silsilə”nin müəllifidir. Ümumrusiya Musiqi Yaradıcılıq Birliyinin keçirdiyi müsabiqədə “Piano duet” nominasiyasında Qran-pri mükafatına layiq görülüb.

Fəqan Həsənli BMA-nı (professor Tərlan Seyidovun sinfi) bitirib. Azərbaycan, Gürcüstan və Bolqarıstanda beynəlxalq müsabiqələrdə birincilik qazanıb. 2019-cu ildə M.Rostropoviç adına beynəlxalq festival çərçivəsində keçirilən konsertdə dünyaşöhrətli E.Bronfmanla bir səhnəni bölüşüb. 2022-ci ildə Macarıstanın Mendelson Kamera Orkestri ilə həm pianoçu, həm də ilk dəfə olaraq dirijor kimi çıxış edib. Musiqiçinin bu il ilk albomu işıq üzü görüb.

 

L.Azəri

Mədəniyyət.- 2024.- 21 iyun,¹45.- S.3.