“Min bir gecə” –
Çelyabinsk səhnəsində iki gecə
Fikrət Əmirovun ölməz əsəri bu dəfə
Azərbaycan balet ustalarının ifasında
alqışlanıb
Rusiyanın Çelyabinsk şəhərində
dünyaca məşhur balerina, SSRİ Xalq artisti Yekaterina
Maksimovanın şərəfinə keçirilən XV balet
festivalı başa çatıb. İyunun 7-dən 17-dək
davam edən festivalda Azərbaycan və Başqırdıstan
balet ustaları festivalın qonaqları qismində çıxış
ediblər.
Nüfuzlu festivala ilk dəfə qatılan Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrı iki gün – 14-15
iyunda Çelyabinsk Opera və Balet Teatrının səhnəsində
Fikrət Əmirovun “Min bir gecə” baletini təqdim edib.
Rusiya mətbuatı bu tədbiri, o cümlədən
Azərbaycan bəstəkarının əsərinin
nümayişini diqqətdə saxlasa da, Çelyabinskin 1obl.ru
portalı həm festivalın gedişini, həm də “Min bir gecə” baletinin
nümayişini daha geniş işıqlandırıb.
“Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının tamaşasına yüzlərlə
tamaşaçı yığışmışdı. Bəstəkar
Fikrət Əmirov ərəb musiqisinin ritminin bütün zənginliyini
öz musiqisində çatdırmağa nail olduğundan
tamaşaçılar ksilofon, vibrafon, litavr, təbil və digər
zərb alətlərinin səslərini eşidə bildilər.
Orkestrin heyətinə ənənəvi Azərbaycan simli aləti
olan tar da daxil edilib. Bütün bu alətlər ənənəvi
orkestr alətləri ilə
birlikdə füsunkar Şərq təranələri
yaradırdı. Bu baletin yaşı 40-dan çox olsa da, Azərbaycan
teatrı onu ilk dəfə Çelyabinsk səhnəsində
oynayırdı” – saytdakı yazıda oxuyuruq.
Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub
Quliyevin idarəsilə Çelyabinsk teatrının orkestri
müşayiət edib. Əsas partiyaları teatrın
aparıcı solistləri Fatimə Xələfova, Ayan Eyvazova
və İlya Mananenkov ifa ediblər.
1obl.ru portalı bizim tamaşa haqqında həm
sıravi tamaşaçıların, həm də peşəkar
musiqiçilərin ürəkaçan fikirlərinə,
tamaşadan fotolara da yer verib.
İyunun 17-də isə “Yekaterina Maksimovanın şərəfinə”
festivalı möhtəşəm qala-konsertlə
yekunlaşıb.
Azərbaycanın balet artistləri də qala-konsertdə
iki nömrə ilə çıxış ediblər. Fatimə
Xələfova və İlya Mananenkov “Min bir gecə” baletindən
Şah Şəhriyarla Şəhrizadın adajiosunu ifa ediblər.
Daha sonra Ayan Eyvazova və İlya Mananenkov A.Məlikovun “Məhəbbət
əfsanəsi” baletindən Məhminə banu ilə Fərhadın
duetini təqdim ediblər.
Bizim balet artistlərinin çıxışları,
iki Azərbaycan bəstəkarının möhtəşəm
baleti ilə yanaşı, festivalın
bağlanışında daha bir bəstəkarımızın
əsəri səslənib. Konsertdə ən güclü
alqışı Çelyabinsk teatrının solistləri
Liri Vakabayasi və Kubanıç Şamakeyevin ifasında
Nazim Əliverdibəyovun “Muğam” miniatürü qazanıb.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2024.- 21 iyun,¹45.- S.1;2.