Ölkəmiz Asiya Mədəni
İrs Alyansının Baş Assambleyasında təmsil olunub
19-20 iyun tarixlərində Çin Xalq
Respublikasının (ÇXR) Çindao şəhərində
Asiya Mədəni İrs Alyansının (ACHA) 2-ci Baş
Assambleyası keçirilib.
Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla
əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı
və mədəni irs sahəsində tanınmış
ekspert Rizvan Bayramov tədbirdə iştirak ediblər.
Xatırladaq ki, ÇXR Prezidenti Si Cin Pinin təşəbbüsü
ilə yaradılmış alyansın ötən il
keçirilmiş ilk Baş Assambleyasında ölkəmiz bu
beynəlxalq təşkilatın üzvlüyünə qəbul
edilib.
Mədəniyyət Nazirliyinin ilk dəfə
iştirak etdiyi 2-ci Baş Assambleya
iştirakçıları əvvəlcə “Çinin ənənəvi
incəsənətində Pekin cərəyanı” adlı sərgi
ilə tanış olublar.
Tədbirdə Şandon vilayəti qubernatorunun
müavini Denq Yunfeng, Çindao şəhərinin meri Jao
Haoji, ACHA şurasının sədri, Çinin mədəniyyət
və turizm nazirinin müavini və Mədəni İrs
üzrə Çin Milli Assosiasiyasının sədri Li
Çun, Tayland-Çin Əməkdaşlıq
Şurasının sədri, Tayland Baş nazirinin
keçmiş müavini Finij Yarusombat, Hondurasın mədəniyyət
naziri xanım Qloria Annarella Velez Osejo, Mədəni İrsin
Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin
(ICCROM) direktoru xanım Aruna Françeska Maria Gujral və digər
rəsmilər açılış nitqi ilə
çıxış ediblər.
İclasda gündəlikdə duran məsələlər,
o cümlədən ötən dövr ərzində
görülən işlərin hesabatı, 2024–2025-ci illər
üzrə fəaliyyət planları və s. məsələlərə
dair məruzələr dinlənilib. Assambleya çərçivəsində
həmçinin alyansın Elmi şurasına seçkilər
keçirilib. Ölkəmizdən ekspert Rizvan Bayramov şuraya
üzv seçilib.
Assambleya çərçivəsində ölkələrin
təqdim etdiyi layihələrin müzakirəsi də
aparılıb. Müzakirələr zamanı Mədəniyyət
Nazirliyinin təqdim etdiyi layihə təşkilat tərəfindən
dəstəklənib.
Tədbirin sonunda “Çindao tövsiyələri”
adlı yekun sənəd qəbul edilib.
İyunun 20-də ACHA-nın təşkilatçılığı
ilə “Müstəmləkəçilik kontekstində
çıxarılan mədəni obyektlərin mühafizəsi
və qaytarılması” üzrə beynəlxalq konfrans öz
işinə başlayıb. Çin Mədəni İrs
Assosiasiyasının sədr müavini Xie Bing konfransı
giriş sözü ilə açaraq sözü rəsmilərə
verib.
Konfransda Şandon Universitetinin prezidenti Li Sucai,
Şandon vilayətinin vitse-qubernatoru Deng Yunfeng, Çindao
şəhərinin vitse-meri Jao Yanın açılış
nitqləri, Beynəlxalq Muzeylər Şurasının (ICOM)
direktoru Emma Nardinin videomüraciəti dinlənilib.
ACHA Şurasının sədri, Çinin mədəniyyət
və turizm nazirinin müavini və Mədəni İrs
üzrə Çin Milli Assosiasiyasının sədri Li
Çun müstəmləkəçilik prosesində Asiyadan
daşınmış mədəni irslə bağlı
çıxış edib və təşkilatın bu istiqamətdə
hədəflərindən danışıb.
Sonra Norveçin KODE Art muzeyindən Çinə
qaytarılan mərmər fiqurlara dair film izlənilib.
Mövzu üzrə təqdimatlarla Pekin Universitetinin
professoru Li Kinq, Çikaqo Universitetinin professoru Lotar fon
Falkenhausen, Kaliforniya (UCLA) Universitetinin professoru Donald Harper,
Böyük Britaniyanın “The Art Loss Register” təşkilatının
rəhbəri Olivia Vitney və digər tanınmış
ekspertlər çıxış ediblər. Konfransdan sonra
iştirakçılar üçün Çindao şəhərinin
tarixi-mədəni irs obyektləri ilə ətraflı
tanışlıq turu təşkil olunub.
Asiya Mədəni İrs Alyansının (ACHA) 2-ci
Baş Assambleyası iyunun 20-də öz işini başa
vurub.
Mədəniyyət.- 2024.- 21 iyun,¹45.- S.2.