“Rast” muğamı üstə
Füzulinin qəzəlləri
Məhəmməd Füzulinin 530 illiyi münasibətilə
iyunun 13-də Beynəlxalq Muğam Mərkəzində
növbəti konsert keçirilib.
Bədii-musiqili gecə Mədəniyyət və
İncəsənət Universitetinin Muğam sənəti
kafedrası tərəfindən hazırlanıb.
Xalq artisti Simarə İmanovanın rəhbərliyi ilə
xanəndələr Gülşən Əliyeva, Vüqar
Əbilov, Günel Kərimova, Şirəli Məmmədov,
Zümrüd Kərimova, Elim Ömərov, Rəna Mehrəliyeva
tərəfindən “Rast” muğamında dahi şairin qəzəlləri
ifa olunub. Əməkdar artist Azad Şükürovun
aparıcılığı ilə gerçəkləşən
konsertdə muğamlarımız bədii qiraətlə
harmoniya təşkil edib.
Xanəndələri Ramin Rzayevin (tar) bədii rəhbərliyi
ilə Əməkdar artist Fəridə Məlikova
(kamança), Aygün Mehmanlı (qanun), Səyyar Teymurov
(nağara), Şaiq Əsədov (balaban) və Elnur Sadıqzadə
(bəm balaban) müşayiət ediblər.
Füzuli qəzəllərinin “Rast” muğamı
üçün tərtibatını qəzəlxan-şair Səlim
Nəsirli hazırlayıb.
Lalə
Mədəniyyət.- 2024.- 21 iyun,¹45.- S.3.