Avropa milli kitabxanalarının illik
toplantısı keçirilib
Xəbər verdiyimiz kimi, 17-18 iyun tarixlərində
Polşanın paytaxtı Varşavada Avropa Milli Kitabxanalar
Konfransının (CENL) 38-ci illik iclası keçirilib. CENL
Avropanın 46 ölkəsindən milli kitabxanaların üzv
olduğu bir təşkilatdır.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim
Tahirov iclasda iştirak edib.
İclasın açılış mərasimində
CENL-in sədri Frank Şoltse, Polşa Milli Kitabxanasının
baş direktoru Tomas Makovski çıxış ediblər.
CENL-in 2023-cü ildə Parisdə keçirilmiş
37-ci illik iclasının protokolu və illik hesabatı
müzakirə edilib.
Sonra Finlandiya Təhsil və Mədəniyyət
Nazirliyinin nümayəndəsi Minna Karvonen “Rəqəmsal mədəni
irs zamanları, ideyaları və insanları birləşdirir”
mövzusunda təqdimatla çıxış edib.
CENL üzvlərindən Fransa, Almaniya, Serbiya,
İspaniya, Belçika, Lüksemburq, Estoniya Milli kitabxanalarının
rəhbərləri CENL-ə üzv kitabxanalarda elektron qanuni
depozitin statusu haqqında təqdimat ediblər. Həmçinin
qanunvericilik, tələblər, təcrübələr
haqqında danışılıb, müzakirələr
aparılıb.
İclasın ikinci günü Polşa Milli
Kitabxanasının baş direktoru Tomas Makovski “Milli Kitabxanalar
ümummilli şəbəkə koordinatorları kimi”
mövzusunda təqdimat edib.
Moldova Milli Kitabxanasının baş direktoru Elena
Pintilei “Sosial dayanıqlığın yaradılması
üçün daha güclü, peşəkar şəbəkə
və sülh”, Fransa Milli Kitabxanasının Beynəlxalq əlaqələr
şöbəsinin rəhbəri Ofeli Ramonatkso “Robotik
mühafizə saytları”, Macarıstanın Seçeni Milli
Kitabxanasının baş direktoru David Rozsa “Seçeni Milli
Kitabxanasının və Lüksemburq Milli Kitabxanasının
veb arxiv infrastrukturunun təkmilləşdirilməsi”
mövzularında çıxış ediblər. Britaniya
Milli Kitabxanasının baş direktoru Roli Kitinq “Kiberhücumdan
dərslər” mövzusunda təqdimatla çıxış
edib.
Kitabxanalarda süni intellekt, bərabərlik, müxtəliflik
və inklüziv şəbəkə qrupu haqqında
müzakirələr olub.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim
Tahirov çıxış edərək Polşa Milli
Kitabxanasının baş direktoru Tomas Makovskiyə tədbirin
yüksək səviyyədə təşkilinə görə
təşəkkür edib. Direktor “Salam, Azərbaycan”, “Azərbaycan
Milli Kitabxanası”, “Azərbaycan xalçaları dünya
kolleksiyalarında” kitablarını, həmçinin Azərbaycan
xəritəsini Polşa Milli Kitabxanasının fonduna təqdim
edib. O, eyni zamanda Polşa Milli Kitabxanasını oktyabr
ayında keçiriləcək X Bakı Beynəlxalq Kitab Sərgisində
ekspozisiya ilə iştiraka dəvət edib.
Polşa Milli Kitabxanasının ev sahibliyi etdiyi
iclasın sonunda xatirə şəkli çəkilib. Növbəti
il CENL-in iclasına Şotlandiya Milli Kitabxanası ev sahibliyi edəcək.
Mədəniyyət.- 2024.- 21 iyun,¹45.- S.3.